Qubad İbadoğlu tərəfdarlarını toplayır - Qərar veriləcək

img

01-10-2014 [09:54]


Müsavat Partiyasında qurultaydan sonra narazılıqlar və müzakirələr davam etməkdədir. Başqanlığa namizədlər ardıcıl olaraq təzadlı, bir-birinə zidd bəyanat və açıqlamalar verir, yeni seçilmiş və həmçinin köhnə başqan isə hələ ki susqunluğunu qoruyur.



Seçkidə qalib gələ bilməyən Qubad İbadoğlu öz tərəfdarlarına müraciət ünvanlayıb. Müraciətdə bildirilir: "Müsavat bir dönəmin, bir kəsimin, bir şəxsin partiyası deyildir. Odur ki, təklif edirəm ki, qərarlarımızı verməmişdən əvvəl məsləhətləşmələr aparaq. Mən özüm də hər gün onlarla müsavatçı dostlarımızla, ziyalılarla, gənclərlə görüşlər keçirir və fikir mübadiləsi edirik. Müzakirələrimiz göstərir ki, daha geniş formatda toplaşmağa ehtiyac var. Müsavatın bu gününü və gələcəyini müzakirə etmək, hər birinizi dinləmək, sizlərdən bu istiqamətdə fikirlər almaq və eyni zamanda mövqeyimizi bölüşmək, eləcə də növbəti addımlarımızı müəyyənləşdirmək üçün sizləri oktyabrın 6-da saat 15-də Müsavat Partiyasının mərkəzi qərargahında görüşə dəvət edirəm”.

Q.İbadoğlu musavat.com-a açıqlamasında bildirib ki, seçki prosesində baş verənlər, həmçinin atılacaq addımlar toplantıda ciddi şəkildə müzakirə ediləcək: "Bizim problemimiz yoxdur. Sadəcə olaraq, tərəfdarlarımızla görüşmək, fikirlərimizi bölüşmək, sonrakı addımlarımızı müəyyənləşdirmək üçün belə bir müraciət etmişik. Bundan sonrakı fəaliyyətimizlə bağlı birgə qərarlarımızı verməliyik. Vəziyyəti müzakirə edəcəyik, bundan sonrakı addımları, təklifləri dəyərləndirəcəyik”.

Qeyd edək ki, Müsavatın bundan sonrakı vəziyyəti ilə bağlı səslənən iddialar arasında uduzmuş namizədlərin və tərəfdarlarının partiyadan getməsi də var. Q.İbadoğlu bildirib ki, tərəfdarları tərəfindən verilən təkliflər arasında o da var. "Təkliflər var. Şəxsən mənim mövqeyimdə dəyişiklik yoxdur.

Mən partiyada mübarizəni davam etdirmək xəttini tutmuşam. Ancaq verəcəyimiz kollegial qərar olacaq, tək mənim qərarım olmayacaq".

Namizədlərdən Səxavət Əlisoy musavat.com-a açıqlamasında bildirib ki, narazılığa səbəb olacaq nüanslar, bunlar hamısı göz qabağında olan proseslərdir: "Mən yazdığım sonuncu statusumda daha dərin məsələlərə toxunmuşam”. Keçmiş namizədin sosial şəbəkədə yazdığı status isə ittiham doludur. "Udan populistlər və şüarçılar, uduzan islahat tərəfdarları oldu. Müsavat dəyişmək istədi, 4 səs imkan vermədi. Bir çıxışında az qala 50 dəfə ”mən" deyən, bir 50 dəfə də İsa Qəmbərə istinad edən biri təlimatlandırılmış tərəfdarlarının gurultulu və sürəkli alqışları altında, partiyanın icra aparatındakı çetesinin hər türlü oyunbazlıqları sayəsində sədr seçildi. Son 20 ildəki seçki məğlubiyyətləri bir daha zəfər kimi qiymətləndirildi. Kəsəsi, partiya ötən əsrin 70-ci illərindəki durğunluq dövrünə oxşar bir mərhələyə qədəm qoydu. Dəyişiklik tərəfdarı olanlar indi necə hərəkət etməlidir? İslahat tərəfdarlarının şüarçılar, populistlər hay-küyçülər ilə birgə fəaliyyəti mümkünmü? İndi çoxları bu məsələ barədə fikirləşir. Yaxın günlərdə mən də öz qərarımı açıqlayacam" deyə, statusda bildirilir.

Başqanlığa namizədlərdən Tural Abbaslı isə deyib ki, onlar artıq toplanaraq baş verənləri müzakirə ediblər: "Biz kimin nə deməyindən asılı olmayaraq, müsavatçıyıq və istənilən halda, fəaliyyətimizi davam etdirəcəyik. Biz düşünmürük ki, Müsavat bir başqanın dönəminə hesablanmış partiyadır. Biz ideologiyasına görə, Rəsulzadəyə görə bu partiyaya gəlmişik”.

Mərkəzi Nəzarət Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlı isə başqanlıq seçkisinin nəticələrini şübhə altına alıb. "Mən seçkinin nəticələrini tanımıram və hesab edirəm ki, o ləğv olunmalıdır. Çünki əvvəldən nizamnamə tələblərinə əməl edilməyib. Rayon təşkilatlarında keçirilən konfranslardan, yığıncaqlardan tutmuş, birtətəfli qaydada, qanun pozuntuları baş verib. Ona görə də biz indi həmin pozuntuları cəmləşdirib fikrimizi bildirəcəyik” deyə, o, aktual.az-a açıqlamasında bildirib.

O, Arif Hacılını başqan kimi tanımadıqlarını da bildirib: "Biri var, seçki siyasətini nizamnaməyə uyğun formalaşdırasan, biri də var ki, nizamnaməni öz siyasətinə uyğunlaşdırasan. Bunlar qanunu öz xeyirlərinə uyğun tərtib etdilər. Buna görə mən və tərəfdarlarım onu başqan kimi tanımırıq”.

Ə. Talışxanlı səbəb kimi seçkiyə qədər baş verən qanun pozuntularını göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR