8 gün əvvəl azad olunan icra başçısına xuliqanlıq ittihamı - cinayət işi açıldı

img

18-09-2014 [18:35]


Sentyabrın 10-da prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunmuş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məharət Mustafayev barədə Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org saytına açıqlamasında faktı təsdiqləyib.

E.Sultanovun sözlərinə görə, qeyd edilən faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xatırladaq ki, M.Mustafayev hələ RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb (bu barədə mətbuatda da kifayət qədər yazılıb). Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş M.Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub.

Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralova məlumat verilib. Hadisə daha yuxarı instansiyalara məruzə olunduqdan dərhal sonra M.Mustafayev tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, M.Mustafayevin adı bu tipli insidentlərdə ilk dəfə hallanmır. Sabiq başçının hələ ötən ilin iyun ayında Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarıb, onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər yayılmışdı. Həmin hadisədən sonra  Gəncə Dövlət Universitetinin müəllim kollektivi isə M.Mustafayevin onlardan üzr istəməsini tələb etmişdi.

Bundan başqa, M.Mustafayevi adı avtobus sürücüsünün burnunu qırmaqda, polis əməkdaşını döyməkdə də hallanırdı.

Xatırladaq ki, M.Mustafayev Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmamışdan əvvəl Yevlax rayon torpaq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR