DSMF-nin Ucar şöbəsində müdhiş oyun, rəhbərliyin adından bankdan gizli pul çıxarılıb - Şikayət

img

12-09-2014 [13:33]


Ucar rayonunun Qazyan kəndi sakini Hüseyn Miriş oğlu Hüseynov tərəfindən Mia.az-a şikayət məktubu daxil olub. 

Şikayətçi yazır ki, Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinin  rəisi Əliş Cəbrayılov və İslam adlı əməkdaşı vəzifə səlahiyyətlərindən və onun savadsızlığından sui-istifadə edərək, 8850  manat pulunu bankomatdan çıxarmaqla mənimsəyiblər: "17 il qaynaqçı işlədiyim üçün mən 57 yaşımda pensiyaya çıxmalı idim. Ancaq  elə bilirdim ki, 65 yaşım tamam olanda pensiyaya çıxa bilərəm. Tanıdığım bir şəxs başa saldı ki, qaynaqçı işlədiyim üçün 57 yaşında pensiyaya çıxmalı idim. Buna görə mən 57 yaşımdan bu günə qədər 8 il qalmış pulu ala bilərəm. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinə müraciət etdim. Onlar sənədlərimi hazırladılar və pensiyaya çıxdım. Şöbənin rəisi Əliş Cəbrayılov və İslam adlı əməkdaşı pensiya kartımı qeydiyyatdan keçirmək adı ilə özlərində saxlayıb, hesabımda olan 8850 manat pulumu çıxardıblar. 500 manat saxlayıblar ki, guya hesabımda bu qədər pensiya pulum var. Mən tanışımın köməyi ilə "Kapitalbank"dan çıxarış sənədi aldım və məlum oldu ki, hesabımda olmuş 9350 manat pulun 8850 manatını DSMF-nun Ucar rayon şöbəsinin rəisi Əliş Cəbrayılov və İslam  adlı əməkdaşı əlbir olub götürüblər".

Şikayətçi yazır ki, pulunun qaytarılmasını tələb etdikdə isə ona minnət qoyublar: "Mənə bildirdilər ki, sənə bu boyda iş düzüb -qoşmuşuq, xərci budur, bu pulun çox hissəsini  DSMF-nin rəhbərliyə veririk, yoxsa mümkün deyil. Bir neçə dəfə gedib onlardan pulumu istədim, axırda mənə dedilər ki, biz pulunu çıxarmamışıq, hara istəyirsən, şikayət et. Ancaq yenə də tanışlar mənə bildirdilər ki, bankomatdan kartla pul çıxaran şəxsin fotosunu robot çəkir, yaddaşda 5 il saxlayır. Həmin fotonun 4 ədədi dərhal baş orqanlara komputer vasitəsiilə avtomatik göndərilir. Mənim əlimdə artıq hansı tarixdə, saatda pulumun çıxarılması barədə bank çıxarışı var. Bununla bağlı artıq şikayətlər də göndərmişəm. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova və DSMF-nun sədri cənab Elman Mehdiyevə müraciət edib, xahiş edirəm, küllü miqdarda pulumu mənimsəmiş DSMF-nun Ucar rayon şöbəsinin rəisi Əliş Cəbrayılovun və İslam adlı əməkdaşı barəsində qanunu tədbirlər görəsiniz".

Şikayətlə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR