«Loğman Mehdiyev: «Aparılan yoxlamalar zamanı faktlar təsdiqini tapmadı»

img

01-09-2014 [11:36]


Bir neçə gün əvvəl mətbuatda Ağgöl Milli Parkında brokonyerlərin balıq ovlaması ilə bağlı məlumatlar dərc olunmuşdu. Həmin məlumatlarla əlaqədar olaraq Ağgöl Milli Parkının direktoru Loğman Mehdiyev PİA.AZ-a müraciət edib.


PİA.AZ-a daxil olan məlumatı olduğu kimi oxucularımızın diqqətinə olduğu kimi çatdırırıq: 
"Hörmətli redaksiya!

Məlum edirəm ki, beş ilə yaxın bir müddətdə Ağgöl Milli Parkında mühafizə işləri üzrə direktor müavini vəzifəsində işləyən Mirzəyev Vahid Qəzəb oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 iyul 2014-cü il tarixli, 387/k №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a” bəndinə əsasən (öz xahişi ilə) xitam verildikdən sonra V.Mirzəyev və onun himayədarlıq etdiyi şəxslər tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, vitse-prezidenti Leyla xanım Əliyevaya və digər təşkilatlara ünvanlanan onlarla qərəzli şikayət ərizələri göndərilməyə başlamışdır.

Guya Ağgöl Milli Parkında qanun pozuntularının olmasına dair həmin şikayət müraciətlərində göstərilənlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 07 avqust 2014-cü il tarixli, 160/em №-li əmri ilə yaradılmış komissiya tərəfindən Vahid Mirzəyev və digərlərinin şəxsən iştirakları ilə bir həftə müddətində kompleks şəkildə araşdırılmışdır.

Lakin, həmin şikayətçilərə araşdırmanın yekun nəticəsi və görülmüş tədbirlər barədə hələlik heç bir rəsmi məlumat verilmədən onlar yenidən respublikamızın müxtəlif saytlarında, mətbuat orqanlarında Ağgöl Milli Parkı haqqında qərəzli və böhtan xarakterli materiallar dərc etdirməyə başlamışlar.

Məlumat üçün bildirirəm ki, həmin şikayətçilərin sayı təxminən 15 nəfərə qədərdir və hamısı Beyləqan rayon sakinləri, o cümlədən Ağgöl Milli Parkında brakonyerlik etmək niyyətində olan şəxslərdir. Maraqlıdır ki, Vahid Mirzəyev işdən azad olunana qədər son 5-6 ildə həmin rayondan bir nəfər də olsun Ağgöl Milli Parkı haqqında hər hansı təşkilata şikayət ərizəsi ilə müraciət etməmişdir. Buradan belə məlum olur ki, onlar məhz Vahid Mirzəyev tərəfindən öyrədilən və havadarlıq edilən şəxslərdir.

Ağgöl Milli Parkı respublikamızın ən zəngin biomüxtəlifliyə malik olan xüsusi mühafizə olunan təbiət ərazilərindən biridir. Yaradıldığı vaxtdan hal-hazıra kimi burada istər onun biomüxtəlifliyinin qorunması, istər bio-texniki tədbirlərin həyata keçirilməsi və ekoturizmin inkişaf etdirilməsi istiqamətində xeyli işlər görülmüş və görülməkdə davam edir. Təkcə 2013/2014-cü ilin müvafiq dövrü ərzində Ağ göl Milli Parkının ərazisində onun əməkdaşları tərəfindən 30 qanun pozuntusu aşkar edilmiş və inzibati xəta törətmiş şəxslər barəsində qanunamüvafiq qaydada 24000 manat cərimə tətbiq edilmiş və göstərilən məbləğin Milli Parkın Xüsusi Fonduna köçürülməsi təmin olunmuşdur. Mühafizə işlərinə rəhbərlik edən keçmiş "direktor müavini” Vahid Mirzəyevin tərtib olunmuş akt və protokollarda əsasən iştirakı olmamışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Ağgöl Milli Parkının ərazisinə buraxılmış 21 baş ceyranlar lazımi qaydada mühafizə olunmuş və onların sayı artaraq 35 başa çatmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyi tərəfindən "Azərbaycanın səkkiz möcüzəsi” layihəsi çərçivəsində Ağgöl Milli Parkının zəngin təbiəti haqqında filmin çəkilişinə başlanılmış və onun növbəti ilin mart ayında geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulmuşdur.

Bir sözlə, hal-hazırda doğma Qarabağımızın yeganə Milli Parkı olan Ağgöl Milli Parkı günün tələbləri səviyyəsində fəaliyyət göstərir və onun mühafizəsi etibarlı əllərdədir.Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının təbiətsevərlərini əmin etmək istəyirəm ki, Milli Parkın mühafizəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri çox hörmətli Hüseynqulu Bağırov cənablarının qoyduğu tələblər səviyyəsində qorunur və heç bir qruplaşma bizi bu yoldan çəkindirə bilməz.
Ağgöl Milli Parkının direktoru L.Mehdiyev»

pia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR