Yüksək çinli məmurların adı cinayət işində - Qərib Məmmədova qızıl verilib, Etibar Pirverdiyev isə....

img

11-10-2014 [12:20]


"Milyonluq qalmaqal”la bağlı redaksiyamıza yeni təfərrüatlar daxil olub. Söhbət Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən qalmaqaldan gedir. Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib.
Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda bu iş məhkəmə istintaqı mərhələsindədir. Bu hadisənin başqa bir iştirakçısı da var: Elman Məmmədov. Həsən Əliyevdən fərqli olaraq Elman Məmmədov həbs olunub.

Həsən Əliyev isə ittihamları qəbul etmir. O, bildirir ki, sadəcə Nərimanov Rayon Polis Idarəsi (RPI) 16-cı polis bölməsinin rəisi Hikmət Usubovla rayonun keçmiş prokuroru Fikrət Mahmudovun qurduğu tələyə düşüb. Yeri gəlmişkən, Fikrət Mahmudov məhz bu məsələyə görə tutduğu vəzifədən azad edilib.

"Gülər Əhmədova olayı”nı xatırladan bu hadisə barədə ilk dəfə "Azadlıq” qəzeti yazıb. Həmin vaxt bu olaya görə həbs edilən Elman Məmmədovun vəkili Adəm Məmmədov da bəzi təfərrüatları qəzetimizə açıqlayıb. Məhz Adəm Məmmədovun açıqlamalarından sonra Həsən Əliyevin hakimliyinə xitam verilib və barəsində cinayət işi başlanıb.

370 manatlıq ətir vuran məmur 

Ramazan Səlimovun sözlərinə görə, 1 həftədən sonra Həsən Əliyev ona zəng vuraraq onu "Azəriqaz”ın sədr müavini Zahid Səfərovun qəbuluna göndərib: "Dedi ki, ”Azərsu" məsələsi uzanır, bu isə bizə sərf etmir, gəl səni qaz sisteminə işə düzəldək, "Azəriqaz”ın sədr müavini Zahid Səfərov səni qəbul edəcək. Həsən ona hədiyyə almağı tapşırdı. 2012-ci ilin fevral ayının 23-də Hökumət Evi ilə üzbəüzdə yerləşən "Ideal” mağazasından 370 manata kişi ətirlərinin dəstini aldım və qablaşdırıb "Azərqaz”a getdim. Zahid müəllim artıq məni gözləyirdi, hədiyyəmi ona verdim və oturub söhbət etdik. Ona məni Həsən müəllimin göndərdiyini dedim, Zahid Həsəni tanıyırdı. Zahid mənə dedi ki, onlarda rüşvət yoxdur, paket sistemi tətbiq olunur, bir ay plan dolmasa dərhal işdən çıxarılacaqsan. Yenə də sənədlərimi təqdim etməyimi istədi, onun yanından çıxıb "Azərsu” ASC-yə gəldim və Teyyub müəllimin yanına girdim. Ondan soruşdum ki, mənim işim necə oldu? O, məsələnin uzandığını deyəndə sənədlərimi geri istədim və həmin sənədləri də gətirib Zahid müəllimə təqdim etdim. Zahid müəllim dedi ki, 2 həftəyə əlaqə saxlayacaq.  2012-ci ilin səhv etmirəmsə mart ayında Həsən mənə zəng vurub dedi ki, Zahid səni gözləyir, get onun yanına. Zahidi 1 saat gözləyəndən sonra yanına girə bildim, o mənə dedi ki, səni Xətai rayon qaz idarəsinin plan şöbəsinə müdir təyin edirik. Mən imtina etdim, Zahid mənə dedi ki, əvvəldən Həsənə demişdim ki, səni birbaşa rəis qoya bilməyəcəyəm, çünki sən bizim sahədə işləməmisən".

"Azəriqaz”ın sədr müavininin bacısı oğlu niyə "ilişib”?

Daha sonra Zahid Səfərov Ramazan Səlimova Həsən Əliyevlə tanışğının tarixçəsini danışıb: "Dedi ki, onun Vergilər Nazirliyində işləyən bacısı oğlu bir nəfər iş yoldaşı və məhəllədə yaşayan dostu ilə birgə Ismayıllı şəhərində qanunsuz yoxlama keçirmək istəyəndə ilişiblər və onların cinayət işinə Həsən Əliyev baxır. Zahid əlavə etdi ki, bacısı oğlunun işinin qurtarmasına görə Həsən Əliyev cəmi 150.000 manat pul istəyir. Vergilərdə işləməyən üçüncü şəxs pul verə bilmədiyinə görə digər iki nəfərə, o cümlədən Zahidin bacısı oğlunun payına 75.000 manat pul düşür. Həsən Zahidə təklif edib ki, həmin pulun əvəzinə məni işə götürsün. Mən Zahidə minnətdarlıq etdim və onun yanından ayrıldım. Qayda üzrə Həsənə zəng vurub məlumat verdim ki, Zahid məni müdir təyin edə bilmir. Həsən mənə dedi ki, darıxma səni ora hökmən yerləşdirəcəyəm. Ancaq Həsən mənə Zahidin bacısı oğlunun işi barədə heç nə demədi.

2012-ci ilin mart ayının əvvəllərində Novruz bayramı ərəfəsində Respublika Kliniki Xəstəxanasında öz işimlə bağlı olarkən təsadüfən Elmanın sürücüsü Valehi gördüm. Valeh dedi ki, Elman əsəb xəstəliyindən 3-cü mərtəbədə yatır. Mən onun yanına qalxdım və Elmanla görüşdüm. Elmanın qapısının ağzında bir nəfər mülki şəxs dayanıb keşik çəkirdi. Mən onun dərmanlarının alınması üçün həkiminə 40 manat da pul verdim. Elmanın yanından çıxandan sonra, Həsənə zəng vurub onun yanına gəldim. Görüşərkən Elmanın xəstəxanada yatmasını Həsənə dedim, sonuncu mənə dedi ki, Elman kiriminal adamdır, onunla əlaqə saxlama. Həsən mənə dedi ki, sənin işinlə bağlı proses gedir, çox böyük ehtimalla Mingəçevir şəhərinə əvvəl müavin, sonra isə başçı vəzifəsinə təyin olunacaqsan.

18 mart 2012-ci ildə mənim ad günümdə Həsən mənə zəng vurub təbrik etdi. Ankara şəhərində çox güclü adamlarla görüşdüyünü, 10 günə mənim məsələmi həll edəcəyini dedi.

31 mart 2012-ci ildə soyqırımı günü Həsən mənə zəng vurdu və onunla "Neftçilər” xəstəxanasının qarşısında saat 11:30-da görüşdük. Piyada gəzişə-gəzişə Dəniz limanının yanına gəldik. Yolda mənə danışdı ki, oktyabr ayında onun hakimlik müddəti başa çatır, bu yaxınlarda rayonların birinə məhkəmə sədri təyin olunacaq. Mənim icra başçı təyin olunmağımı da danışıbdır, tezliklə həll olunacaq. Gəzə-gəzə onun iş yerinə gəldik, ondan Zahid haqqında soruşanda, Zahidin yaxşı adam olmadığını dedi".

Etibar Pirverdiyevlə görüş, institut direktoruna 600 manatlıq hədiyyə

Ramazan Səlimov ifadəsində yazır ki, 2012-di il aprelin 2-də Həsən Əliyev onu iş yerinə dəvət edib: "Otağında məni Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri Institutunun direktor müavini kimi təqdim etdiyi Qüdrət adlı şəxslə tanış etdi. Həsən dedi ki, Qüdrət səni işə düzəlmə məsələnin həlli üçün nüfuzlu bir adamın yanına aparacaq. Həsənin yanından çıxandan sonra sonuncu ilə səhəri gün saat 11:00-da ”Elmlər Akademiyası" metrostansiyasının qarşısında görüşməyi razılaşdıq və bu zaman Qüdrət mənə dedi ki, Həsən müəllim səndən soruşsa deyərsən ki, Qüdrətlə həmin adamın yanına getsək də, yerində tapa bilmədik. Qüdrət mənə yanına getməli olduğumuz şəxsin adını demədi. 03 aprel 2012-ci il tarixdə "Elmlər Akademiyası” metrostansiyasının qarşısında Qüdrətlə görüşdük, bir taksi tutdum və onunla birlikdə Badamdar qəsəbəsinə gedərək akademik Nizami Süleymanovla görüşdük. Qüdrət mənə dedi ki, Nizami Süleymanov Etibar Pirverdiyevlə yaxın münasibətlərdədir, yüksək əlaqələri var və onun vasitəsilə məni strukturların birinə rəhbər təyin etdirəcəklər.

Nizami Süleymanov 2012-ci ilin aprel ayının səhv etmirəmsə 15-də məni "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevlə görüşə göndərdi. Etibar Pirverdiyevlə "Avrovizion”nun keçiriləcəyi binanın tikildiyi meydanda, ayaqüstə görüşmüşəm və görüşümüz 5-7 dəqiqə çəkib. Etibar Pirverdiyev dedi ki, ona Sumqayıtdakı texnoparka işçi lazımdır və əlavə etdi ki, fikrin olsa "Kristal hall” tikilib başa çatandan sonra yanıma gələrsən, oturub söhbət edərik.

....2012-ci ilin aprel ayının əvvəllərində isə Həsən məni Neft-Kimya Prosesləri Institutunun direktoru Vaqif adlı şəxsin yanına göndərdi. Həsənin tapşırığına əsasən Vaqifə 600 manat dəyərində "Samsung Qalaxi” markalı mobil telefon hədiyyə alıb verdim. Vaqif mənə Əhmədlidə zavod direktoru vəzifəsini təklif etdi, mən imtina etdim. Vaqifin vasitəsilə elə həmin ay mən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun qəbuluna getdim. Qərib Məmmədova Həsən Əliyevin tapşırığı ilə 1700 manata Mərkəzi Univermaqdan qızıl fiqur alıb hədiyyə aparıb verdim. Qərib Məmmədov mənə dedi ki, elə günü bu gün mənim əmrimi Quba rayon şöbəsinə müdir verə bilər. Mən imtina edib, Bakı şəhərində su və ya qaz idarələrinin birinə müdir təyin olunmağıma köməklik etməyi xahiş etdim. Qərib Məmmədov mənə dedi ki, hər adama zəng edə bilər, ancaq işin düzəlib-düzəlməyəcəyinə söz verə bilməz. Mən minnətdarlıq edib onun yanından çıxdım"(azadliq.info)


Digər xəbərlər
SON XƏBƏRLƏR