Alnımızdakı 20 illik damğa

23-08-2014 [12:04]
Ata yurdum Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 20 il ötür. Qəribədir, 20 ildir, elimizə, obamıza gedə bilmir, yeddi-arxa dönənimizin qəbrini ziyarət edə bilmirik, amma bircə cümlə ilə yurdumuzu itirməyimizin 20 illiyini anırıq. O da bir neçə sadə cümlə ilə...

Çoxları mənim Cəbrayılla, daha doğrusu, atamın, babamın anadan olduğu, ilk dəfə ayaq basıb yeridiyi Hacılı kəndi ilə bağlı xatirələrimi danışanda gülümsəyir. "O vaxt sənin neçə yaşın var idi ki?"- soruşurlar. Amma sonuncu dəfə on yaşım olanda kəndimizdə olmuşam. Ağlım kəsəndən bəri hər yay tətilində kəndə, baba-nənənim yanına gedərdim. Hələ uşaq vaxtından hər şeylə maraqlanan, sorğu-sualı sevən birisi olduğum üçün camaatın baş-beynini aparardım. Bura haradır, kimin evidir, o ağacı kim əkib, bu bu-laqdan necə su çıxır və s. kimi suallarla kənddəki qohum-əqrabamı bezdirirdim. Nə yaxşı ki, soruşmuşam, nə yaxşı, onlar da ərinməyib cavab veriblər...

Hər kəsə öz vətəni, öz el-obası əzizdir. Bizim kəndimizdə üç yerdə bulaq var idi. Biri kəndin ortasındaydı - "Sarı bulaq". İkisi isə kəndin girişində idi. Orda çox mənzərəli bir kəhriz düzəltmişdilər. Ətrafı hasarla-nan bu kəhrizin adı "Görüş" idi. Yox, burda qızla oğlan görüşmürdü. Füzulidən Cəbrayıla gedən yolun üstündə tikilən bu "Görüş" kəhrizi rayonumuza gələn qonaqlarla ilk görüş yeri idi. Demək olar ki, ordan keçən əksər avtobuslar burda saxlayar, sərnişinlər bulaq suyundan içib sərinləyərdilər. "Görüş"də iki yerdən su axardı. Biri divara quraşdırılmış borulardan gəlirdi, digəri isə yerdən xırda çay daşları ilə düzəl-dilən dar bir arxdan axırdı. Nədənsə, mən həmişə ordan su içərdim. Hər dəfə yerdəki xırda daşlar dizimi əzsə də, yenə də ordan su içib susuzluğumu yatırardım.

Kəndimizdə yaşayan övliya nəvələrindən olduğu deyilən Hüseyn Çələbinin kəhrizin ərazisində əkdiyi çinar ağaclarının kölgəsinin sərinliyini ömrümün sonrakı 20 ilində heç yerdə hiss eləməmişəm. Son illər Azərbaycanın bir çox rayonlarında olmuşam, amma elə möhtəşəm, elə əzəmətli, elə qol-budaqlı çinar görməmişəm. Bəli, Hüseyn Çələbinin əkdiyi çinarlar doğrudan da Xan Çinar idi. Təkcə o kəhrizin suyundan içib, o Xan Çinarın kölgəsində dincəlmək üçün çox şeyi qurban vermək olar.
Hər il yay fəslində dost-tanış kəndə gedəndə içimdəki sızıltı məni incidir. Deyirəm ki, camaatın kəndi, yurdu-yuvası, el-obası var, amma mənimkini ancaq xəritədə görmək olur. Bəziləri "torpaqlarınızı qoruya bilmədiniz",- deyib adamı dəli olmaq həddinə çatdırırlar. Bilənlər bilir, bilməyənlər üçün deyim. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər cəbrayıllı həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını də-yişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın şəxs Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Bu qədər qəhrəmanı olan bir rayonun döyüşsüz düşmənə təhvil verildiyini demək Allahsızlıqdır.
Bəli, fakt odur ki, 20 ildir, Cəbrayılsızıq. 20 ildir doğma yurdumuza gedə bilmirik. Və ən nəhayət, 20 ildir ki, məğlub, köçkün, yurdsuz damğasını alnımızda daşıyırıq. Alnımızdan bu damğanı özümüz silməliyik.
Su ilə yox, isti qanımızla... 


SON XƏBƏRLƏR