Füzuli Ələkbərov Azərbaycanı bir dəfəlik tərk etməyə hazırlaşır

img

20-08-2014 [17:06]


Ötən ilin oktyabr ayının 22-də ölkə başçısının sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən kənarlaşdırılmış Füzuli Ələkbərovun vəziyyəti son zamanlar xeyli çətinləşib. Məsələ ilə bağlı əldə etdiyimiz ən son bilgilərdə qeyd olunur ki, sabiq nazir artıq özünü mümkün təhlükələrdən sığortalamaq qərarına gəlib. Bunun üçün Füzuli Ələkbərovun daşınmaz əmlakının böyük bir hissəsini satışa çıxardığını, eyni zamanda biznesini xaricə köçürməyi planlaşdırdığını vurğulayan məlumatlı şəxs iddia edir ki, sabiq nazirin İsmayıllı rayonunda bir neçə mülkü, torpaq sahələri, moteli və çörək zavodu var:

Fizuli Ələkbərov Azərbaycanı bir dəfəlik tərk etməyə hazırlaşır

"Əslində Füzuli Ələkbərovun nəhəng biznes şəbəkəsinə sahib olduğu artıq çoxlarına bəllidir. Belə ki, hələ 1991-ci ildə sabiq nazirin rəhbərliyi ilə "İmprotex" şirkəti yaranıb, tanınmış brendlər ölkəyə gətirilib. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet dövlətlərində yalnız ölkə daxilinə turizm turları təşkil edib. Daha sonra şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Həmçinin "İmproteks Motors", "İmproteks Tradinq" şirkətləri də Füzuli Ələkbərova məxsusdur. Gördüyünüz kimi, sabiq nazirin biznes şəbəkəsi kifayət qədər geniş və gəlirlidir. Odur ki, Füzuli Ələkbərov kapitalını xaricə daşımağa və bununla da özünü sığortalamağa çalışır. Çünki artıq o, yuxarıların konkret hədəfindədir". Məlumatlı şəxsin sözlərinə görə, hazırda sabiq nazirin biznes imperiyasının tam nəzarətə götürülməsi istiqamətində müəyyən işlər aparılır: "Nəzərinizə çatdırım ki, Avropanın ən müasir standartlarına cavab verən "Euro-3", "Euro-4" mühərrikli "MAN" avtomobillərini ancaq istefada olan nazirin şirkəti satır. Bundan başqa, Füzuli Ələkbərovun ölkənin bir sıra bölgələrində biznes sturukturları fəaliyyət göstərir. Budur, artıq sabiq nazirin biznes strukturlarının əlindən alınması istiqamətində bəzi tədbirlərə başlanılıb. Qeyd edim ki, bir müddət əvvəl istintaq altında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri vəzifələrindən sui-istifadə edərək aldıqları külli miqdarda rüşvətlə bağlı ilginc faktlar açıqlayıblar. Belə ki, istintaq altında olan məmurlar bütün işlərdə keçmiş nazir Füzuli Ələkbərovun ətrafının da əli olduğunu bəyan ediblər. Onsuz da hamıya məlumdur ki, bu günə kimi korrupsiya və rüşvətxorluğa qarşı mübarizə adı ilə həbs olunan məmurların çoxu kiçik rütbəli şəxslərdir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarını həbs etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşı elə də ciddi fiqur deyillər. Onların təkbaşına, yuxarının əmri olmadan bu boyda işə girişməsi mümkün deyil. Artıq Füzuli Ələkbərov nazir deyil. Onun güdazına gedən kiçik sosial məmurlar hər şeyi üzərilərinə götürmək fikrində deyillər. Artıq onlardan bir neçəsi Füzuli Ələkbərovun əleyhinə ifadə veriblər. Digərlərinin də analoji ifadə verəcəkləri şübhəsizdir. Yəni bu işin axırı gedib Füzuli Ələkbərova çıxacaq. Bu isə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun da məsuliyyətə cəlb edilməsilə bağlı müzakirələrin açılmasına səbəb olub"

Digər xəbərlər
SON XƏBƏRLƏR