Deputat Sevinc Hüseynova dələduzluqla ittiham olunur

img

04-09-2014 [11:19]


"İman 15 min pulumuzu alıb, bizə Hacıbala Abutalıbovun imzası ilə sərəncam verib. Deyib ki, bacım deputat Sevinc Hüseynovadır, evin kupçasnı 10 günə düzəldəcək, 30 mini də verib kupçanı alacağıq. O gün, bu gün, İman atlı olub, biz piyada”. Bu sözləri redaksiyamıza müraciət edən Neftçala sakini Şirzad Talıbov deyib.

Onun iddiasına görə, qudası Ələkbər Abdullayevlə 2014-cü ilin martında ev almaq qərarına gəliblər. Bunun üçün ev axtarıblar. Həmin vaxt İman adlı paraolimpiyaçının ev satdığını öyrənib onunla görüşüblər. İman deputat Sevinc Hüseynovanın qardaşı olduğunu, "Bakı” kinoteatrının yaxınlığında yerləşən və satdığı evi ona prezidentin verdiyini deyib:

"Gedib evə baxdıq, xoşumuza gəldi. İman bizə vizit kartını verdi. Dedi ki, mərhum prezidentlə də görüşüb. Vizit kartın üstündə də onun prezidentlə fotosu vardı. Bizim heç ağlımıza da gəlməzdi ki, hazırkı prezidentin ev verdiyi, mərhum prezidentin görüşdüyü və deputatın qardaşı olan bir şəxs bizi aylarla çıxılmaz durumda saxlayacaq”.

Şikayətçinin sözlərinə görə İ.Hüseynovun ona satdığı mənzil Xətai rayonu, Sarayevo küçəsində yerləşir: "İmanla razılığa gələndən sonra 35 saylı notariusa getdik. İman 15 min manatımı alıb mənə 3 illik etibarnamə ilə Hacıbala Abutalıbovun sərəncamından çıxarışını verdi. Dedi ki, bacım Sevinc Hüseynova deputatdır, kupçanı alıb verəcək. 10 gün vaxt istədi. Evi 45 min manata razılaşmışdıq. Ümumi razılığımız da belə olmuşdu ki, kupça veriləndən sonra 30 min manat da ona ödənəcək. 10 gün ötdü. İmandan səs çıxmadı. Onu tapıb sözümüzü də deyə bilmirik. Evi uşaqlarıma almışam.

Təmir etdirməliyəm. Amma İmanın allahsız hərəkəti məni çox pis vəziyyətə salıb. O, deputat bacısına güvənir, deyir ki, gedin kimə istəyirsiniz deyin. Mənə heç kim heç nə edə bilməz. Xahiş edirəm, dərdimizi İmanın deputat bacısına, Milli Məclis rəhbərliyinə çatdırın. İman ya pulumuzu qaytarsın, ya da kupçanı verib 30 min pulunu alsın. Bu qədər dolandırıcılıq, dələduzluq olmaz”. Şikayətçi redaksiyamıza İ.Hüseynovun ona veridyi sənədlərin surətini də təqdim edib. 5 aprel 2014-cü ildə tərtib olunan etibarnamədən bəlli olur ki, Hüseynov İman Əmirəhməd oğluna Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 503 saylı, 13.12.2013-cü il tarixli sərəncamdan çıxarışa əsasən ona verilmiş 2346-2347-ci məhəllədəki yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində olan 57 saylı mənzili Şirzad Talıbova satıb.

Məsələ ilə bağlı deputat S.Hüseynovanın münasibətini öyrənməyə cəhd etdik. Lakin cəhdimiz baş tutmadı. Buna baxmayaraq, yazıda adı hallanan hər kəslə yanaşı, xanım deputatın da mövqeyini dərc etməyə hazırıq.(musavat)


Digər xəbərlər
SON XƏBƏRLƏR