Hakim vəzifəli şəxsləri hədələdi, prokurorun səsini necə yazmasından danışdı - Şok şantaj oyunu

img

01-10-2014 [12:36]


2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verildi.

Səbəb məhkəmə sistemində indiyə qədər görünməyən hadisə idi – hakim onun vəzifəsinə daxil olmayan "iş”in güdazına getmişdi. Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürüldü və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildi.

Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.

İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Belə ki, Həsən Əliyev R.Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. R.Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət edib. Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.

Onu da qeyd edək ki, iş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib.

Bir daha qeyd edək ki, bunlar istintaq materiallarında yazılanlardır…

Sabiq hakim H.Əliyev isə virtualaz.org saytına açıqlamasında bir ildən artıqdır mətbuatda yazılanlarla bağlı susmasının səbəbini açıqlayıb: "Mənə qarşı aparılan bu kampaniyanın başında bəzi müxalif qəzetlər durur. Bir ildən artıqdır yazırlar, amma əhəmiyyət vermirdim. Çünki onların mövqeyi mənim üçün o qədər də önəmli deyildi. Amma siz ki yazmağa başladınız, məcbur olub sizin redaksiyanıza danışmaq qərarına gəldim. Eynulla Fətullayevin yazıları diqqətlə oxunur. Gördüm artıq mətbuatda yanlış məlumatlar gedir, fikirləşdim ki, əgər danışmayıb susmaqda davam etsəm, əsl həqiqəti heç kim heç vaxt bilməyəcək. Ona görə də belə qərara gəldim ki, hər şeyi olduğu kimi sizə danışım.

İndiyəcən mətbuata danışmamağımın digər səbəbi isə xaraktercə qapalı insan olmağımdır. Belə adamlarla adımın bir yerdə çəkilməsinə də çox utanmışam”.

Əvvəllər prokurorluq orqanlarında, Ordubadda, Naxçıvan şəhər prokurorunun müavini vəzifələrində çalışan, sonradan Nizami Rayon Prokurorluğunda müstəntiq işləyə-işləyə testlərdən keçib, yüksək bal toplayıb birbaşa prezidentin sərəncamı ilə Binəqədi Rayon Məhkəməsinə sədr təyin olunan, dövlətçiliyin qorunmasında xidmətlərinin olduğunu deyən H.Əliyev başına gələnləri belə nəql edir: "Bu gün məni ondan 600 min manat almaqda ittiham edən Ramazan Səlimov adlı şəxsi əslən Ağdamdan olan Elman Məmmədov adlı bir nəfər vasitəsilə tanımışam. Elmanı isə Binəqədidə məhkəmə sədri işləyən vaxtlarda qaçqın təbəqədən olan bir neçə nəfərin işi ilə bağlı yanıma xahişə gələndə tanımışam.

Günlərin birində işdən çıxıb evə gedəndə Elmanla rastlaşdıq. Elman dedi ki, bir nəfər dostum işə düzəlmək istəyir, sənin tanışların var, kömək elə, özü də nə lazımdırsa, hörmətlərini edəcək. Hansı sahədə işləmək istədiyini soruşdum. Dedi ki, işıq, su, yaxud da qaz idarəsinə düzəlmək fikrindədir. Dedim CV gətirib gəlsin, baxarıq.

Ertəsi gün Elman Ramazan adlı şəxslə gəldi, CV-ni verdilər. "Azərsu” ASC-nin mərkəzi ofisi Yasamal rayonu ərazisində olduğuna görə Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovla zəng vurdum, dedim belə bir adam var, baxın görün ona necə kömək edə bilərsiniz.

Bir də qaz idarəsi ilə bağlı söhbətimiz olub. Ramazan özü gəlib mənə demişdi ki, Siyəzən rayonunda qaz idarəsinin rəisinin yeri guya boşdur. Mən də onunla birlikdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun yanına getmişəm. Arif müəllim razılaşmadı, bu işləri yalnız Neft Şirkətinin həll etdiyini dedi.

Yəni Ramazanı cəmisi iki vəzifəli şəxsin yanına aparmışam. Ramazanla cəmisi beş-altı dəfə görüşmüşük, vəssalam.

Cinayət işində Qüdrət Yəhyayevin adı keçir. Qüdrət müəllim Neft-Kimya Prosesləri İnstitutunda işləyir, alim adamdır. Ona da demişəm ki, bu adam işə düzəlmək istəyir. Ramazan mənim otağımda Qüdrət müəllimlə tanış olub. Öz aralarında danışıblar. Sonradan Qüdrət onu kimin yanına aparıb, nə danışıb – bilmirəm.

Ramazanı bir də Tariyel adlı şəxslə tanış eləmişəm. O da Ramazanı bir-iki qaz idarəsinə aparıb. Qüdrət də, Tariyel də bu işdə zərərçəkəndir. Ramazan onların hər ikisinə pul "atıb””.

H.Əliyev bizimlə söhbətində (dediyinə görə, bunları prokurorluğa ifadəsində də bildirib-red.) dedi ki, ortada öz dəsti-xətti ilə yazılmış kağız (iltizam), həmçinin notarial qaydada təsdiqlənmiş borc müqaviləsi olsa da o, həmin pulları Ramazan Səlimovdan ala bilməyib. Yəni Ramazan Səlimov ona borc verəcəyi vədi ilə iki dəfə sənəd imzalatdırsa da sonradan göstərilən məbləği verməkdən imtina edib: "İş adamı İsfəndiyar Axundova (daha çox "Şərurlu İsfəndiyar” adı ilə tanınınr-red.) dost olmuşuq. Ona 200 min manat borcum yaranmışdı. Həmin borc əslində bacım oğlu Rəşad Allahverdiyevin borcu idi. Rəşadın 28 yaşı vardı, gənc yaşında vəfat etdi. "Palma” restoranını özəlləşdirmək üçün ondan pul istənilmişdi. Pulu da yox idi. Məndən kömək istədi. 2011-ci ilin əvvəllərində bu məbləği İsfəndiyar Axundovdan aldım. Və aprel ayında Rəşad qəflətən rəhmətə getdi. Yasını verəndən sonra soraqlaşdıq görək Rəşad o 200 min manat pulu kimə verib. Heç cür öyrənə bilmədik.

O pul borc kimi mənim üstümdə qaldı. İmkanım yox idi, pulu tez bir zamanda qaytara bilməyəcəkdim. İsfəndiyar Axundov üç-dörd ay məndən heç faiz də almadı. Amma sonra mənə verdiyi həmin pulu bankdan götürdüyünü, buna görə banka faiz ödədiyini bildirdi. Bundan sonra 200 min manatın 2 faizini banka özüm ödəməyə başladım. Hər ay 4 min manat ödəyirdim. Bu məbləği hər ay ödəmək mənim üçün çox çətin idi. Amma birtəhər ödəyirdim.

Növbəti dəfə bankdan zəng vurub pulun faizini ödəmək lazım olduğunu dedilər. Həmin vaxt Ramazan yanımda idi. Soruşdu ki, nə məsələdir. Məsələni açıb ona danışdım. Dedi ki, nə üçün faiz verirsən. Dedi, sən mənim işimi həll elə, sənə 200 min verərəm, borcunu bağlayarsan, faiz verməzsən, pulu da nə vaxt olsa qaytararsan.

Ramazan özünü bizə pullu adam kimi təqdim etmişdi. Çox sevindim, hətta ona qəbz də verə biləcəyimi dedim. Bir neçə gündən sonra otağımda Ramazandan 300 min manat borc almağıma dair qəbz yazdım, ora öz imzamı qoydum, pasportumun nömrəsini qeyd elədim. Axşamçağı Ramazanla "Gənclik”də görüşüb qəbzi ona verdim.

Ramazan bu qəbzi məndən alandan sonra pulu tezliklə verəcəyini deyib getdi. Ondan sonra da itdi. Neçə gün dalbadal zəng vurdum, telefonu bağlı idi. Elmana zəng vurub dedim ki, sənin gətirdiyin adam mənim başıma oyun açıb, məni aldadıb, 300 min manatlıq qəbzi götürüb itib, get tap gətir.

İki gündən sonra Elman telefonda mənə Ramazanla "Koala park”da görüşdüyünü dedi. Elmanın deməsinə görə, Ramazan gənc yaşda vəfat edən övladının ruhuna and içib aman eləyib ki, həmin qəbzi cırıb atıb. Amma sonradan həmin qəbz üzə çıxdı.

Üstündən bir-iki ay keçdi, Ramazan yenidən peyda oldu. Mənə zəng vurub üzr istədi, dedi o qəbzi cırıb atmışam, Rusiyada idim, bağışla məni, belə alındı.

Bir sözlə, məni inandırmağa çalışdı. Həmin qəbzi Ramazana 2011-ci ilin dekabr ayında vermişdim. Təxminən 2012-ci ilin noyabr ayında Ramazan zəng vurub dedi ki, pullarım gəlib, sən məndən pul istəmişdin, onu sənə verməyə hazıram, amma qəbzlə yox, notarial qaydada.

Buna da razılaşdım. Dedim yaxşı, gedək notariat kontorunda həll edək”.

H.Əliyev danışır ki, bundan sonra borc məsələsini rəsmi şəkildə həll etmək istəyib, amma budəfəki cəhdi də təxminən "qəbz əhvalatı”na dönüb: "6 saylı notariat kontorunun müdiri Ərəstunun yanına gedib dedim ki, bir nəfər mənə 300 min manat borc verməlidir, özü burada yoxdur, müqaviləni hazırlayaq, gəlib qol çəkər.

Ərəstunu Naxçıvanda işlədiyim dövrdən tanıyırdım. Mənə dedi ki, Həsən müəllim, bu boyda pulu almayınca qol çəkməyin.

Mənsə sadəlövhlük elədim. İnsanlara inanmağım məni bu vəziyyətə saldı. Müqaviləni hazırlamağı tapşırdım Ərəstuna. Ramazanla telefonla əlaqə saxladım. O da Qusarda olduğunu, Bakıya yalnız sabah gələ biləcəyini dedi. Bu, guya iş adamıdır, Qusarda otel tikir, Bakıya gedib-gələ bilmir. Ərəstun ona dedi ki, get Qusardakı notariat kontoruna, oradan götürərik. Amma imtina etdi.

Ramazana yenidən zəng vurdum, dedim sən qol çəkməsən, işə yaramır. Dedi sabah Bakıya gələrəm, qol çəkib pulu verərəm.

Ertəsi gün işdə olduğuma görə Qüdrət müəllimə tapşırdım ki,-Qüdrət müəllimin iş yeri notariat kontoruna yaxın idi deyə ondan belə xahiş etmişdim,- Ramazan gələcək, qol çəkəcək, mənə aid nüsxəni oradan götürərsiniz.

Ramazan səhərisi gün gəlib. O, sənədə qol çəkib, pulu verməyib getmək istəyəndə Qüdrət müəllim onu saxlayıb soruşub ki, bəs pul nə oldu. Ramazan da cavabında 1 saylı notariat kontoruna gedəcəyini, sənədi rus dilinə tərcümə etdirəcəyini, sonra Mahaçqalada bankdan pul köçürəcəyini deyib. Bunu da belə əsaslandırıb ki, biznesi Dağıstanda olduğuna görə oradakılar da bu pulun hara və niyə getdiyini bilməlidirlər.

Bu işlər 2012-ci ilin dekabrında olub. Yeni il qabağı idi. Ramazan dedi ki, hesabı ver, pulu köçürüm ora, belə göndərmək olmur. İsfəndiyar Axundovun bank hesab nömrəsini SMS-lə göndərdim ona. Yanvarın 10-15-i arası Ramazanla telefon əlaqəsi saxlamışıq, demişəm ki, pul gəlmədi. Buna heç bir izah verə bilmədi. Sonradan isə telefonları bağladı, cavab vermədi. Başa düşdüm ki, bu adam artıq mənə pul verən deyil. Mesaj yazdım, dedim sən mənə pul verən deyilsən, heç olmasa gəl bu müqaviləni pozaq.

Ona bu məzmunda dəfələrlə SMS-lər yazdım. Bu mesajlar istintaq materiallarında da da var, sadəcə bunlara qiymət verən yoxdur”.

Sabiq hakimin sözlərinə görə, o, heç kimdən bir qəpik də borc almaya-almaya sadəcə olaraq aldadılaraq tora salınıb. Dediyinə görə, ona qarşı tələ quranları da tanıyır, həmin şəxslərin məqsədlərini də bilir. 

—–

Həsən Əliyev daha sonra bildirib ki, hər şey Ramazan Səlimovla bağlı Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı polis bölməsinə şikayətdən sonra başlayıb: "Prosesin necə başladığını deyim. 2013-cü il martın əvvəllərində Tariyel Haqverdiyev adlı tanışım Ramazan Səlimovun ondan oğlunu hakim köməkçisi düzəldəcəyi adı ilə 14 min manat aldığını, həmin pulu guya Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilova verdiyini, 5-6 aydır ki, pulunu Ramazandan ala bilmədiyini dedi. Cinayət işində Tariyel Haqverdiyevin bununla bağlı ifadəsi var. Nədənsə bu ifadəyə də qiymət verilməyib.
Daha sonra Neft-Kimya Prosesləri İnstitutunun işçisi olan dostum Qüdrət Yəhyayev Ramazanın ona bağ satmaq adı ilə 6500 manatını aldığını və qaytarmadığını dedi.
Qüdrət müəllimə dedim, mən özüm də ona qəbz vermişəm, başıma bu oyunu gətirib, tapa bilmirəm. Tariyel dedi ki, bu işi belə qoymayacağam, onu polisə verəcəm.
2013-cü ilin mart ayında Tariyellə Qüdrət müəllim 16-cı polis bölməsinə ərizə ilə müraciət edirlər”.

Həsən Əliyevin sözlərinə görə, Ramazanı tapır, bölməyə əliqandallı gətirirlər: " Polis bölməsində barəsində artıq dələduzluq maddəsi ilə cinayət işi acılacağını görən Ramazan özünü sığortalamaq, xilas etmək üçün hiyləyə əl atır. Ortaya başqa mövzu atır. Bölmə rəisinə deyir ki, bəs, hakim Həsən Əliyevə 300 min manat qəbz əsasında, 300 min manat da notarial qaydada borc vermişəm, ondan pulumu ala bilmirəm…”

Həsən Əliyev qeyd edir ki, Ramazan Səlimov o vaxt cırıb atdığını dediyi qəbzi də ortaya qoyur. Bu barədə isə onu dostu məlumatlandırır: "Qüdrət müəllim mənə zəng vurub dedi ki, sənin barəndə artıq 600 min manat söhbəti gedir. Guya icra başçısı təyinatı 1 milyona düzəlirmiş, 200 min də sərəncamdan sonra veriləcəkmiş və s”.

Həsən Əliyev sözlərinə görə, Ramazan Səlimov da onun üzünə pul vediyini söyləyir: "Dedi, hə, əlimdə sənədim də var, məni Pirallahı rayonuna başçı qoyduracağına söz vermişdin…
Donub qaldım. Axı mən kiməm ki, icra başçısı qoydurum? Mənim buna nə səlahiyyətim vardı? Belə vəziyyətə heç vaxt düşməmişdim, gördüm ki, açıq-aşkar üzümə dururlar, az qala üstümə gəlirlər. Mən o səviyyənin adamı deyiləm. Belə adamlarla nə danışmaq olar? Durub otaqdan çıxdım…”

Sabiq hakimin idiasına görə, sonradan məsələyə Nərimanov rayonun artıq keçmiş prokuroru Fikrət Mahmudov da qoşulur və onun vətəndaşın pulunu ödəməsini istəyir. Nə qədər qəribə də olsa "Ramazandan bir qəpik də almamışam” deyən H. Əliyev ona 300 min manat ödəməyə razılaşdığını bıldirir: "Bu qərarım çoxuna, lap elə sizə də bəlkə də çox qəribə görünə bilər. Axı pul almadığım adama niyə pul ödəməli idim, eləmi? Amma mən sonda buna da razı idim. Axı cəmiyyətdə mövqeyim var, çətinliklə bu yerə gəlib çıxmışdım. Hakim idim. Hörmətimi, vəzifəmi itirmək istəmirdim. Fikirləşdim ki, dostdan-qohumdan 300 min manat yığıb verim, təki canımı bu şərbazlardan qurtarım”.

H. Əliyevin daha sonra Ramazanın istədiyi pulu verməyə razılaşır: " Mən də başladım pul axtarmağa. Dostum, vəkil Kamandar Nəsibovdan, digər dostum Ramizdən borc aldım. Bu iftiradan qurtulmaq üçün Ramazana pul verməyə başladım. Ramazana ayrı-ayrı vaxtlarda 100 min, 70 min, 80 min manat məbləğində pul verilib. Bu pulları Ramazana Elman verib…”

H.Əliyev ortada bu dediklərini təsdiqləyən sənədin olduğunu da bildirib. Onun təqdim etdiyi sənəd R.Səlimovun imzası var. Qeyd edək ki, R.Səlimov 3 iyul, 2014-cü ildə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsinin rəisi Eldar Əhmədova ünvanladığı ərizəsində ona dəymiş ziyanın ödənildiyini və H.Əliyevdən şikayətçi olmadığını göstərib.

H.Əliyev sözünə belə davam edib: "İşə Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev (artıq işdən çıxarılıb-red.) qoşulmuşdu. Onunla Elman söhbət aparırdı. İlkin məbləği də Elmana verdim ki, aparıb Ramazangilə versin. Elman Cavidi çoxdan tanıdığını deyirdi. Bir yandan da prokurorluğun işçisi Taleh prokurorun bu işə göz yumması üçün əlavə 100 min manat verməli olduğumu deyirdi. Məcbur olub buna da razılaşdım. Pulu aparmağa Elmanla Taleh gəlmişdi. 100 min manatın 50 minini maşında onlara verəndə səslərini yazdım. Buna məcbur idim. Çünki baxırdım ki, bunlar mənə tələ qurub, amma mənim əlimdə heç bir dəlil-sübut olmasa, onlara nəyisə isbat edə bilməyəcəyəm. Elmanla Talehə dedim, 50 mini götürün, 50 min də bir həftəyə kimi düzəldib verəcəm, prokuror bu işdən çəkilsin kənara, Ramazanın da 300 minini düzəldib birtəhər verərəm, daha neyləyim bir işdir düşmüşəm…”

H.Əliyev dah sonra qeyd edir ki, sonradan Cavid də telefon danışıqlarında ona demyib ki, 300 düzəldib Ramazana ver, məsələ qurtarsın getsin. O, Ramazana 250 min manat verdiyini, 50 mini tapa bilmdiyindən gecikdirdiyini söyləyir. Ancaq sonradan prokurorun sözünə əməl etmədiyini, ondan daha 300 min tələb edildiyini bildirir: "Dedim biz belə danışmamışdıq, verdiyim 250 min manatı da geri alacam ondan”.

H.Əliyev sözünə belə davam edib:"Bundan sonra onlar məsələni Bakı Şəhər Prokurorluğu çıxardılar. Baş Prokurorluğa da müraciət olundu. Elmana zəng vurub dedim ki, madam iş belədir, verdiyim pulları qaytarın. Elman da dedi ki, Bakı Şəhər Prokurorluğunda işi yatırtmaq üçün 50 min manat lazımdır. Dedim heç kimə bir qəpik də verməyəcəm.
Amma onlar məni qorxudurdular, deyirdilər ki, Gülər əhvalatı sənin işinin yanında yalan olacaq. Polis bölməsində belə söhbətlər gedirdi. Məni bu cür şantaj edirdilər”.

H.Əliyev deyir ki, bundan sonra getdikcə daha çıxılmaz vəziyyətə düşdüyünü anlamağa başlayıb. Və MTN-ə müraciət edərək Eldar Mahmudovdan imdad diləyib: "Cənab nazir Eldar Mahmudova ünvanladığm ərizədə bir hakim olaraq ondan imdad dilədiyimi bildirdim. Yazdım ki, məndən hədə-qorxu ilə pul tələb edirlər”.

H.Əliyev nazirdən vəzifəli şəxslər və o Ramazan Səlimov barədə tədbir görməyi xahiş eddiyini və əlindki səs yazısını MTN-ə təqdim etdiyini bildirir. Bundan sonra isə onun qara günlərinin başladığnı iddia edir: "Məhkəmə-Hüquq Şurasının iclasında Ali Məhkəmənin sədri Ramiz Rzayev mənə irad tutub dedi ki, niyə MTN-ə şikayət etmisən. Dedim ki, mən bilirəm Nərimanov rayon prokurorunun Baş Prokurorluqdakı mövqeyi necədir, ona orada heç kim heç nə deyə bilməz”.

H.Əliyev daha sonra bildiri: "Həm də mən öz dövlətimizin nazirliyinə müraciət etməyib hara müraciət etməli idim? FBR-ə? Üstəlik MTN-in nə qədər dəqiq işlədiyini bilirəm. MTN-in rəhbəri yalnız prezidentə məruzə eləyir və yalnız ondan göstəriş alır. Digər bəzi vəzifəli şəxslər kimi başqalarından göstəriş almır. Ad çəkmirəm, amma vaxt gələcək, ad da çəkəcəm. Kimdir o vəzifəli şəxs? Kimdən ehtiyatlanmışam? Bu barədə hələlik heç nə demək istəmirəm. Ona görə də MTN-ə getmişdim. Bu qurum səlis və dəqiq işləyir”.

H.Əliyev bu işdə çox müəmmalı məqamların olduğunu vurğulayır. Deyir ki, proseslərin bu məcrada cərəyan etməsinə özü də mat qalıb: "Bir anlığa fərz edək ki, mən bu Ramazanı aldatmışam. Bəs bunun özü maraqlı deyilmi ki, hakim barədə ən aşağı "zveno”ya, aşağı instansiyaya – polis bölməsinə şikayət olunur. Bölmə rəisi və prokuror kimin adamıdır və kimə tabedir – bunlar hamıya bəllidir. Onların hüququ var idimi ki, mənim barəmdə araşdırma aparsınlar? Beş ay məni süründürüb pul tələb etməklə məşğul oldular. Əslində isə bölmə rəisi prokurora məruzə etməli, prokuror da baş prokurora zəng vurub deməli idi ki, belə bir şey var. Sonrasa bütün materiallar Məhkəmə-Hüquq Şurasına göndərilməli idi”.

Sabiq hakimin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi müddətdə məhkəmənin sədri Mahmud Nəbiyevlə aralarında gərginlik, münaqişə olub. H.Əliyevin MTN-ə müraciətindən sonra isə məhkəmə sədri ona münasibətdə daha da "canfəşanlıq” göstərib: "İstintaq zamanı araşdırma aparılıb. O bank yoxdur ki, mənim ora 3 min, 5 min borcum olmasın. Mən işimdən qazanmırdım. Məhkəmənin sədri Mahmud Nəbiyevlə də münasibətlərimiz gərginlik vardı. Sadəcə vəzifəmi yerinə yetirmişəm, əməkhaqqı almışam, vəssalam, hakim kimi heç bir gəlirim olmayıb.

MTN-ə gedib-gəlməyimdən sonra Mahmud Nəbiyevin mənə qarşı böyük "canfəşanlığı” başladı. İşimdə yoxlama apardılar. Guya yoxlamalar iş planına uyğun idi. Ramazanın şikayəti mənim işimlə bağlı deyildi, bunun işə aidiyyəti yoxdur. Amma 2008-ci ildən arxivdən bu yana hər şeyi yoxlamağa başladılar. Axtarırdılar ki, nəsə tapsınlar, irad tutsunlar, vəzifədən kənarlaşdıra bilsinlər. Amma o nəsnə tapılmırdı. Mahmud Nəbiyev icraatımda olan 9-10 dənə yekunlaşmamış işi məndən götürüb digər həmkarım Mayıl Bayramova verdi. Halbuki hakimin icraatında olan iş heç kim tərəfindən götürülə bilməz. Bu, işə müdaxilədir. İşlər həftələrlə onun kabinetində qalırdı. Axtarırdılar görsünlər Həsən kimdən nə alıb, nəsə çıxarsınlar oradan. Mahmud Nəbiyev Məhkəmə-Hüquq Şurasına 17 vərəqdən ibarət arayış göndərdi. Orada yazılanlar yoxlamalar zamanı aşkarlanan yalnız cüzi qüsurlar idi. Məhkəmə-Hüquq Şurası yarandığı gündən bu günə qədər o qüsurlarla hər hansı hakimə töhmətdən yuxarı cəza verilməyib. Arxasınca da qeyd olunur ki, Ramazan Səlimovun bu barədə ərizəsi də var. Mən nə qədər izah versəm də mümkün olmadı.

Ötən ilin noyabr ayında Məhkəmə-Hüquq Şurasının qərarından Plenuma şikayət verdim ki, vaxt udam, bəlkə səsim ölkə başçısına çata. Qanunla üç ayda bir dəfə Plenum keçirilməlidir. Amma bunlar 3 ay dalbadal Plenum keçirdilər. Birinciyə getmədim, ikinci Plenumda xəstələnmişdim deyə iştirak etmədim. Bəs Ali Məhkəmənin sədri Ramiz Rzayevin dalbadal bu plenumları keçirməkdə məqsədi nə idi görəsən? Məqsəd o idi ki, mənim səlahiyyətimə xitam verilsin. Sonradan da prezident sərəncam versin. Bəlkə də həbsimi düşünürdülər.

Növbəti Plenum yanvar ayında idi. Doğrudan da xəstə idim. Ərizə yazdım ki, bu işə Plenumda baxılmasını istəmirəm. Məhkəmə-Hüquq Şurasının qərarı qüvvəyə mindi və fevral ayının 11-də prezident sərəncamı imzalandı. Axtarsanız görərsiniz ki, bu elektron imzadır. Həmin gün ölkə başçısı xaricdə səfərdə olub. Hesab edirəm ki, ölkə başçısına bu iş haqda ətraflı arayış verən də olmayıb.

Cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləndə demişdim ki, etiraz verəcəm. Çünki Mahmud Nəbiyevlə konfliktim vardı. Hakimlər özləri işə baxmağa etiraz etdilər. İş sonradan Gəncəyə göndərildi. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləndə Ramazan Səlimov buna niyə etiraz vermirdi? İndi isə etiraz edir. Deyir ki, guya Gəncədəki hakim mənim dostumdur, işə obyektiv baxılmayacaq. Bəs burda işləyənlər mənim dostlarım deyildimi? Mənə qarşı qurulan bu iş burada doğulub, burada da göbəyi kəsilib. Mahmud Nəbiyev olan yerdə Ramazan narahat deyildi, arxayın idi. MTN-ə kaset verəndən sonra bəzi şəxslər məni Mahmud Nəbiyevin əli ilə cəzalandırmaq istəyirdi…”

H.Əliyevin dediklərindən belə aydın oldu ki, iş materialları Baş Prokurorluğa göndəriləndən sonra istintaq onun üzərində qurulub: "MTN araşdırma aparandan 10-15 gün sonra Ramazan Səlimovun ərizəsini təşkil edib verirlər Baş Prokurorluğa. Baş Prokurorluq öz növbəsində materialları tələb edir. Materiallar Baş Prokurorluğa gələndən istintaq mənim üzərimdə qurulur. Mənə rüşvət vermə ilə bağlı da ittiham irəli sürülüb. Hamıya məlumdur, açın baxın, rüşvəti verib dövlət orqanlarına müraciət edən şəxs məsiliyyətdən azad olunur. Mən ərizə ilə müraciət etmişəm ki, rüşvət vermişəm, yenə də tələb edirlər. Bu maddəni də götürmürlər üzərimdən. Ərizə yazmışdım ki, Ramazan dələduzdur, müəyyən adamlara da "atıb”. Bu işin mənbəyini araşdırmırlar.

Yəni mən bu gün şərlə üz-üzə qalmışam. Bu işə respublikada hansı məhkəmə baxır baxsın, narahat deyiləm, əlimizdə kifayət qədər sübutlarımız var”.

Sabiq hakim icra başçısı təyinatı ilə bağlı ittihamın əsassız olduğunu, bu vəziyyətə düşməyinin səbəbi isə insanlara inamından irəli gəldiyini dedi: "Ramazan belə işlərlərlə məşğul olan adam olub. Tora düşən mən oldum. Ramazan özü deyir rüşvət verdim ki, gedim icra başçısı olum. Ona niyə rüşvət verilməsi ilə bağlı ittiham verilməyib?

Adı cinayət işində çəkilən rayonların başçılarından öyrənib dəqiqləşdirə bilərsiniz. Mən o şəxsləri tanımıram. Ramazanın dediklərinim heç bir əsası yoxdur. İndi durub aləmə car çəkir ki, guya Həsən Əliyevin Pirşağıda və Nabranda bağ evləri, torpaq sahələri, "İçərişəhər” metrosunun yanında üçotaqlı mənzili, gözəllik salonu, restoranı var. Bilirsinizmi niyə belə edirlər? Mənim onların tələb etdiyi pulu ödəməyə imkanımın olması barədə rəy yaratmaq üçün belə deyirlər. Halbuki mənim rəsmi və ya qeyri-rəsmi obyektlərim olmayıb. O qədər obyektim, torpaq sahələrim var idisə, niyə Kamandar Nəsibovun evini banka girov qoyub pul götürürdüm? Elə öz evimi satıb verərdim, heç kim də bilmzədi.

Bu günə düşməyimin nəticəsi insanlara olan inamımdan irəli gəlib. Mən heç öz səlahiyyətim daxilində işlərdə dələduzluq etməmişəm. İcra başçısı qoydurmaq mənim səlahiyyətimə aid deyil axı bu iş. Mən hara, icra başçısı təyin etdirmək hara? Desəydi ki məhkəmədə hansısa işimi həll etmək üçün pul alıb, yenə dərd yarı idi. Mənim heç Prezident Aparatında heç kimlə xüsusi tanışlığım yoxdur. Mən ora girə bilərəmmi heç? Azərbaycanda icra başçısı rüşvətlə qoyulur bəyəm? Mən bunu anlaya-anlaya Ramazandan pul niyə almalı idim? Absurddur. Amma çoxları bu cəfəngiyyatdan istifadə edib mənə qarşı birləşdilər”.

H.Əliyev sonda bu işin ədalətli sonluqla bitəcəyinə inandığını vurğuladı: "Çünki mən prezidentimizə inanıram. Səsimi cənab prezidentə çatdıra biləndən sonra rahat nəfəs almağa başladım. Çünki ölkə başçısı artıq hər şeyi bilir…”


00Sened00sened0200Selimov

 



Digər xəbərlər
SON XƏBƏRLƏR