“Qoca alman”, molla və arvadı

img

13-09-2014 [13:26]


Legionerlərdən ibarət "yığma” komandamızın bolqarlara məğlubiyyətini canlı izləyə bilmədim. Nə yaxşı da ki, izləmədim. Amma və lakin...

Qəbələdəki "Yatmış gözəl” dağından əsən sərin havanı sinəmə çəkib, məğlubiyyəti həzm elədim. "Sirab”la limon da hazır eləmişdim, dedim birdən sərin hava kömək etməsə, bunları qatıb, içərəm. Hələ içinə bir balaca da Naxçıvan duzu səpirsən. Min bir dərdə dərman olur eee. Dəfələrlə yoxlamışam, nəticəsi qənaətbəxşdi. Valerian” atmaqdan bezmişəm daha. Mədəm dərman qəbul eləmir. 

Məğlubiyyət sizə də çox yer elədi, bilirəm, danmayın. "Qoca alman”a qarşı bütün kin-küdurətinizi boşaltdız "feys”də statuslarınıza. Xəbərim var, oxumuşam. Dostlar oyundan sonra məlumat verdilər ki, Berti Foqts maşına minməyə gedərkən peysərini tez-tez qaşıyırmış. Niyə? Çox nankorsuz. Biriniz öyrənmədiz ki, bəlkə kişi xəstələnib, diatez olub, qaşınması var. 

Mikayıl Nərimanoğlundan da nəyi var, incimişəm. Elə xətrimə dəyib ki, daha deməli deyil. Rəşadın uğurlarına sevinməyənlər o dəqiqə sms yazdılar ki, Mikayıl müəllim Müseyibzadəyə imkan yaratmadı ki, sual versin Bertiyə. Əslində, Mikayıl müəllimdə də günah görmürəm. Elə bilirmiş ki, Rəşad mikrofonu alan kimi o məşhur ifadəsini işlədəcək: "Nətərsiz, əə q....?”. 

Dözümlü xalqıq. Dözümlü olduğumuz qədər də səbrliyik. Lap elə molla ilə arvadı qədər də səbrliyik. Molla bir gün söhbət əsnasında arvadına deyir: 

- Arvad, bu dünyamız heç, amma o dünyada biz kef edəcəyik. 

Arvad soruşur: - Niyə ay başına dönüm, nə bilirsən? 

Molla: - İkimizin də yeri cənnət olacaq. 

Arvad: - Sən nədən bilirsən ki, biz cənnətə gedəcəyik? 

Molla səbrlə cavab verir: 

- Niyə də bilməyim? Bu sir-sifət ki məndə var, sən hər gün mənə baxıb səbr edirsən. Amma sən də sir-sifətinin zəhrimarlığında məndən geri qalmırsan. Mən də sənə baxıb, səbr edirəm. Səbr edənlərin də yeri cənnətdi. 

İstədiyimiz yar idi, yetirdi pərvərdigar. İndi də biz altı ildi səbrlə Bertiylə "baş-başayıq”. Amma "qoca qəhrəman” bizdən də səbrlidi. İllərdi bütün etik, qeyri-etik sözlərimizə dözür, səbr nümayiş etdirir. Hə, deməli, biz cənnəti də indidən "bron” etmişik. Məhz elə buna görə Berti müəllimə və onun legioner "yığma”sına təşəkkür düşür. 
P.S. Rəşad Müseyibzadə, sualları hazırla, cənnətdə verərsən Bertiyə. O da bizimlə bir yerdə olacaq. Amma xahiş edirəm, o məşhur kəlamını cənnətdə də təkrarlama.

Emin Tarverdiyev, [email protected],
komanda.az

Digər xəbərlər
SON XƏBƏRLƏR