Başçının 1-ci müavini nahara dəvət etdi, polis rəisi hədələdi - Hacıqabulda olay (FOTOLAR)

img

03-10-2014 [17:03]


Bizim nəslin taleyinə müharibə, ölüm, qan-qada, qaçqınlıq acılarını görmək nəsib oldu. Baş verənləri dərk edəndən daim müharibə və şəhid sözlərini yanaşı eşitdim. Şəhidliyin necə müqəddəs və əlçatmaz olduğu daim bizə aşılandı və bu...

Müharibə mənim böyüyüb, boya-başa çatdığım bölgədən də yan keçməmişdi. Torpaqlarımızı düşməndən qorumaq üçün bizim yurdun da kişiləri qızğın döyüşlərə atılmışdı. Biz onlar haqda fəxrlə danışardıq. Şəhid həmşərilərim barəsində isə hətta əfsanələr qoşulurdu, onların döyüşdə göstərdikləri qəhrəmanlıqlar bizi də qürurlandırırdı. Şəhidin evi və məzarı isə qürur mənbəyi və ziyarətgaha çevrilirdi. Əslində, bu gün də belədir. Cəbhədə baş verən gərginliklər zamanı da, bu, sübut olundu. Məlum oldu ki, xalqımız döyüş ruhunu hələ də itirməyib. Şəhidlərin məzarı hələ də ziyarətgah, qibləgahdır. Lakin...

Azərbaycan Ordusunun bir neçə gün əvvəl cəbhədə şəhid olan zabiti Allahverdi Əbülfəz oğlu Baxışlının yas mərasimində iştirak etmək üçün Hacıqabul rayonuna ezam edildik. Baş redaktorumuz İradə Nurəddinqızı da bu səfərdə reportyorlarla birgə olmağa üstünlük verdi və bizə qoşuldu.

Palçıqlı, gölməçəli, dağılmış yollarla birtəhər şəhid zabitin evini tapdıq. Yasda iştirak edib, yurdda qalan ailə üzvlərinin məişət şəraiti, maddi durumları ilə maraqlandıq, şikayətlərini dinlədik. "Görünən dağa nə bələdçi” – deyərlər...

Biz də gördük, inanmaq istəmədik, təəssüfləndik və problemlərin aradan qalxacağına ümid etdik. Lakin qarşılaşdıqlarımızı bir media təmsilçisi kimi bölüşmək niyyətindən də vaz keçmədik.

Allahverdi Baxışlının yasında bizə məlumat verdilər ki, dünyadan köçən zabitimizin atası da 1-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib və qəhrəmanlıqla şəhid olub. Atasız böyüyən Allahverdi hərbçi olaraq, düşməndən qisas almaq arzusu ilə yaşayıb. Bu arzu onu cəbhəyə, səngərə gətirib çıxarıb. Arxada isə yarımçıq, yaşamaq üçün şəraitsiz, maddi çətinlikləri olan ev-ocaq qoyub...

Təəəssüf ki, hələ də ocağından 2 şəhid verən ailə həmin evdə yaşayır.

"Yollarımız palçıq olsa da, ürəyimiz təmizdir”

Yas mərasimindən çıxıb, rayon ərazisində şəhidlərlə bağlı reportaj hazırlayacağımız haqda İcra Hakimiyyətini məlumatlandırmaq üçün bu quruma üz tutduq. Bizi Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov qəbul etdi.

İlk sözlərindən biri də belə oldu: "Yollarımız palçıqlı olsa da, ürəyimiz təmizdir”. Səmimi ampulada keçən söhbət əsnasında yaxın bir həftə içərisində şəhidin sosial məsələsinin köklü həll olunacağını dedi. 

Rayondaxili yolların da mövcud vəziyyəti aradan qaldırılacaq. Daha sonra "Xiyabansız şəhidlər” adlı layihə üçün Şəhidlər Xiyabanından kənar, adi məzarlıqlarda dəfn olunan şəhidlərlə bağlı reportaj hazırlayacağımızı onun diqqətinə çatdırdıq. Həmçinin, şəhid Səxavət Rüstəmovun ailəsini ziyarət etmək istədiyimizi bildirdik. İcra nümayəndəsi isə şəhidin qardaşına zəng edərək, onu xəbərdar etdi. Başçının müavini bizi israrla nahara dəvət etsə də, işlərimizin çox, yolumuzun isə uzaq olduğunu səbəb gətirərək təkliflərini qəbul etmədik.

"Rayon İcra Hakimiyyətinin 2 nümayəndəsi avtomobillə qarşımızı kəsdi"

Hərşey buradan başladı. Səxavət Rüstəmovun qardaşı ilə yenicə görüşmüşdük ki, Sahib Aslanov bizə zəng etdi və "siz mütləq bizim nümayəndəmizin müşayiətilə gəzməlisiniz. Sizin başınıza iş gələ bilər, böyürdən biri çıxıb sizə bir şey edər” - deyə qəribə təklif irəli sürdü. Az sonra isə Rayon İcra Hakimiyyətinin 2 nümayəndəsi avtomobillə qarşımızı kəsdi. Onlara da bələdçiyə ehtiyac olmadığını deyərək, bu təklifdən imtina etdik. Lakin bu avtomobillər bizdən "imtina” etmədi. Yol boyu bizi izləməyə başladılar. Yolda mülki geyimli bir şəxs maşınımızın qarşısını kəsib, özünü Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşı kimi təqdim edərək sənədlərimizi tələb etdi. O dedi ki, bizim rayon ərazisində icazəsiz gəzməyə və şəkil çəkməyə ixtiyarmız yoxdur. Şəhidin evindən reportaj hazırlamaq üçün Müdafiə Nazirliyindən icazə alınmalıdır.

Hər şey buradan başladı...

Daha sonra bizi izləyən icra nümayəndələrinin müşayəti ilə el qəbristanlığında şəhidimizin məzarını ziyarət etməyə getdik. Yerli icra qurumlarının nəzarətçiləri məzarlıqda da bizi gözdən qoymadılar. Qəbristanlıqdan çıxmaq istəyərkən isə qarşımızı Rayon Yol Polis Şöbəsinin əməkdaşları kəsdi. Dərhal saxlandığımız yerə Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları gəldi.  Polis avtomobilimiz barədə saxlanma əmri olduğunu deyərək, hamımızın rayon polis şöbəsinə getməli olduğumuzu söylədi. Nəhayət 5 avtomobilin müşayiəti ilə Polis Şöbəsinə aparıldıq.

Saxlanmanın səbəbləri isə əsassız və ikrah doğururdu. Sən demə, bizim şəhid məzarlarını ziyarət etməyimiz, onların qəbrləri, pis vəziyyətdə olan şəhid evinin şəklini çəkməyimiz qanunsuz sayılırmış. Bir jurnalistin qarşılaşdığı neqativ halları fotoaparatın lentinə köçürməsi cinayətimiş...

Maraqlı ittihamlardan biri isə bizə polis şöbəsində irəli sürüldü - "Bu şəhidlər bizimdir, sizin ixtiyarınız yoxdur onları ziyarət edəsiniz”. 

Elə bu əsassız ittihamlarla biz Hacıqabul Rayon Polis Şöbəsində 4 saata yaxın saxlanıldıq.

"20 il qabaq harda idiniz?”

Və tamaşa başlandı. Biz şöbəyə çatandan bir neçə dəqiqə sonra redaktorumuzu Hacıqabul Rayon Polis Şöbəsinin rəisi Ramazan Kərimov qəbul etdi. Sonra bir-bir İcra Hakimiyyətinin əməkdaşlarının müşayiəti özlərini şəhid ailəsinin üzvləri kimi təqdim edən yaşlı adamlar gəlməyə başladı. Həmin insanların isə  bir missiyası var idi. "Yaxamız”dan tutub "Sizin nə ixtiyarınız var bizim şəhidimizi ziyarət edirsiniz?”, "20 il qabaq hardaydınız?” sualları ilə bizi ittiham etməyə çalışırdılar. Bir anlıq özümü əsirlikdəki kimi hiss etməyə başladım. Əslində isə bu bəsit bir ssenari idi ki, özünü doğrultmadı. Bizim izahlarımız isə təbii ki, heç bir nəticə vermədi. Az sonra isə sifarişlə şöbəyə göndərilən şəxs Rayon İcra Hakimiyyətinin ssenarisini fiaskoya uğratdı. Şəhid ailəsinin üzvü kimi Polis Şöbəsinin rəisinin iş otağına daxil olan şəxs, rəisin, "niyə gəlmisən, şikayətin nədir?” sualına, "məni İcra Hakimiyyətindən çağırdılar, gəldim. Bilmirəm niyə çağırıblar, heç bir şikayətim yoxdur” dedi. Rəisin "Rayonla bağlı bir şikayətin varmı?” sualına isə, "Hər şey göz qabağındadır, mən burada heç nə deyə bilmərəm” cavabını verdi.

Şəhidin evini çəkmək olmaz

Bir nüansı da qeyd etmək yerinə düşərdi. İcra Hakimiyyətinin bizimlə səmimi söhbət edən, hətta nahara dəvət etdiyi müavini Sahib Aslanov Polis Şöbəsinə bizdən əvvəl çatmışdı. Bir anlıq yadıma "Yeddi oğul istərəm” filmindəki "Kələntər əmi, məni qabaqlamısan” süjeti düşdü. Əlbəttə tələblərinə uyğun olaraq, rayon ərazisində çəkilən şəkillərlə onları tanış etdim. Rəis yenə özünəməxsus şəkildə sual verdi: "Niyə şəhid ailəsinin evini belə çox rakusdan çəkmisiniz?”.

"Bu meyiti tanıyırsınız?”

Rayon Polis Şöbəsinin rəisi Ramazan Kərimov özünəməxsus şəkildə bizi hədələməyi də unutmadı: "Əgər bizim haqqımızda pis nəsə yazsanız, bu məsələ elə bu otaqda həll ediləcək” deyərək, rayonla bağlı neqati heç nə yazmamağı bizə tapşırdı. Daha sonra uzunsaqqallı, keçəl bir kişi meyitinin şəkilini göstərərək, bunu tanıyıb-tanımadığımızı öyrənmək istədi. Bu da onun son unikal hərəkəti idi. Rayonun çıxışında da Yol Polisi tərəfindən saxlanıldıq, sənədlərimiz yoxlanıldı və nəhayət Hacıqabuldan çıxa bildik.

Vüsal Qarayev

Simsar.az

 

 



Digər xəbərlər
SON XƏBƏRLƏR