“Qızılbaş” Tərtərdə uşaq hüquqlarını təbliğ edib

img

21-10-2014 [12:08]


"Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "Məcburi köçkün uşaqlar: onların hüquqları” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Tərtər rayonunun Şıxarx kəndində baş tutub.

Şıxarx kənd 1 saylı tam orta məktəbin direktoru Atlas Rüstəmova son illər ölkəmizdə məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. A.Rüstəmova deyib ki, Azərbaycanda bütün aztəminatlı ailələr, o cümlədən məcburi köçkünlər dövlətin himayəsindədir: "Biz doğma yurd-yuvamızdan uzaq düşsək də, övladlarımızın təhsil almaq hüququ ən yüksək səviyyədə təmin olunub”.

Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə tədbir iştirakçılarını uşaq hüquqlarına dair yerli və beynəlxalq qanunvericiliklə tanış edib. Bildirib ki, 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş Uşaq Hüquqları Konvensiyası hökumət və əlaqədar qurumların uşaq hüquqlarının qorunması sahəsində görəcəyi işləri müəyyən edib: "Konvensiya Somali və ABŞ-dan başqa, dünyanın bütün hökumətləri tərfindən ratifikasiya olunmuşdur. Ratifikasiyaya əsasən, hökumətlər öhdəlik götürürlər ki, uşaqlar təhlükəsiz və təminatlı şəraitdə böyüyə və inkişaf edə, yüksək keyfiyyətli təhsil və səhiyyə xidməti ala və yaxşı həyat şəraitində yaşaya bilərlər”.

S.Verdizadə deyib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində yüzminlərlə azərbaycanlı uşağın hüquqları pozulub: "Əslində, biz sizinlə ata-baba yurdunuzda, Şuşada, Laçında, Kəlbəcərdə, o cümlədən, hazırda işğal altında olan digər rayonlarda görüşməliydik. Amma Ermənistan özünün işğalçılıq siyasətini davam etdirdiyi üçün bu görüşlər Azərbaycanın digər bölgələrində baş tutur. Ermənistan BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulsa da, azərbaycanlı uşaqların hüquqlarını pozmaqdan çəkinmir. Təəssüf ki, başda BMT olmaqla bütün beynəlxalq təşkilatlar bu ədalətsizliyə göz yumur”.

Sonra tədbir iştirakçılarından Sevil Talıbova, Sahibə Əliyeva, Qulu Quliyev, Sevda Rəhimova və başqaları çıxış edərək, mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR