Putin Nazarbayevin qarşısından geri çəkildi

img

31-08-2014 [17:20]


Rusiyanın Tver vilayətində təşkil edilmiş "Seliger-2014” gənclik forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin sensasion fikirlər səsləndirib. O, Qazaxıstanın heç vaxt dövlət olmadığını bəyan edib.

Virtualaz.org-un "ТСН” nəşrinə istinadən verdiyi xəbərə görə, bununla belə V.Putin qazax həmkarı Nursultan Nazarbayevin xidmətləri barədə danışıb. Rusiya lideri deyib ki, N.Nazarbayev çox unikal bir iş görüb.

"Nazarbayev qeyri-adi iş gördü. O, dövlət quruluşunun heç vaxt olmadığı ərazilərdə dövlət yaratdı. Nazarbayev bu mənada bütün postsovet məkanındakı dövlətçilik üçün unikal insandır” - deyə V.Putin bildirib.

Rusiya prezidentinin sözlərinə görə, N.Nazarbayev çox müdrik və təcrübəli rəhbərdir: "Nazarbayev daim yalnız öz ölkəsinin gələcəyi barədə düşünür. O, heç vaxt öz ölkəsinin, öz xalqının iradəsinə qarşı çıxmaz. Nazarbayev xalqın ondan nə istədiyini, nə gözlədiyini çox dəqiq bilir”.

Yada salaq ki, son günlər Rusiya ilə Qazaxıstan arasında açıq gərginlik var. İki ölkənin münasibətləri kəskin pisləşib. Rusiya prezidentinin bugünkü bəyanatı da təsadüfi deyil. Belə ki, V.Putinin bu bəyanatı N.Nazarbayevin Ukraynanın Avropa İttifaqı ilə saziş imzalamasını dəstəkləməsi fonunda səslənir. 

N.Nazarbayev avqustun 26-da Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşündə bildirmişdi ki, rəsmi Kiyevin Avropa İttifaqı ilə bu sazişinin Rusiyanın Gömrük İttifaqı üzrə tərəfdaşı olan Qazaxıstana heç bir ziyanı yoxdur. Qazaxıstan prezidenti həmin görüşdə Ukrayna ilə sıx əməkdaşlıq etməyə də vəd vermişdi.

Bunun ardınca isə Kremlin birbaşa nəzarəti altında olan rusiyalı siyasətçi Vladimir Jirinovski bəyan etmişdi ki, Rusiya tezliklə Qazaxıstana qarşı ərazi iddiası irəli sürəcək. V.Jirinovski onu da bildirmişdi ki, "Qazaxıstanda antirus əhval-ruhiyyəsini gücləndirənlər var, bu ölkədəki dərsliklərdə ruslara nifrət hissi aşılanır”.

Dünən isə N.Nazarbayev Rusiyadan gələn bu tip fikirlərə kəskin cavab verib. Qazaxıstanın dövlət başçısı yerli "Xabar” telekanalına müsahibəsində açıq mətnlə deyib ki, "Qazaxıstanın maraqlarına toxunulacağı təqdirdə rəsmi Astana Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququnu özündə saxlayacaq”.

N.Nazarbayevin sözlərinə görə, əgər müqavilədə göstərilən qayda və şərtlərə əməl olunmasa, onun ölkəsinin Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İttifaqından çıxmaq hüququ heç bir halda mübahisə və müzakirə predmetinə çevrilə bilməz: "Qazaxıstanın belə bir addım atmaq, birliyi tərk etmək hüququ var. Mən bunu əvvəl də demişəm, bu gün də bir daha bəyan edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR