Qarabağ veteranı AXCP-dən getdi - Daha bir istefa

img

21-10-2014 [17:19]


AXCP üzvü, Qarabağ veteranı İslam Mahmudov təmsil olunduğu partiyadan istefa verib. O, sosial şəbəkədə yaydığı bəyanatda istefasının səbəblərinə toxunub. Bəyanatda deyilir: 
 
"1989-cu ildən AXC-nin üzvü olmuşam. Mən bu təşkilatın sıralarına torpaqlarımızın qorunması və ölkəmizin müstəqillik qazanması üçün qoşulmuşdum. Qarabağ müharibəsinin könüllü iştirakçısı olmuşam. Qubadlının erməni təcavüzündən qorunmasında, Laçın rayonun Ermənistanın işğalından azad olunması uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişəm. 

Bu gün AXCP-nin rəhbərliyinə daxil olan bir çox şəxslərin cəmiyyətin müxtəlif təbəqələrinə qarşı uğursuz savaş açdıqlarını müşahidə edirəm. AXCP sədri bütün bu yersiz kampaniyalara göz yumursa, o zaman cəmiyyətdə şübhə yaranır ki, kampaniyanın başında şəxsən özü dayanır. Sanki bu partiya məğlubiyyətinin qısasını xalqdan almaq iddiasındadı. Azərbaycanda şərəfli siyasi keçmişi olan bir partiyanın bu cür çirkin kampaniyada yer almasına etiraz olaraq AXCP sıralarından çıxdığımı bəyan edirəm. 

Onu da əlavə etməyi borc bilirəm ki, kimsə mənim AXCP üzvü olmamağım barədə cəfəng iddiaya düşməyə cəhd etməsin. Bunun şahidi olan bütöv bir rayon şöbəsi var. Sonuncu prezident seçkisi zamanı bu partiyanı məntəqə seçki komissiyasında təmsil etmişəm. 
Bu addımımla bağlı tənqidləri sayğı ilə qarşılayacam. Amma onu da deyim ki, hər hansı təhqir olacaqsa, bunu edənlər beş qatını öz payına hər biri alacaq". 

İslam Mahmudov istefasının səbəbləri barədə musavat.com-a açıqlama verib: "İstefa qərarımda qətiyyətliyəm. Çoxdan partiya daxilində baş verən prosesləri müşahidə edirdim. Bu gün qərara gəldim ki, artıq orada yerim yoxdur. Başqa partiyaya keçmək fikrim yoxdur. Hazırda AXCP-də cılız bir kampaniya gedir. Kim çıxırsa, satqın damğası vurulur, söyülür. Bəs o zaman başqa partiyadan istefa verənləri niyə qəbul edirsiniz? Konkret bax bu cılız təfəkkürə, söyüşlərə görə istefa verdim. O cür təşkilatı indi kimlərin idarə etməsi çox acınacaqlıdır. Qərarıma görə məni tənqid edənlərə hörmətlə yanaşacam. Təhqir edənlərin isə, birmənalı cavabını verəcəm”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR