Hakimin 600 min manatlıq sensasion kələyi

img

12-09-2014 [13:36]


2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verildi

Buna keçmiş hakimin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması səbəb oldu.

Az sonra isə Həsən Əliyev barəsində cinayət işi açıldı. O, uzun müddət çalışdığı məhkəmə binasına artıq hakim kimi deyil, təqsirləndirilən şəxs kimi qədəm basır...

Xatırladaq ki, dələduzluqda ittiham olunan H.Əliyevlə yanaşı daha iki nəfər - 1960-cı il təvəllüdlü Elman Məmmədov və 1984-cü il təvəllüdlü Taleh Süleymanov da cinayət məsuliyyətinə cəlb olunublar. E.Məmmədovla T.Süleymanov müttəhimlər kürsüsündə, sabiq hakim isə zamindədir.

Bu barədə bir qədər sonra. İndi isə hakimi müttəhimə çevirən hadisədən söz açaq.

Uzun müddət Rusiyada işləmiş Bakı şəhər sakini Ramazan Səlimov Azərbaycana dönəndən sonra vəzifəyə təyin olunmaq istəyir. Bununla bağlı tanışı - Ağdam rayon sakini Elman Məmmədova müraciət edir. E.Məmmədov isə öz növbəsində onu H.Əliyevlə tanış edir. H.Əliyev R.Səlimovu vəzifəyə təyin etdirəcəyini bildirir. Bunun müqabilində isə R.Səlimov ona 600 min manat pul verir.

Lakin H.Əliyev verdiyi vədi yerinə yetirə bilmir. Üstəlik aldığı pulu da qaytarmaq istəmir.

R.Səlimov bir qrup şəxsin ona məxsus 600 min manatı ələ keçirməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edir. İstintaq araşdırmaları zamanı E.Məmmədov və T.Süleymanov tərəflərin tanış olmasında və pulun alınmasında vasitəçilik etdiklərinə görə məsuliyyətə cəlb olunurlar.

Sözügedən cinayət işi üzrə istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. İstintaq yolu ilə müəyyən edilib ki, H.Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışarkən, yəni 2011-ci ilin sentyabr ayında tanışı E.Məmmədovla sonuncunun tanışı R.Səlimovun Mərdəkandakı bağ evinə gedib. O, pul müqabilində R.Səlimovun rayonlardan birinə icra başçısı təyin etdiriləcəyinə dair vəd verib.



H.Əliyev bir neçə gündən sonra Nəsimi rayonu ərazisindəki "Koala” parkında yenidən E.Məmmədovun vasitəsilə R.Səlimovla görüşüb və ona sənəd və pulları hazırlamağı tapşırıb. R.Səlimov deyilənləri E.Məmmədovun vasitəsilə H.Əliyevə çatdırıb. Növbəti görüş - 2011-ci il, noyabrın 1-də "İzmir” restoranında baş tutub.

Zərərçəkmiş R.Səlimov istintaqa verdiyi ifadəsindən: "Əvvəllər rabitə sistemində, vergi idarələrində işləmişəm. Ştatların ixtisarı ilə əlaqədar işdən çıxarılmışdım. İxtisasıma uyğun Rabitə Nazirliyində və ya "Azərenerji”də rəhbər vəzifəyə düzəlməyə çalışsam da alınmırdı. Elman Məmmədovu müəyyən əlaqələrə malik olan şəxs kimi tanıyırdım. Ona görə də iş axtardığımı demişdim.

2010-cu ildə Elmanla Dənizkənarı Milli Parkda görüşüb söhbət edə-edə piyada Bakı Ağır Cinayətlər Məhkəməsinə tərəf gəldik. Elman məhkəmədə bir nəfərlə görüşüb içəri keçdi. Məhkəmədən çıxandan sonra həmin şəxsin hakim Həsən Əliyev olduğunu, yaxın dost olduqlarını, Binəqədidə bir yerdə işlədiklərini bildirdi.

Sonradan Elmanla "Koala” parkında, bulvarda arabir görüşür, mənim işə düzəlmək məsələmi müzakirə edirdik. Hər dəfə Elman deyirdi ki, sənin işinlə ciddi maraqlanıram, müəyyən şəxslərə ağız açıram, amma heç bilmirəm sənin pulun var, ya yox.

Bu sözdən sonra Elmanı Mərdəkandakı bağ evimə apardım, özümə məxsus 1 milyon 100 min manat nağd pulu ona göstərdim. Elman da mənim iş məsələmlə bağlı əməlli-başlı məşğul olacağını dedi.




2011-ci ilin sentyabr ayında Elman zəng vurub işə düzəlmə məsələsini yüz faiz həll edəcəyini dedi və növbəti gün məni Həsən Əliyevlə tanış etdi.

"Həsən müəllimin yüksək vəzifəli şəxslərlə çox geniş əlaqələri var, sənin işə düzəlmə məsələni həll etməyə qadir şəxsdir” - deyə Elman bildirdi.

Kafedə oturub iki saata kimi söhbət etdik. Söhbət əsnasında hiss etdim ki, Həsən Əliyev mənim barəmdə məlumatlıdır. Hansı vəzifədə işləmək istədiyimi soruşdu. Mənsə hansı sahəyə düzəldə biləcəyi ilə maraqlandım. Cavabında dedi ki, o baxır sənin yorğanının ağırlığına, yəni puluna. Əlavə etdi ki, səhiyyə və güc strukturlarından başqa istənilən sahəyə, istənilən vəzifəyə təyin etdirmək imkanı var, hətta rayonlardan birinə icra başçısı da təyin etdirə bilər.

İki gündən sonra CV hazırlayıb Elmana verdim. Aradan bir aya yaxın vaxt keçmişdi. Hər dəfə maraqlananda Elman deyirdi ki, narahat olma, sən pulu hazır saxla”.

Zərərçəkmişin sözlərinə görə, bir müddət sonra sabiq hakim özü ona zəng vurub: "2011-ci il, noyabr ayının 1-i idi. Dənizkənarı Milli Parkda gəzirdim. Həsən Əliyev zəng vurdu. Biləndə ki Milli Parkdayam, məni Sahil bağına tərəf çağırdı. "İzmir” restoranında oturub nahar etdik. Həsən Əliyev bildirdi ki, ona yolladığım sənədləri lazımi adamlara təqdim edib və Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri sənədləri tam yoxlayıb. İcra hakimiyyəti başçısı vəzifəsinə təyin olunma məsələsinə razılıq verilib, "yaşıl işıq” yandırılıb. Dedi ki, icra başçısı vəzifəsinə təyin olunmaq üçün regiona, rayonun böyük-kiçikliyinə görə tələb olunan pulun məbləği 1 milyonla 5 milyon manat arasında dəyişir. Mənsə bildirdim ki, 1 milyona gücüm çatır, elə kiçik rayonlardan birinə başçı təyin etsinlər.



Həsən Əliyev də dedi ki, yaxın günlərdə məsələni həll edəcək. Onun yadına saldım ki, əvvəllər dələduzluğa görə məhkum olunmuşam, bu, mənim işimə mane olmayacaq ki... Dedi, hər şey danışılıb, narahat olma. Əgər həbsə düşməmisənsə, cərimə cəzasına görə məhkumluq bir ildən sonra avtomatik ləğv olunur, vəzifəyə təyin olunmağa maneçilik törətmir.

Bu görüşdən qısa müddət sonra Həsən Əliyev yenə zəng vurdu. Bu dəfə onun işlədiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısındakı kafedə görüşdük. Həsən müəllim dedi ki, məsələnin 50 faizini həll eləmişəm. 1 milyon dolları hazır saxla.

Kafedən çıxıb məhkəmə binasına girdik, 3-cü mərtəbəyə qalxdıq. Baxdım ki, doğrudan da yoldan keçən adam deyil, kabineti, işçisi, qapısının üstündə adı, soyadı, vəzifəsi yazılmış lövhə var. Ağlıma da gəlmədi ki, məni aldadar”.

Zərərçəkmiş R.Səlimov ifadəsində göstərib ki, hakim ondan bu iş üçün 300 min manat əlyazma qəbzlə, 300 min manat da notariat qaydada alıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, istintaq materiallarında "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidentinin, Siyəzən, Tərtər, Qobustan və Şamaxı rayonlarının icra başçılarının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin adları hallanır.

R.Səlimov vəzifəyə təyin olunmasında kömək göstərmələri üçün hakim H.Əliyevlə birlikdə həmin vəzifəli şəxslərin yanına getdiyini bildirib: "Noyabr ayının əvvəllərində Həsən Əliyevlə birlikdə Siyəzən rayonuna gedib icra başçısı Arif adlı şəxslə görüşdük. Ondan məni birinci müavin vəzifəsinə təyin etməyi xahiş etdi. Amma bu iş alınmadı. Həsən müəllim darıxmamağı tapşırdı. Sonradan Qobustan rayonunun icra başçısı ilə də birinci müavin məsələsi müzakirə olundu, amma işin həlli istiqamətində müsbət nəticə əldə olunmadı.

Həsən Əliyev növbəti dəfə məni Mingəçevir şəhərinin və Tərtər rayonunun icra başçısı vəzifəsində işləyən şəxslərlə görüşdürdü. Bu dəfə də alınmadı.

İcra başçısı söhbəti alınmayınca mənə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinə rəis vəzifəsi təklif olundu. Amma bu da alınmadı.

Həsən Əliyevdən pulumu geri istəməyə başlayanda pulun əvəzinə mənzil və maşın təklif etdi. Razılaşmadım. Bir müddət arxasınca düşdüm, işlədiyi məhkəmənin qarşısında qaldım. Anladım ki, hakim hər dəfə bir bəhanə ilə məni süründürüb pulumu qaytarmayacaq. Ona görə də polisə şikayət etdim. Ötən il mart ayının 19-da Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə gedərək polis rəisi ilə görüşdüm, şikayət ərizəsi yazdım. Həsən Əliyev polis bölməsinə aprelin 10-da gəldi. Bölmədə etiraf etdi ki, 600 min manatı guya borc alıb və bir ay müddətinə restoranını, kafesini satıb pulu qaytaracaq. Mənə "Palma” adlı restoranını, Pirşağıda 3 mərtəbəli bağ evini, Novxanıda 2 hektar torpağını, Ayna Sultanovanın yanındakı qadın gözəllik salonunu, "İçərişəhər” metrosunun yanında yeni tikilidə 3 otaqlı mənzil təklif etdi. Amma bu sənədləri görmədim və başqa adamların adına olduğuna görə qəbul etmədim.



Bir aya kimi pulu qaytaracağına söz versə də iki ay ərzində pulu qaytara bilmədi. Dəfələrlə polis bölməsinə gedib işlə maraqlanırdım. Bölmə rəisi Hikmət Usubov iyun ayının 13-də zəng vurub məni bölməyə dəvət etdi. Onun otağına girəndə Elman Məmmədovu gördüm.

Elman mənə bu məsələni özü həll edəcəyini dedi. Bayırda mənə 100 min manat verdi. On gündən sonra 80 min, daha sonra 70 min gətirib verdi. Sonradan Elman gəlib dedi ki, Həsən Əliyev pul verməkdən imtina edir. Bölmə rəisi isə artıq bu işi prokurorluğa göndərəcəyini dedi.

2013-cü ilin avqust ayında Həsən Əliyev Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edib ki, Elman Məmmədov onun 100 min manat pulunu alaraq aldadıb. Bu barədə hər hansı məlumatım olmayıb”.

Həsən Əliyev özünü təqsirli bilməyib. O, Elman Məmmədovu və Ramazan Səlimovu tanıdığını, ona qarşı heç bir dələduzluq etmədiyini, Ramazan Səlimovdan öz dəst-xətti ilə yazdığı qəbzlə əvvəl 300 min manat və notariat qaydada daha sonra yenə 300 min manat borc pul aldığını göstərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR