Kəbirə Məmmədovadan erməni şəriki haqda açıqlama

img

20-08-2014 [19:55]


"Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın imzası ilə "Yeni Müsavat”ın redaksiyasına məktub daxil olub. Məktubu olduğu kimi dərc edirik:


"Hörmətli redaksiya!

"Yeni Müsavat” qəzetinin 19 avqust 2014-cü il tarixli 207(5916) nömrəli sayında ""Binə”nin sahibi barədə şok xəbər və Kəbirə Məmmədovanın erməni şərikinin olması haqda müdhiş məlumat” başlığı altında dərc edilmiş yazıda Kəbirə Məmmədovanın şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən bir məlumat yazılmışdır.

Məqalədə göstərilir ki, "Onlardan biri də ticarət mərkəzinin sahibi, Kəbirə Məmmədovanın erməni şəriki Datodur. Türk iş adamlarının sözlərinə görə, Dato Kəbirə Məmmədovanın biznes imperiyasının şərikidir və özü də Moskvada fəaliyyət göstərir ”.

Torpaqlarımızın 20 faizdən çox hissəsini məkrli niyyətlərlə zəbt edən, milyonlarla vətəndaşımızı evsiz-eşiksiz qoyan namərd bir düşməni mənə "şərik etmək” ən azından vicdansızlıqdır.

İş adamı kimi, böyük bir ticarət mərkəzinin rəhbəri olmaqla məni xalqın və ticarət mərkəzində fəaliyyət göstərən insanların gözündən salmağın kimə lazım olması mənim üçün çox maraqlıdır.

Cəbhə xəttində olan gərginliklərin hökm sürdüyü bir vaxtda məni ermənilərlə şərik etməkdə suçlamağı Teymur Həsənliyə məsləhət görməzdim. Ən azından bu düşmən "dəyirmanına su tökmək” kimi bir şeydir. Bu kimi yalan məlumatların KİV-də dərc olunması bizim xalqı məlumatlandırmaqdan daha çox, düşmən qüvvələrinə diversiya-təxribat fəaliyyətlərində xidmət etmiş olur. Eyni zamanda da "KİV haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də ziddir.

Bir daha bəyan edirəm ki, mənim Moskvada nə Dato adlı, nə də ki, bir digər xalqıma düşmən kəsilən xalqın nümayəndələri ilə şərikliyim yoxdur.

Hörmətlə,
Kəbirə Məmmədova.

Xatırladaq ki, "Yeni Müsavat”ın 19 avqust, 2014-cü il tarixli sayında "Kəbirə Məmmədovanın erməni şərikinin olması haqda müdhiş məlumat” başlıqlı yazıda bildirilirdi ki, Dato adlı erməninin Bakıda fəaliyyət göstərən "Binə” ticarət mərkəzində xeyli dükanları var. Yazıda Datonun "Binə”nin rəhbəri K.Məmmədova ilə şərik olduğu bildirilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR