Məhkəmə AXCP funksionerini buraxmadı, jurnalist həbsdə qalacaq

img

12-09-2014 [15:01]


Bu gün Sumqayıt Apelyasiya Məhkəməsində "Azadlıq” qəzetinin şöbə müdiri, "Azərbaycan saatı” proqramının aparıcısı, AXCP fəalı Seymur Həzinin apelyasiya şikayətinə baxılıb.

Məlumata görə, məhkəmə prosesi qapalı keçirilib, apelyasiya şikayəti təmin olunmayıb. Abşeron Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bununla da Seymur Həzinin barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilməyib.

Xatırladaq ki, avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Seymur Həzinin Bakı şəhər sakini Məhərrəm Həsənovla davası düşüb. Abşeron Rayon Polis Şöbəsi və Abşeron Rayon Prokurorluğunun birgə məlumatına görə, Seymur Həzi Məhərrəm Həsənovun başına su şüşəsi ilə zərbə endirib, yumruq və təpiklə sifət nahiyəsinə vuraraq ona bədən xəsarətləri yetirib.

Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində Seymur Həziyə Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Avqustun 30-da isə barəsində həbs-qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla Məhərrəm Həsənovun Seymur Həziyə yumruqla xəsarətlər yetirdiyi bilinib. Məhərrəm Həsənova Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilib, barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

221.1-ci maddəyə əsasən, Məhərrəm Həsənova üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası düşür.

Seymur Həzinin ittiham olunduğu 221.3-cü maddənin sanksiyası isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmədir.

32 yaşlı Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini bitirib, AMEA-nın Fəlsəfə İnstitutunun aspiranturasında təhsil alıb. 2000-ci ildən AXCP-nin üzvüdür.(virtualaz.org)

Digər xəbərlər
SON XƏBƏRLƏR