Vaşinqtonda Ukrayna böhranı müzakirə olundu, səfirimiz çıxış etdı - FOTO

img

18-09-2014 [15:14]


Vaşinqtondakı aparıcı analitik mərkəzlərdən biri olan Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzində 17 sentyabr tarixində "ABŞ-Avropa Transatlantik İttifaqı: Ukrayna böhranı kontekstində NATO zirvə toplantısı və enerji təhlükəsizliyinin dəyərləndirilməsi” adlı tədbir təşkil edilib.

Səfirlikdən Mia.az-a verilən məlumata görə, tədbirdə ABŞ Konqresinin üzvləri Maykl Törner və Uilyam Kitinq, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Elin Süleymanov, Litva Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Ziqimantas Pavilionis və Avropa İttifaqının Amerika Birləşmiş Ştatlarındakı Nümayəndəliyinin rəhbər müavini Fransua Rivasso çıxış ediblər.

Akademik və rəsmi dairələrdən çoxsaylı nümayəndələr, ictimaiyyət və media mənsublarının iştirak etdiyi tədbirdə 4-5 sentyabr tarixlərində Uelsdə baş tutmuş NATO zirvə toplantısının nəticələri və Ukrayna hadisələri zəminində Avropa enerji təhlükəsizliyinin gücləndirilməsi imkanları ətrafında müzakirələr aparılmışdır. 

Tədbirdə çıxış edən səfir E.Süleymanov Azərbaycanın müstəqillik dövrünün ilk günlərindən başlayaraq bütün dövlətlərin ərazi bütövlüyü, suverenlik və müstəqilliyinə hörmət üzərində qurulmuş prinsipial xarici siyasət yürütdüyünü və digər dövlətlərdən də ölkəmizə qarşı eyni yanaşmanın nümayiş etdirilməsinin zəruriliyini vurğulamışdır. 

Uels sammitinin nəticələrindən söhbət açan azərbaycanlı diplomat Azərbaycan tərəfinin NATO-nun yekun bəyanatında bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə etməsindən məmnun olduğunu və bu kontekstdə Alyansa üzv dövlətlərin öz siyasətlərində davamlı və birmənalı yanaşma nümayiş etdirməsinin vacibliyini ifadə etmişdir.

 Daha sonra E.Süleymanov tədbir iştirakçılarına Azərbaycanın uğurlu enerji siyasəti barədə məlumat vermişdir. 

Bu xüsusda, ölkə rəhbərliyinin uzaqgörən siyasətinin həlledici faktor olduğunu söyləyən Azərbaycan nümayəndəsi Xəzərin zəngin karbohidrogen ehtiyatlarını Qərb bazarlarına açmış "Əsrin müqaviləsi”nin tarixi önəmindən bəhs etmiş və qeyd olunan razılaşma çərçivəsində istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, regionun ümumi siyasi transformasiyasına və Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verdiyini qeyd etmişdir. Azərbaycanlı diplomat 16 sentyabr tarixində "Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar Vaşinqtonda keçirilmiş təntənəli mərasimdə ABŞ federal strukturlarından çoxsaylı yüksək vəzifəli dövlət rəsmiləri, ABŞ Konqresinin üzvləri və akademik dairələrdən olan şəxslərin təmsil olunmasını "Əsrin müqaviləsi”nin reallaşdırılması ilə bağlı əldə edilmiş uğurların ABŞ rəsmi dairələri və ictimaiyyət nümayəndələri tərəfindən yüksək dəyərləndirilməsinin göstəricisi olduğunu bildirmişdir. 

E.Süleymanov ölkəmizin neft ixracatçısı olmaqla yanaşı, son illər ərzində etibarlı qaz təminatçısına da çevrildiyini vurğulamışdır. Bununla əlaqədar, Cənub Qaz Dəhlizinin reallaşdırılması və "Şahdəniz" qazının gələcəkdə Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsi ilə nəqlinin Avropanın enerji təhlükəsizliyinə mümkün müsbət təsirlərindən söz açılmışdır. Qeyd olunan layihənin hər hansı bir dövlətin maraqlarına qarşı yönəlmədiyi və digər boru kəmərləri ilə rəqabət aparmadığını xüsusilə vurğulayan azərbaycanlı diplomat bu layihənin reallaşdırılmasının həm təminatçı, həm də istehlakçı dövlətlərin maraqlarına cavab verdiyini bildirmişdir. 

Daha sonra Azərbaycan nümayəndəsi bu yaxınlarda İtaliya hökuməti tərəfindən Trans-Adriatik Boru Kəmərinin ətraf mühitə təsiri ilə bağlı qiymətləndirmənin müvəffəqiyyətlə başa çatdırıldığını, eyni zamanda Türkiyə, Yunanıstan və digər tərəfdaş dövlətlərdə də layihə üzrə işlərin uğurla davam etdirildiyini bildirmişdir. E.Süleymanov "Əsrin müqaviləsi”nin 20 illiyi qeyd olunan ərəfədə gələn həftə Bakı şəhərində Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi kimi tarixi bir hadisəsinin baş verəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Keçmişdə bəzi Avropa dövlətlərinin Trans-Anadolu Boru Kəməri ilə bağlı skeptik fikirlərə sahib olduğunu qeyd edən diplomat bu layihənin məhz Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində gələcəkdə reallığa çevrilmək imkanı əldə etdiyini və bu məqamın bir daha Azərbaycan rəhbərliyinin enerji siyasətinin prinsipiallığı və uzaqgörənliyinə dəlalət etdiyini qeyd etmişdir.

Digər natiqlər də öz çıxışlarında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təminatının diversifikasiyasında Azərbaycanın müsbət rolunu vurğulamışdır. ABŞ qanunverici orqan mənsubları - Maykl Törner və Uilyam Kitinq Avropanın enerji təminatının diversifikasiyasında ən əsas təşəbbüs qismində Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Mərkəzin Enerji və Milli təhlükəsizlik Proqramının direktoru və enerji məsələləri üzrə tanınmış mütəxəssis Sara Ladislav Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müsbət rol oynaya biləcəyini bildirmişdir.

Eyni zamanda, tədbir çərçivəsində regionda cərəyan edən digər proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə edilmiş, habelə baş verən hadisələr kontekstində Uels zirvə toplantısında NATO tərəfdaş dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə birmənalı dəstək ifadə olunmasının olduqca vacib olduğuna xüsusi vurğu edilmişdir.

Tədbirin videoyazısı müvafiq internet ünvanından əldə oluna bilər :



Digər xəbərlər
SON XƏBƏRLƏR