İlham Əliyev Gəncə ilə bağlı iki sərəncam imzaladı - SƏRƏNCAMLAR

img

21-10-2014 [19:04]


Bu gün Prezident İlham Əliyev Gəncə şəhəri ilə bağli iki yeni sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, ilk sərəncam Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlərdən bəhs edir. 

Sərəncama əsasən:

1. Otuz beş min nəfər əhalinin yaşadığı Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələrini Gəncə şəhəri ilə birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,0 (beş) milyon manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 ***

Dövlət başçısının digər sərəncamı isə Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqındadır. Sərəncama əsasən Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR