Siyasilərin payız planı...

img

14-09-2014 [22:02]


İctimai-siyasi cəhətdən passiv dönəm olan yay fəsli artıq yekunlaşır. Qarşıdan siyasi proseslərin aktivləşdiyi payız, eyni zamanda, seçki dönəmi gəlir.
Maraqlısı odur ki, hər il müxalifət də, iqtidar da qarşıdakı dönəm üçn planlarını açıqlayaraq, hansı addımlar atacağı ilə bağlı ictimaiyyətə məlumat verirdilər. Amma nədənsə, həm iqtidar, həm də müxalifət nümayəndələri bu dəfə payız planlarını elan etmirlər. Görəsən, siyasilərin payız planı varmı, yaxud payız planı nədən ibarətdir?
Məsələylə bağlı "Reytinq"ə açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu hazırda, ümumilikdə ölkədə siyasi proseslərin aktiv mərhələdə keçmədiyini dilə gətirib. Deyib ki, indi dünyada yeni bir proses yoxdur deyə, Azərbaycanda da aktiv perioda start verilməyib: "Hazırda dünyada qlobalizasiya prosesi gedir. Bir ölkədə qurulan planlar yalnız ölkədəki şərtlərlə müəyyənləşmir, geopolitikada baş verən proseslərə uyğunlaşır. Ona görə də konkret bir plan cızılmasına ehtiyac yoxdur. Ukrayna-Rusiya münasibətləri, Ərəb ölkələrindəki hadisələrin məntiqi sonluğa çatmayana qədər Azərbaycanda hansı siyasi proseslərin davam etdirilməsini təyin eləmək çox çətindir. Yaxın müddətdə bələdiyyə, gələn il bu vaxtlar parlament seçkiləri keçiriləcək. Bu istiqamətdə düşünmək və planlar cızmaq lazımdır".
S.Cəlaloğlu deyib ki, əgər Rusiya təzyiq siyasətindən əl çəksə, Ukrayna Avropaya inteqrasiya etsə, Azərbaycanın da suverenliyi möhkəmlənəcək və Avroatlantik məkana inteqrasiya daha da sürətlənib demokratiyanın inkişafına zəmin yaradacaq: "Bizə əsas təsir edən proses Ukrayna-Rusiya cəbhəsində baş verənlərdir. Düzdür, Yaxın Şərqdə baş verənlərin də təsiri var, amma bir o qədər deyil. Azərbaycanın siyasi saatı keçmiş SSRİ respublikaları ilə bir yerdə işləyir. Ona görə də biz, yalnız bu bölgədə, bu geopolitikadakı hadisələrdən çıxış edərək işlərimizi planlaşdırmalıyıq".
Müxalifətə gəlincə, ADP sədrinin sözlərinə görə, əməkdaşlıq istiqamətində zəif də olsa, cəhdlər var: "İndi siyasi məhbusların müdafiəsi ilə bağlı ittifaq yaradılıb. Hiss olunur ki, daha uzağa gedən müttəfiqlik barədə müzakirələr başlaya bilər. Proseslərin gedişindən asılı olaraq, Demokratiya və İnsan Haqları Mərkəzinin seçki ərəfəsində siyasi bloka çevrilməsi də mümkündür. Amma hər halda, müxalifətin istənilən variantda bir yerdə olması vacibdir".

Müxalifət mitinqlərə hazırlaşır

AXCP sədrinin müavini Nurəddin Məmmədli təmsil olunduğu partiyanın yay fəslində də aktiv siyasi fəaliyyət göstərdiyini bildirib. Onun fikrincə, AXCP-ni passivlikdə suçlamaq olmaz: "Əslində, bütün dünyada yay fəsli siyasi cəhətdən süst keçir. Amma buna baxmayaraq, bizim yay planımız da olub. Əgər fikir verirsinizsə, biz bütün yay ərzində fəaliyyətimizi davam etdirmişik. Bu gün Azərbaycanda rapressiyaların bu cür ifrat səviyyədə yüksəlməsi də hakimiyyətin 2015-ci ildə qarşılaşacağı "sürpriz"lərlə bağlıdır. Hazırki mərhələdə biz də bir neçə əlamətdar hadisə istiqamətində səylərimizi davam etdiririk. Birincisi, qurultayın çağrılması ilə bağlı qərarımızdır. Artıq bu məsələ ətrafında qısa müddətdə 20-dən çox rayonda qurultaya hazırlıq komitələri yaradılıb və proses sürətlə davam edir. Nəzərə alsaq ki, qurultayda partiya nizamnaməsinin əsaslı şəkildə dəyişdirilməsi də nəzərdə tutulur, onda bunun nə qədər əhəmiyyətli tədbir olduğunu hiss eləməmək mümkün deyil".
N.Məmmədli qeyd edib ki, partiyanın Rəyasət Heyətində yaxın zamanlarda kütləvi aksiyalara başlamaq məsələsini gündəmə gətiriblər. Onun sözlərinə görə, bununla bağlı bir sıra görüşlərdə iştirak edib və demək olar ki, bu tədbir bütün rayon təşkilatlarında ciddi şəkildə qarşılanır: "Ən sevindirici hal odur ki, aksiyalara dəstəklə bağlı ictimaiyyətdən də kifayət qədər təkliflər daxil olub. Biz bu istiqamətdə ləngi-mədən prosesləri yeni müstəviyə çıxarmağa çalışırıq. Xalqın böyük ümidlə yanaşdığı Milli Şuranın inkişafının perspektivi ilə bağlı ciddi planlarımız da var. Yaxın günlərdə Milli Şuranın yeni-yeni nüfuzlu ictimai-siyasi sektordan olan insanlarla genişləndirilməsi ilə bağlı ciddi addımlar atılacaq, onlarla yeni insanlar Milli Şuraya daxil olacaqlar və bizim gücümüzə güc qatacaqlar. Bu istiqamətdə digər fəaliyyətlərimiz də davam etməkdədir. Digər məsələlərə gəlincə, məhkəmələrlə bağlı proseslər nəzarətimizdədir, heç kimi diqqətdən kənarda qoymuruq. Biz silahdaşlarımızı, demokratik kəsimə aid olan adamları maksimum səviyyədə həm hüquqi, həm də ictimai cəhətdən müdafiə eləməyə çalışırıq. Eyni zamanda, bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, fəaliyyətimizi davam etdiririk, təşkilatlanma işini sürətlə həyata keçiririk. Onu da nəzərə çatdırım ki, 2015-ci il Azərbaycanda qaynar bir ilə çevriləcək. Çünki Avropa Olimpiya oyunları Bakıda keçiriləcək, eyni zamanda, parlament seçkiləri ilidir. Biz də bu proseslər ərəfəsində təşkilatlanma işini sürətlə reallaşdırmaq iddiasındayıq. Hesab edirəm ki, bu istiqamətdə xeyli işlər görmək imkanına malikik".

"Siyasi məhbus" mübarizəsi davam edəcək

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı fikirlərini bizimlə bölüşərkən deyib ki, qarşıdakı dönəmdə siyasi qüvvələrin aktiv olması şərtdir: "Bu yay Müsavat Partiyasında hər hansı bir passivlik olmayıb. Əksinə, bütün yay müddətində Müsavat Partiyası qurultayla bağlı daim fəaliyyətdə oldu, ona görə də passivliyi Müsavata aid eləmək olmaz. Amma ümumi götürəndə yay fəsli müxalifətin fəaliyyətində nisbətən sönük dövr olur. Artıq havalar sərinləyir və partiyalar daha aktiv fəaliyyətə keçirlər. Yəqin ki, ilkin olaraq siyasi məhbusların azad olunması istiqamətində müəyyən işlər görülməlidir. Artıq siyasi məhbusların siyahısının müəyyənləşməsində razılaşma əldə olunub. Məhbusların müdafiəsinin təşkili istiqamətində siyasi partiyaların əməkdaşlığı var. Artıq siyasi məhbusların sağlamlığı ilə bağlı beynəlxalq tibb ekspertizanın yaradılması haqqında razılaşma da əldə olunub. Bundan başqa, İntiqam Əliyevlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib. Ötən parlament seçkilərinin nəticələri ilə bağlı 51 iş hazırda Avrpa Məhkəməsində son mərhələdədir. İntiqam Əliyevi həbs edəndə həmin sənədləri onun ofisindən götürüblər və beləliklə, həmin məhkəmə ilə kommunikasiyaların pozulmasına səbəb ola biləcək şərait yaradıblar. Bununla bağlı həmin şikayətçilərin Avropa Məhkəməsinə müraciəti ünvanlanıb. Yəni, hüquqi müstəvidə də mübarizə davam etdiriləcək".
Müsavat yetkilisinin sözlərinə görə, qarşıdan gələn bələdiyyə seçkilərində iştirakla bağlı da qərarları var. G.Aslanlı deyib ki, seçki qanunvericiliyində dəyişikliklərin edilməsi tələbi ilə müəyyən tədbirlərin görülməsi planlaşdırılır: "Müsavat Partiyası qurultayını keçirdikdən sonra bu istiqamətdə lazımi addımlar atacaq. Bələdiyyə seçkilərindən sonra qarşıdan gələn 2015-ci il parlament seçkilərində iştirakla bağlı müzakirələr aparılacaq və müvafiq qərarlar veriləcək".

Seçki müxalif düşərgəni canlandıracaq?

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib ki, siyasi fəallıq fəsillərə görə yox, ölkədə, regionda və dünyada baş verən ictimai-siyasi hadisələrə görə dəyişir. Onun sözlərinə görə, ötən ili də, qarşıdakı dövrü də müəyyən qədər aktiv dönəm kimi dəyərləndirmək olar: "Baxmayaraq ki, ötən il prezident seçkiləri ilə bağlı kampaniya yay aylarına təsadüf etdi, amma kifayət qədər siyasi aktivliyin şahidi olduq. Bu ilin sonunadək ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Düşünürəm ki, seçki ab-havası siyasi gündəmdə də canlanma yaradacaq. Bunun ilkin elementləri artıq müşahidə olunur. Belə ki, siyasi partiyalar bloklaşmaq istiqamətində cəhdlərə başlayıblar. Düzdür, bizdə bələdiyyə seçkiləri Milli Məclisə və prezident seçkiləri qədər vacib sayılmır. Buna baxmayaraq, hər halda, ölkənin siyasi gündəminin əsas prioritetinə çevriləcək. Şübhəsiz, dünyada və regionda cərəyan edəcək hadisələr də ölkə müxalifətinin, eləcə də hakimiyyətin planlarına təsirsiz ötüşməyəcək. Amma bununla belə, kifayət qədər zəiflədilmiş müxalif düşərgədən qeyri-adi addımlar müşahidə edə bilməyəcəyik".
M.Rəhimli hesab edir ki, qarşıdakı aylar müxalifətin özünə gəlməsi, dirçəlməsi və toparlanması üçün yaxşı fürsətdir. Müsahibizin qənaətincə, bunun nə qədər yerinə yetiriləcəyini demək çətindir: "Ola bilsin yenə də daxili ittihamlar, çəkişmələr, xalqın əsası olmayan vədlərlə aldadılması bir çox partiyaların si-yasi xəttinin əsasını təşkil etsin. Bütün bunlara baxmayaraq, cəmiyyətdə yeni müxalif siyasi təfəkkürün və mübarizə metodlarının yetişdiyi görünməkdədir".
Borçalı Cəmiyyətinin sədri, KXCP üzvü Zəlimxan Məmmədli isə siyasi fəaliyyətin fəsillərə uyğunlaşdırıl-masının yanlış olduğunu bildirib: "Əgər siyasət deyilən, dünyanı dəyişən bir şey fəsillərlə idarə oluna-caqsa, vay o siyasətin də, o siyasətçinin də halına. Siyasət - hədəflənməsi tam aydın olan, fəsillərdən asılı olmayaraq ardıcıl fəaliyyət proqramına malik, yolu aydınlığı ilə dərk edən və yükü daşıyan insanların əməli fəaliyyət meydanıdır. Fəsillərlə təsərrüfat idarə olunar, siyasət yox. Borçalı Cəmiyyətinin tam aydın proqramı və ona uyğun fəaliyyət planı var. Biz ona uyğun davranırıq. Siyasilərimiz isə Azərbaycan dövlətçiliyinin təhdid altında olduğunun fərqində olub cəmiyyətdə barış və sülhü aparıcı etmək üzərində düşünsələr gözəl olar. Mən də bu layihənin gerçəkləşməsi üçün gərəkəmləri etməyə hazıram. Yox, əgər siyasətə köhnə komplekslərlə yanaşacaqlarsa, işləri avand olsun".

YAP hər şeyə hazırdır

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə qarşıdakı dönəmdə əsas diqqətini bələdiyyə seçkilərinə ayırıb. YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, YAP bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. Partiyanın İdarə Heyətinin seçkilərlə bağlı qərarı var və bu qərara uyğun ola-raq addımlar atılır: "Seçkilərlə əlaqədar partiyanın tədbirlər planı müəyyənləşdirilib və plana uyğun olaraq bu istiqamətdə fəaliyyət davam edir. Hazırda bələdiyyə üzvü olan YAP-çıların ötən müddət ərzində fəaliyyəti təhlil olunur, kimlərin namizədliyinin yenidən irəli sürülməsi, digər seçki kampaniyalarında fə-al iştirak edən, tədbirlərdə aktiv olan gənclərin və qadınların arasından namizədlərin müəyyənləşdiril-məsi yönündə daxili müzakirələr aparılır. Eyni zamanda, seçki kampaniyasında müşahidəçi və məşvrətçi səs hüquqlu üzvlərin müəyyənləşməsi istiqamətində də iş aparılır".
YAP-çı deputat onu da vurğulayıb ki, partiyanın bələdiyyə seçkiləri ilə bağlı proqramı, o cümlədən namizədlər üçün lazım olan təşviqat materallarının nümunələri hazırlanmaq üzrədir: "Yəni, bələdiyyə seçkilərinə rəsmi start veriləndə artıq, YAP bütün məsələlərə hazır olacaq. Bilirsiniz ki, seçkilərə hazırlıq prosesi ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib və müşavirədə yerli strukturlara müvafiq tövsiyə və tapşırıqlar verilib. Bu yöndə fəaliyyətimiz tədbirlər planına uyğun olaraq davam etdirilir".

- See more at: http://reytinqinfo.az/manset/984-m%C3%BCxalif-d%C3%BC%C5%9F%C9%99rg%C9%99nin-pay%C4%B1z-plan%C4%B1-b%C9%99lli-deyil.html#sthash.FgFw7Zgl.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR