Oğlumun toyu “Gülüstan” sarayında olub - Hadı Rəcəbli

img

12-09-2014 [01:13]


Yas və toy mərasimlərində yol verilən israfçılığın tənqid olunması təklif ilə hələ illər əvvəl çıxış edənlər olub. Onlardan biri, bəlkə də birincisi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblidir. Millət vəkili hələ bir neçə il əvvəl bu məsələni qabardaraq yas və toy mərasimlərinin tənzimlənməsinin vacibliyi fikrini önə çəkmişdi.

Mia.az virtualaz.org-a istinadən millət vəkili Hadı Rəcəblinin müsahibəsini ixtisarla təqdim edir:

- Yəqin ki, xarici ölkələrdə toy məclislərində iştirak etmisiniz və orada toy məclislərinin necə keçirilməsindən xəbərdarsınız. O toylar bizim toylardan nə ilə fərqlənir?

-Məsələn, Rusiyada toylar çox sadə keçir. 20-30 nəfər yığışıb restoranın bir küncündə toy edirlər. Türkiyədə toylarda diskoteka olur, İsveç masası olur. Toy sahibi də istədiyi bir-iki cür yemək sifariş verir. Yəni xaricdə insanlar toya istirahət eləməyə gəlir. Daha bizdək kimi qulaqbatırıcı musiqinin gurultusu altında əzilməyə, bir oturuma 30-40 cür təamın dadına baxmağa yox. İranda da toylar maraqlı keçir. Düzdür, orada kişi və qadın məclisləri ayrı olur, amma toy sahibi qonağına bir qab plovunu verir, sadə toy edir. Avropa toylarına da baxmaq lazımdır. Nəzər yetirmək lazımdır ki. Avropada, qonşu ölkələrdə toylar necə keçirilir. Biz axı niyə bu qədər ağını çıxarmışıq? Bizim toy və yas mərasimləri heç bir ölkə ilə müqayisə oluna bilməz.

- Sözünüzdən belə çıxır ki, dünyada bu cür ifrat toy məclisləri quran yeganə ölkə bizik. Bəs bunun səbəbi nədir? Biz niyə sadə toy edə bilmirik? Bacarmırıq, yoxsa istəmirik? Bəlkə adət-ənənələrimiz mane olur?

-Bunun birinci səbəbi bəhsləşmək azarıdır. Hamı bir-biri ilə bəhsə girməyə çalışır. Bizdə "filankəs oğluna belə toy elədi, bəs mən ondan əskik adamammı” stereotipi, kompleksi var. Orta imkanlısı da, varlısı da bu cür düşünür. Bakıda bu gün şadlıq evləri "ortababların və varlıların şadlıq evləri” deyə iki kateqoriyaya bölünüb. Toylardan olan narazılıqların səbəbləri artıq gözə girir. Qeyd etdiyim kimi, müğənnilərin "oxuduğu” qiymətlər, şadlıq evlərində təqdim edilən məcburi menyular artıq həddi-səddi aşıb. Varlıların toy etdiyi şadlıq evlərində bir nəfər üçün qiymət 100-150 manatdır. Orta aylıq əməkhaqqı ilə müqayisəli götürəndə bu qiymətlər dəhşətdir...

- Bu qeyd etdikləriniz hər kəsi ciddi narahat edən məlum məsələlərdir. Zamanla bu mövzular mətbuata da çıxarılıb və müzakirə olunub. Ancaq nəticə yoxdur. Siz çıxış yolu olaraq nə təklif edirsiniz?

-Bunun qarşısını inzibati metodlarla, yuxarıdan qadağan etməklə almaq mümkün deyil. Bu gün Azərbaycanda bəs qədər qanun var. Məsələn, səslə bağlı qanun var. Yəni şadlıq evində səsin neçə bal olması qanunla tənzimlənir. Ancaq bu qanun hər addımda pozulur. İndi şadlıq evləri və restoranlardakı səsin balı ölçülsə, məlum olacaq ki, o, insanı kontuziyaya salacaq dərəcədədir. Şadlıq evi üçün tikilən binalarda akustikanı tənzimləyən normativlər, qurğular olmalıdır, ancaq yoxdur.

Sanitar-epidemioloji xidmət orqanları tərəfindən yeməklərin keyfiyyətinə nəzarət edilməlidir. Şadlıq evləri haradansa lisenziya alır. Bu lisenziyanı verəndə şadlıq evinin sahibini başa salmaq lazımdır ki, sən camaata öz menyunu zorla sırımamalısan. Camaat səndən gəlib restoranını kirayə götürməli, istədiyi yeməyi sənə sifariş verməlidir. Şadlıq sarayının sahibi öz yerini kirayəyə verib qazanc əldə edə bilər, amma yemək çeşidi məsələsində, menyuda insanları məcbur etməməlidir.

Müğənnilərin bir neçə saatlıq ifa üçün aldığı məbləğ adamı dəhşətə gətirir. Bunu düşünən varmı ki, o müğənnilər aldıqları bu puldan nə qədər vergi ödəyirlər, ümumiyyətlə ödəyirlərmi? Onlar vergi ödəmir. Əgər onlar vergi və maliyyə strukturları ilə üz-üzə qalsaydılar, bu gün camaata bu qədər zülm etməzdilər. Şadlıq saraylarının bəzədilməsi, geyimlərin alınmasında da həddi çox aşırlar. Bütün bunların qarşısı necə alına bilər? Nümunə yaratmaqla. Məsələn, bir imkanlı vəzifəli şəxs, yaxud bir iş adamı, sənət adamı öz övladına çox sadə, təvazökar bir toy edə bilər. Türkiyədəki, Avropa ölkələrindəki toy modelini örnək götürmək olar...

- Mümkündürmü ki, bizdə hansısa bir məmur övladına dediyiniz kimi sadə bir toy eləsin? "Buta Palace”da sahibkarlar, nazirlər, deputatlar övladlarına toy edir. Oradakı toylar sadə olarmı? İnandırıcı gəlmir axı...

- Düzdür, "Buta Palace” dəbdəbəli saraydır. Burada dediyiniz toy məclisləri də olur. Yaxşı, "Buta Palace”da əməkhaqqı, imkanları çox olanlar toy eləsin. Və edirlər də. Amma mən təklif edirəm ki, heç olmasa nazirlər də bir az sadə toy etsinlər. "Buta Palace”də sadə toylar çox olur. Ora bir az əzəmətli yerdir, adı var. Amma sadə toylar da olur. Yeməklər az verilir. Mən bu cür sakit, mədəni, təvazökar toy məclislərində iştirak etmişəm.

- Hadı müəllim, toyların sadə keçirilməsi ilə bağlı başqa təklifləriniz varmı?

- ASAN Xidmətin bir qolunu şadlıq evlərinə bağlamaq olar.

- ASAN Xidmət şadlıq evində nə xidmət göstərə bilər?

- ASAN Xidmət indi necə asan xidmət göstərirsə - elə. Şadlıq evinin özünün ASAN Xidmət kimi xidmətini təşkil etmək olar. Sadə formada toy edən gəlsin, öz sifarişini istədiyi kimi versin. Və ya yeni bir neçə yer tikilsin. Ancaq adı şadlıq evi olmasın. Məsələn, indiki gənclər və mədəniyyət evlərində də sadə toy məclislərini təşkil etmək olar. Bu cür yerlərdə nümunəvi toylar etməklə bu məsələyə diqqəti yönəltmək olar. Bu işə QHT-ləri, Gənclər və İdman Nazirliyini, Təhsil Nazirliyini cəlb etmək olar. Tutalım, elə Nəqliyyat və ya başqa bir nazirliyin rəhbərliyi öz işçisinə sadə bir toy etsin və bu mərasim də nümunə kimi göstərilsin. Bu örnək addımlarla indiki vəziyyətin qarşısını ala bilərik. İlk addımlar bir az çətin və qəliz olsa da bu, mümkündür. Misal üçün, indi ASAN Xidmətin fəaliyyəti göz qabağındadır.

- Hadı müəllim, müsahibəyə başlamazdan qabaq söhbət edəndə dediniz ki, dünən (sentyabrın 9-da-red.) sizin evlliliyinizin ildönümü idi. Maraqlıdır, sizin toyunuz necə keçib? Eşitdiyimizə görə, Lənkəranda ilk komsomol toyunu siz etmisiniz...

-Hə, sentyabrın 9-da ailə həyatı qurmağımın 42-ci ildönümü idi. Bəli, o zaman toyda Moskvadan, komsomolun Mərkəzi Komitəsindən adam iştirak edirdi. Siyahını yazıb raykoma vermişdik ki, 50 nəfər adam iştirak edəcək. O vaxt bu, inzibati-amirlik metodu idi. Komsomol katibləri kimi örnək olmalı idik. Ancaq qaydalar bir az fərqli və məcburi idi. Qohumlarımdan bəzilərini toya çağıra bilmədim. Toydan da başabaş çıxdım. Yəni toydan cibimə 5-6 min rubl qalmadı (gülür). Görürsünüz, zaman-zaman çox şey dəyişir. 70-ci illərdən biz bəzi addımları atmağa başladıq.

- Övladlarınızın toyu necə olub?

- 4 övladımın da toyu fərqli olub. Sadə olub deyə bilmərəm, amma fərqli olub. Böyük oğlumun toyu "Gülüstan” sarayında olub. Düzdür, orada mənə xüsusi imkanlar yaradılmışdı. Lənkəranda bişən ləvəngini həmin sarayda süfrəyə qoymuşduq. Toy elə də təmtəraqlı olmadı. Ancaq sizinlə danışdığım qədər də sadə olmadı. Yeməklər sadə idi. Dağıdıcılıq, israfçılıq yox idi.

- Yəni "Gülüstan”da etdiyiniz o toy varlılara örnək olacaq toy idi?

- Varlı-kasıb məhfumuna bir az fərqli baxaq. Qismən imkanı yaxşı olan, qismən imkanı zəif olan deyək. İnsan gərək ayağını yorğanına görə uzatsın. Mənim də elə qohumum var ki, adam sayı az olan kiçik şadlıq evində toy edir və mən də gedib o məclisdə iştirak edirəm. Toy elə bir gündür ki, buna norma, qayda qoymaq olmaz. Tacikistan prezidenti İmaməli Rəhman yazıb ki, toya 80 nəfərdən artıq çağırmaq olmaz, toy kortejində 5 maşından artıq olmaz, yemək iki növdən artıq olmaz. Bunlar gülünc görünür. Bizdə bunları etmək olmaz.

- Hadı müəllim, yas mərasimlərində dəbdəbəli ehsan verilməməsi məsələsi hazırda toylardan daha çox diqqət mərkəzindədir. Və artıq sentyabrın 1-dən Bakıda və ətraf rayonlarda yerli icra hakimiyyətləri, polislər tərəfindən ehsan verilməsinə müdaxilələr edilir. Müəyyən qadağalar qoyulub. Hətta bu qadağaları pozanlara qarşı cərimələr tətbiq edən icra hakimiyyətləri də var...

- Qadağalar olmaz. Bununla bağlı heç bir qanuni qadağa yoxdur. Qanunlarda cərimə yoxdur. Kimsə bunu özündən fikirləşib. "Naxçıvan modeli”ni tətbiq etmək lazımdır. Naxçıvanda yas məclisini varlı da, kasıb da eyni cür keçirir. Bunu dini qurumlar və icra strukturu həyata keçirir. Bələdiyyənin, kənd icra nümayəndəsinin və mollanın həmin kənddə nüfuzu varsa, bu modeli tətbiq etmək olar. Yoxsa ki, bunu cərimə ilə, polisin müdaxiləsi ilə etmək olmaz.

- Ancaq sentyabrın 1-dən bu günədək inzibati müdaxilələr var. İcra hakimiyyətindən nümayəndələr gəlir və yas sahibinə xəbərdarlıq edir. Daha sonra isə polis əməkdaşları çadırlarda ehsanın verilb-verilməməsinə nəzarət edir. Ehsan verənlərə müdaxilə edilir...

- Mən bunun tamamilə əleyhinəyəm. Necə ola bilər ki, kimsə gəlib verilən ehsana müdaxilə etsin, buna imkan verməsin? Bu şəkildə müdaxilə qətiyyən olmaz. Yalnız tövsiyə xarakterli, ağsaqqal dili ilə məsləhət verilə bilər. 2002-ci ildə atamın hüzrü düşəndə o zaman 3, 7, 40 mərasimləri verilirdi. Mən o zamanda Şeyxlə bu yas mərasimləri haqda danışırdım. Şeyx mənə dedi ki, Lənkəranda sən özün nümunə ol. Lənkəranda çadırı 3 gündən sonra yığana pis baxırdılar. Amma mən 3 gündən sonra çadırı yığdırdım. Ancaq həyətimizdə oturmaq üçün şərait yaratdım. Lakin küçədən çadırı yığışdırdıq. O zaman qəbir üstünə kənddən dəstə ilə adam gedirdi. Mən buna da icazə vermədim. Qardaşlarımla birlikdə gedib atamızın qəbri üstə "Yasin” oxutdurub gəlirdik. Yəni bu cür işlər qadağa ilə mümkün olmaz. Buna nə toyda, nə də yasda yol vermək olmaz. Naxçıvanda yaslarda bu cür qaydalar necə başladı? Vəzifəli şəxslərdən birinin yasında rəhbərlik çağırıb deyib ki, gəl sən nümunə ol və sadə şəkildə yas mərasimi təşkil et. Bu da camaata nümunə oldu. Dəbdəbəli yas mərasimləri heç şəriət qaydaları ilə də doğru deyil. İnsanlara bunu başa salmaq lazımdır. Bələdiyyə, icra nümayəndəsi, molla bu istiqamətdə maarifləndirici işlər görməli, təbliğat aparmalıdır. Məsələn, icra nümayəndəsi hüzrlərdən birini özü versin və bununla da örnək olsun. İnsanlara göstərsin ki, sadə yas mərasimi necə keçirilməlidir. Qəbiristanlıqlar haqqında qanunlar var. Qəbirlərin necə olmasını qanunla tənzimləmək olar. Ancaq yaslarda ehsanın necə verilməsini yox.

- Qəbiristanlıqlardakı vəziyyət məlumdur. Görünən budur ki, qanun olsa da bunu tənzimləmək olmur...

- Təbii ki, burada da insanlar arasında bəhs məsələsi var. Mənim atamla anamın məzarı Lənkərandadır. Qəbirlərin üstü götürülərkən adi bir qəbir daşı seçdik - digərlərindən nə hündür, nə də alçaq. Babamla nənəmin qəbir daşları da sadədir. Ancaq bizim uzaq qohumlarımızdan biri həmin qəbiristanlıqda valideynlərinə elə qəbir daşları qoydurdu ki, bizim qəbir daşlarından iki dəfə hündür. Həmin adam bizdən bəlkə də 50 dəfə imkansızdır. Onun bu addımla nə demək istədiyini anlamadım...

- Görürsünüzmü, nümunə olmağa çalışmısınız, amma yenə də faydası olmayıb. Bu da onu göstərir ki, inzibati müdaxilələr olmasa, təmtəraqlı ehsan verilməsinin, dəbdəbəli başdaşları qoyulmasının qarşısını almaq mümkün deyil...

- Bu, qanun kimi yox, Nazirlər Kabinetinin sərəncamı ola bilər, əsasnamə ola bilər. Şeyxülislamın yas mərasimlərinin dini qaydalarla necə keçirilməsi ilə bağlı təqdimatı ola bilər. Yas mərasiminin keçirilmə qaydaları yazılsın və ali dini şura bunu təsdiq etsin. Rayonlarda bələdiyyələr qərar çıxarsınlar, əsasnamə olsun. Ən azından tövsiyə xarakterli işlər görülsün. Bu məsələni bir vaxt qaldırmışdıq. Dəfn və qəbiristanlıqlar haqqında və yas mərasimlərinin keçirilməsi haqda əlimizdə model qanun layihəsi var...

-Hadı müəllim, yas mərasimlərinin ehsan verilməsindən başqa xərc tələb edən başqa tərəfləri də var. Məsələn, molla pulu, ölünün yuyulması, ölünü qəbiristanlığa aparan maşının xərcləri. Bunlar da kifayət qədər çox məsrəfdir. Yas sahibinə bu xərcləri ödəmək üçün dövlət tərəfindən yardım edilirmi?

- Bu məsələdə də ciddi bir problem var. Ölü üçün birdəfəlik yardım var. Amma sənədləşmə işləri aparılır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon strukturuna müraciət olunur və bu yardım iki həftə sonra mərhumun ailəsinə verilir. Ancaq o pul həmin şəxsin ailəsinə, yaxınlarına həmin gün lazımdır. Düzdür, həmin yardım yas mərasimini yola verməyə yetmir...

- Siz də bu fikirlə razılaşdınız ki, şadlıq evləri, mərasim zalları hansısa məmura, nazirə, deputata, rəisə məxsusdur. Sizin də restoranınız varmı?

- Yox, mənim şadlıq evim və ya restoranım yoxdur. Ancaq ailə üzvlərimin, oğlanlarımın, kürəkənlərimin nəyisə var...

- Şadlıq evləri varmı?

- Yox, şadlıq evləri yoxdur. Lakin bizneslə məşğul olurlar.

- Bəs sizin özünüzün şəxsi biznesiniz varmı?

- Şəxsi biznesim yoxdur. Buna vaxtım da yoxdur. Hər gün saat 10-da işə gəlib 7-də işdən gedirəm. Tez-tez ezamiyyətlərdə oluram. Yalnız Milli Məclisdəki işlərimlə məşğul oluram. Ancaq övladlarım, kürəkənlərim kiçik bizneslə məşğul olur. Cavan, enerjili gənclərdir. Onlar da cəmiyyətdən kənarda deyillər. Ancaq mütləq şəkildə qanunlara əməl edirlər.

- Yəqin ki, həm valideyn, həm də millət vəkili kimi onlara biznes işlərində dəstək olursunuz...

- Əlbəttə, oluram. Desəm olmuram, siz bunu düz qəbul etməzsiniz, bu heç düzgün olmaz. Hansısa məsələlərdə onlara məsləhət verirəm, bəzən qabağa düşürəm, hətta istəməsəm də kimlərəsə zəng də edirəm. Amma bunların hamısı qanunlara hörmət çərçivəsində olur. Çünki qanunları pozmaq olmaz.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR