Türkiyə sərhədi açdı, kürd silahlılar İŞİD-lə döyüşə gedir - Nə baş verir?

img

21-10-2014 [19:37]


Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri – peşmərgə - Türkiyə ərazisindən keçməklə Kobani şəhərinə gedəcək. Bu barədə məlumatı ilk dəfə kürdlər yayıb. Daha sonra ABŞ və Türkiyə hökuməti məlumatı təsdiqləyib. Adını açıqlamayan kürd administrasiyası yetkinlisi bildirib ki, Məsud Bərzaninin göstərişinə əsasən 48 saat ərzində peşmərgələr Kobaniyə çatdırılacaq. Ancaq "əl-Cəzirə” kanalının diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Kobaniyə göndərilən silahlılar peşmərgə deyil, daha əvvəl Suriyadan gedərək Ərbildə təlim almış kürd döyüşçülər olacaq. 


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu peşmərgənin Kobaniyə getməsi üçün Ankaranın razılıq verdiyini bildirib. Hələlik peşmərgə Kobaniyə çatmasa da, yaxın saatlarda daxil olacaq. Sentyabrın ortalarından başlayaraq Kobaniyə hücum edən İŞİD qüvvələrinə qarşı Kobanidə döyüşlər davam edir. Bir neçə gün əvvəl koalisiya qüvvələrinin ağır bombardmanlarından sonra nisbətən geri çəkilən İŞİD yenidən fəallaşaraq Kobanidə irəliləyib. Hətta şəhərin mərkəzinə qədər gələn İŞİD yaraqlıları kürdlərə məxsus silah anbarını partladıblar. 


Türkiyə narazıdır, ancaq Vaşinqtonla razılaşır

ABŞ hökumətinin Kobanidəki PYD-YPG qüvvələrinə silah yardımı etməsi Türkiyədə sərt etiraz doğurub. Prezident Rəcəb Tayyib Ərdoğan Amerikanın Kobani üçün bu qədər cəhdlər etməsini qınayıb. Ərdoğan deyib ki, Vaşinqton Suriyanın digər şəhərləri üçün deyil, yalnız Kobani üçün bu cür canfəşanlıq etməsi ədalətsizdir. 


Vaşinqton isə bəyan edib ki, Türkiyə ilə İŞİD-ə qarşı mübarizədə əməkdaşlığı davam etdirəcək. Ancaq eyni zamanda ABŞ hökuməti Suriyadakı kürd təşkilatlarını, o cümlədən YPG-ni terror təşkilatı hesab etmədiklərini, ona görə də bu təşkilata yardım etdiyini bəyan edib. Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib ki, Obama ilə Ərdoğan arasında telefon danışığı zamanı Türkiyə tərəfini peşmərgələrin Kobaniyə keçidi ilə bağlı razılıq əldə olunub. Eyni zamanda o, bildirib ki, dövlət katibi Con Kerri ilə baş nazir Davudoğlu arasında baş tutan telefon danışığında Ankaranı Kobaniyə silah yardımının önəmi ilə bağlı məlumat verib. 

Eyni zamanda Dövlət Departamenti sözçüsü bildirib ki, ABŞ ordusunun Kobaniyə silah yardımı hər hansı bir qrup üçün deyil, şəhərin müdafiəsi üçün nəzərdə tutulub. PYD-nin PKK-nın bir qolu olması ilə bağlı suala cavab olaraq ABŞ DD sözçüsü deyib ki, iki qurum arasında bağların olduğunu bildiklərini, ancaq PYD-nin terror təşkilatı siyahısında yer almadığını əlavə edib. M.Harf bildirib ki, hazırda Ankara ilə Vaşinqton arşında İŞİD-ə qarşı mübarizənin müxtəlif variantları ilə bağlı müzakirələr aparılır. 


Sitat: "Türklərlə İŞİD-ə qarşı mübarizədə birlikdə çalışa biləcəyimiz bir çox variantları müzakirə edirik. Ümumi desək bu görüşlərdə biz Kobaniyə 135 dəfədən çox hava hücumu həyata keçirdiyimizi, ancaq döyüş cəbhəsindəki savaşçılara havadan yardımların göndərilməsinin vacib olduğuna inandığımızı açıq şəkildə bildirdik”.

BBC:”Kobaniyə Amerikanın təlim verdiyi kürdlər gedir”

Bu arada BBC xəbər yayıb ki, İraqın Süleymaniyə şəhərində olan kürd xüsusi təyinatlı briqadası Kobaniyə göndərilir. Bildirilir ki, İraqda amerikalı təlimatçıların hazırladığı kürd döyüşçülər Türkiyə ərazisindən keçməklə Kobaniyə göndərilir. 

Bu arada İraq kürd muxtariyyətində səfərdə olan Suriya kürdlərinin lideri, PYD sədri Saleh Müslim Ərbildə Məsud Bərzani ilə yanaşı məclis başqanı ilə görüşlər keçirib. Qeyd edək ki, bir neçə gün əvvəl kürd məclisi bəyanat verərək Suriyada 3 kantonda (əyalət) qurulan kürd muxtariyyətini tanıdığını bəyan edib. Bununla da ilk dəfə olaraq Suriya kürd muxtariyyəti özünü təsdiqlədib. 

Kənan Rövşənoğlu,
Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR