Goranboyda qətliam törədən şəxsin evi polis mühasirəsinə alındı

img

01-10-2014 [13:43]


Bu gün Goranboy rayonunun Səfikürd kəndində həyat yoldaşını və onun 6 ailə üzvünü qətlə yetirən ailənin kürəkəni Rafiq Hüseynovun öz valideynlərinin evi polis nəzarətinə götürülüb.


Bu barədə virtualaz.org saytına kənd sakinləri bildiriblər.

Sakinlər dedilər ki, qətlə yetirilən Südabə Məmmədova Rafiq Hüseynovun ikinci həyat yoldaşı olub: "Rafiq kənddə "setka” (metal tor-red.) toxuyub satırdı, hamı onu sənətkar kimi tanıyır. Hər iki ailə sakit həyat tərzi sürüb, kənddə heç kimlə işləri, söz-söhbətləri olmayıb. Rafiq ikinci dəfə ailə qurub, Südabə ilə evlənib. Ailə qapalı olduğundan çoxları birinci arvadı ilə boşanmağının səbəbini indiyədək bilmir. Amma deyirlər ki, ailədə münaqişə olub, Rafiq arvadını yerli-yersiz qısqanıb, döyüb. Südabə ilə də dalaşıb, onu dəfələrlə möhkəm döyüb”.

Kənd sakinləri bildirdilər ki, Rafiq evə əvvəlcə əl qumbarası atıb, sonra içəri girərək evdə olanları güllələyib: "O, evə ailəni tamamilə məhv etmək məqsədilə gedib, buna görə də 3 yaşlı körpəni də öldürüb. Səs-küyə gedən qohumları da güllələyib. Südabənin qardaşı və əmisi qızı yaralıdır. Əmisi uşaqları yardıma gediblər. Görünür, axşamdan dava olub, qohumlar evə toplanıb. İndi ailədən yalnız Südabənin qardaşı qalıb, amma onun yaşayıb-yaşamayacağı bəlli deyil. Bütün ailə məhv oldu”.

Kənd sakinləri deyir ki, qətlə yetirilən ailənin başçısı 7 il əvvəl dünyasını dəyişib: "Rafiqin valideynləri sağdır, qardaşı da var. Amma Rafiq onlarla birgə yaşamayıb. İndi kənddə hamı çaşqın vəziyyətdədir, aləm bir-birinə dəyib. Rafiqin valideynləri yaşayan ev polis nəzarətindədir. Hüquq-mühafizə orqanları qarşı tərəfin Hüseynovlardan qisas alacağından ehtiyat edərək həmin evi ciddi nəzarətdə saxlayır. Amma qarşı tərəfdən qisas alacaq kim qalıb ki?!”

Sakinlər onu da deyir ki, qətlə yetirilənləri dəfn etmək üçün kənddə tabut tapılmadığından digər kəndlərdən tabut istənilib: "Kənddə bir-iki tabut var, ona görə də qonşu kəndlərdən gətizdiriləcək. Kənddə məscid olmadığından meyitləri yuyub-kəfənləmək üçün Naftalan şəhərinə aparıblar. Dəfn və digər işləri kənd icra nümayəndəliyinə tapşırıblar, kənd sakinləri də əllərindən gələn yardımı edəcəklər”.

Lent.az saytının əldə etdiyi xəbərdə isə deyilir ki, goranboylu qatil-kürəkənin bir qardaşı da bundan əvvəl intihar edib. O da öz həyat yoldaşı ilə münaqişə zəminində özünü asıbmış.

Digər xəbərlər
SON XƏBƏRLƏR