Azərbaycanda saytların İP davası rəsmi müzakirədə

img

02-09-2014 [16:56]


Redaktorların Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevlə görüşündə diqqətdən kənarda qalan, amma olduqca maraqlı bir məqam da baş verib.

Bu da ondan ibarətdir ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov öz çıxışında qəzetlərin, saytların bir sıra yanlış, yoxlanılmamış, hay-küylü, dezinformasiya tipli xəbərləri çap etmə səbəbi olaraq İP (elektron və yeni medianın tiraj göstəricisi, neçə unikal girişi olduğunu göstərir) yarışmasını göstərib. O qeyd edib ki, xüsusilə də tanınan saytlar İP yarışında qabağa çıxmaq üçün tiraj gətirə biləcək hər bir xəbəri ağına-bozuna baxmadan yayırlar. Digər tərəfdən, bu zaman bir sıra "pripiska” hallarına da yol verilir. Əli Həsənov deyib ki, Prezident Administrasiyasına bu yarışın xarakteri və hansı oyun qaydalarını pozaraq aparılması məlumdur.

Belə ki, o, bəzi saytları tiraj saxtakarlığında ittiham edib. Deyib ki, onlar hansı redaksiyalarda robot kompüterlər olduğunu, eləcə də hansı saytların digər proqramlar və ödənişli "qara bazar” şərtləri ilə bir sıra proqramlara qoşulması barədə məlumatlıdırlar. Bu yarışma nəticəsində də saytlar bir-birini qabaqlamaq və daha çox İP yığmaq üçün gözlərinə görünən, özlərinə maraqlı gələn, daha çox oxucu gətirə biləcək məlumatlardan istifadə edirlər. O, bu cür halların yığışdırılması zərurəti haqqında danışıb. Qeyd edib ki, bu cür oyun qaydaları, yarış media mühitini korlayır. Nəticədə də ölkəyə zərər verən dezinformasiyalar ortaya çıxır.

Bu iddiaların faktoloji tərəfi olaraq 3 günlük müharibə dövründə hərbi məlumatların, sərhədyanı bölgədən olan məlumatların yoxlanılmadan yayımlanmasını göstərib.
Biz də bu durumla bağlı "yeni media” təmsilçilərinin, eləcə də mütəxəssislərin rəyini öyrəndik.

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dedi ki, nadir hallarda iqtidar məmurlarının dedikləri ilə razılaşır və onları bölüşür. Onun sözlərinə görə, Əli Həsənovun dedikləri həmin nadir hallardan biridir: "Bu, bizim də yaralı yerimizdir. Mən hesab edirəm ki, bir sıra saytlar son vaxtlar gerçəkdən də oyun qaydalarını pozurlar. Onlar sponsorları olan bir sıra oliqarxlardan para qoparmaq adı ilə robot kompüterlərə, bir sıra oyunlara ödənişli əsaslarla qoşularaq tirajlarını artırmağa, sayğaclarını yuxarı qaldırmağa çalışırlar. Bu da bizim haqqımız olan yerimizi əlimizdən alma təşəbbüsü, bizim haqqımıza girmək deməkdir. Mən bundan çox narazıyam. Ona görə də Əli Həsənovun dediyi kimi, oyun qaydalarının bu cür pozulmasına etiraz edirəm”.

Baş yazar dedi ki, "Yeni Müsavat” qəzeti hər cür təftişə açıqdır. O, 10 və ya daha çox KİV təmsilçisinin, rəhbərlərinin iştirakı ilə komissiya qurulmasını təklif etdi: "Unikal İP-lər təftiş edilsin – "google analitiks” və digər mütəxəssislərin vasitəsilə. Bu komissiya müəyyənləşdirsin ki, oyun qaydalarını pozan kimdir. Kim bu fırıldaqlara əl atır, kim ölkə mediasında yalançı yarış mühiti yaradaraq, bütövlükdə mühiti korlayır. Bu cür saxta tiraj məsələləri bağlı ötən illərdə kağız versiyalar nümunəsində də xeyli mübarizələr aparıb, buna nail olmuşuq. Amma "nyu-media” nümunəsində bunu etmək bir qədər mürəkkəbdir, lakin mümkündür. Ona görə də təklif edirəm ki, bir komissiya qurulsun və bu komissiya şəffaflığı yoxlasın. Kim hansı fırıldaqlara əl atır, kimin unikal İP-i təmizdir. Hətta razıyam ki, bunlar elan edilməsin. Amma müəyyənləşdirilsin və hər kəsə öz yeri göstərilsin”.

"Yeni Müsavat” isə xatırladır ki, bir zamanlar Azərbaycan çap mediasında da tiraj savaşı gedirdi. Və bu, təkcə savaş olaraq qalmır, bir çox hallarda oxucular arasında populyarlığı olmayan qəzetlərin tiraj "pripiskası”na çevrilirdi. Məsələn, heç 1500 tiraj real satışı olmayan qəzetlər öz arxa səhifələrində 7000-8000 rəqəmini həkk edir, bununla da öz aləmində oxucunu, eləcə də bazardakı rəqiblərini aldatmağa çalışırdı.
Hazırda media dünyasında qəzetlər öz yerini saytlara verməyə başladıqca bir çox tendensiyalar da mahiyyətini saxlayıb, formasını dəyişdi. Yəni, girişdə danışdığımız saxtakarlığa saytlar yol verir.

Detallara diqqət edək: Mail.ru-da qeydiyyatdan keçən saytlar orada olan sayğacın göstəricilərini saxta yolla artırırlar. Bunun üçün yetərincə pul xərclənir. Ekspertlər bildirir ki, bunu maliyyəsiz etmək mümkün deyil. Mail.ru-da iki cür hesablama var: birincisi İP sayını göstərir, digəri isə sayta giriş sayını. Əsas məsələ də elə burdadır. Saxtakarlıq edən adamlar saytın ümumi İP göstəricilərini dəyişə bilirlər. Lakin sayta gün ərzində giriş sayına müdaxilə edə bilmirlər.

Sadə bir misal: gün sonunda mail.ru-da musavat.com üçün 55-60 min İP göstəricisi göstərir. Vizit - yəni sayta giriş sayı 571,796-dır.

Amma bəzi saytlarda bu göstərici tamam əksinədir. Belə ki, gün sonunda 60-70 min arası İP göstəriciləri olduğu halda, sayta vizit, yəni, giriş sayı cəmi 280 mindir. Bu isə heç internet bilicisi olmayanlar üçün də saxtakarlığı göz önünə sərir.

Heç kimə sirr deyil ki, bunun üçün müxtəlif şirkətlərə də pul ödənilir. Təkcə Azərbaycanda yox, bu saytların oxunduğu bütün ölkələrdə.

Daha bir saxtakarlıq nümunəsi isə gündəlik saytlardakı oxunma sayı ilə bağlıdır. Məsələn, bəzi saytlar F5, yəni refreş funksiyasını açıq qoyurlar. Bu, o deməkdir ki, biz f5 düyməsini 5 dəfə vursaq, bu, 5 oxunma sayı verir. Bu da oxucunu aldatmaq deməkdir.
Bununla da ilk növbədə sponsorlarına, reklam verənlərə, daha sonra isə oxucuya "bizim filan xəbərimiz 10-20 min dəfə oxunub”, tipli yalan mesaj verməyə çalışırlar.

Son dövrlər internet media sektorunda yaranan daha bir mənfi tendensiya isə "+18”, eləcə də zorlama, söyüşmə tipli xəbərlərə "video” elanının əlavə edilməsidir. "Ata qızını zorladı”, "14 yaşlı qızı 5 nəfər zorladı”, "Rəqqasənin yandırıb-yaxan fotoları” tipli başlıqlar da bu "şərəfli” yolda istifadə edilən ən populyar vasitələrdir. Bu isə avtomatik olaraq oxucunu ucuz üsulla sayta cəlb etmə, bu yolla İP artırmaqdır.

Ölkə ərazisində saytların "şəriksiz lider” ünvanına sahib olmaq üçün yol verdikləri bu saysız-hesabsız, "at işləməz” saxtakarlıqlar dünya media bazarı üçün əsla qəbuledilməzdir. Demokratiya və bazar prinsiplərinin örnək olduğu ölkələrdə bu kimi hallara haqsız rəqabət prinsipindən yanaşıb, sadaladığımız əməlləri edənləri məhkəməyə də cəlb edirlər.

"Azərbaycan internet mediasında son dövrlər özünü göstərən bu xoşagəlməz halların qarşısını almaq üçün öncə vicdan meyarı önə çıxmalıdır”. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz belə hesab edir. Onun sözlərinə görə, texnologiyadan istifadə edərək süni surətdə saytın, xəbər resursunun sayğacının daha böyük rəqəm göstərməsinə nail olmaq olar. Onun sözlərinə görə, hazırda bununla bağlı geniş imkanlar var: "Həm özünüz onu süni surətdə artıra bilərsiz, ya da başqa internet resurslarla əlaqə yaratmaqla bunu edə bilərsiz. İnternetdə elə servislər təklif olunur ki, 5-10 dollar ödəməklə sizə filan qədər İP artırılması təklif oluna bilər. Texniki cəhətdən internetdə bununla bağlı hər hansı problem yoxdur.

O qalır internet resursun sahibinin vicdanına. Yəni, o, istəsə, bunu süni surətdə istənilən qədər artıra bilər. Bunun qarşısını necə almağa gəlincə, bu, bir etika məsələsidir. Reklamla bağlı agentliklər, bazarın tendensiyasını ölçən xüsusi qurumlar var ki, reytinqi ölçə bilir. Hətta hansısa xəbərin oxunma sayını belə ölçə bilir. Onlar bir qədər aktivləşməlidirlər. Azərbaycan bazarında reklam qurumları var və bunlar yavaş-yavaş artmağa doğru gedir. Bunlar müəyyən ictimai rəy formalaşdıra bilərlər. Hansı internet resursların bazardakı xüsusi çəkisinin nə qədər olmasını bu qurumlar bilirlər”.

O.Gündüz dedi ki, Azərbaycanda bu işlə məşğul olan monitorinq sistemləri var. Müsahibimizin sözlərinə görə, Netreds, Media Monitorinq Mərkəzi, Top News, Media Servis şirkətləri artıq bazarı analiz edirlər: "Onlar real vəziyyətin necə olduğunu, süni vəziyyəti ölçə bilirlər. Ona görə də hesab edirəm ki, burda ictimai qınaq anlamlı məsələlərdən istifadə etmək daha doğrudur. Bununla bağlı ictimai rəy formalaşdırmaq, hesabatlar dərc etdirmək lazımdır. Yəni, bu metod burda daha keçərli ola bilər. Düşünmürəm ki, qanunvericilik qaydasında bunun qarşısını almaqla bağlı nələrsə var. Bu istiqamətdə Azərbaycanda formalaşan, onun onlayn bazarını monitorinq edib, real vəziyyəti üzə çıxaran qurumlar aktivləşməlidir”.

Mütəxəssis bunu hakerlik hesab etməsə də, sayt rəhbərinin məsuliyyətində olan saxtakarlıq adlandırdı. Onun fikrincə, bu əmələ yol vermək üçün haker biliklərinə malik olmağa ehtiyac yoxdur: "Konkret hansısa şirkət hansısa bir resursun bazardakı populyarlığını, reytinq göstəricisini, xəbərlərin oxunma sayını öyrənmək istəsə bunu edə bilər. Bunun üçün həmin sistemin monitorinqini aparmaq kifayətdir. Bu monitorinq kiminsə tərəfindən aparılırsa bu informasiya onun özünə məxsus olur, o, ictimailəşmir. Yəni, hansısa sayta reklam vermədən öncə öyrənir ki, onun auditoriyası nə qədərdir. Bununla da öz reklam işini qurur. Amma konkret işi monitorinq aparmaq olan qurumlar bunu edib, ictimaiyyətə məlumat verməlidir. Mətbuat Şurası, media ilə bağlı olan qurumlar belə monitorinq apara bilər”.

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR