Məcburi köçkün “Azərsu”yla bağlı prezidentə şikayət etdi

img

19-08-2014 [23:53]


Hazırda Kəlbəcər rayonunun Yansaq kəndində qeydiyyatda olan, Mürsəlov Zamin Saqi oğlu tikdiyi evin söküldüyünü və buna görə ona heç bir kompensasiya ödənilmədiyini deyir.

Məcburi köçkün "Qafqazinfo”ya şikayət göndərdiyi məktubda məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib:

"Ailəmiz erməni təcavüzü nəticəsində doğma yurdumuzdan didərgin düşüb. Bakı şəhərində müvəqqəti məskunlaşmışıq. Amma bu müvəqqəti vəziyyət 22 ildir davam edir. Hələ nə qədər davam edəcək onu da bilmirik.

Cənab Prezident, məcburi köçkünlər daimi sizin diqqət və qayğınızı görür və yüksək qiymətləndirirlər. Məcburi köçkünlərin mənzil-məişət problemlərini həll etmək üçün artıq bir neçə dövlət proqramı həyata keçirilib. Amma bu sahədə işlər çoxdur və onların həlli üçün siz hər şeyi edirsiniz. Məcburi köçkün ailəsi olaraq, biz də öz problemlərimizi həll etməyə çalışırıq. Bilirik ki, bu qədər problemin ancaq dövlət tərəfindən həll edilməsini gözləmək də düzgün deyil. Axı, canlı insan olaraq biz özümüz də öz problemlərimizi həll etməyə çalışmalıyıq.

Ona görə də, Abşeron rayonunun Hökməli kəndində 0,05 hektar torpaq sahəsi alaraq, orada özümüzə kiçik bir ev tikmişdik. Tikinti tam başa çatmadığı üçün sahə zəbt edilənə qədər orada yaşamırdıq. Ev hazır olandan sonra köçüb orada yaşamalı idik”.

Amma Zamin Mürsəlovun sözlərinə görə, ailənin bu arzusu da gözündə qalıb:

Mülkiyyətimizdə olan torpaq sahəsi Oğuz-Qəbələ zonasından Bakı şəhərinə çəkilən su kəmərinin altına düşdüyü üçün, "Azərsu” ASC mənimlə qabaqcadan razılaşmadan, mənə kompensasiya vermədən sahəni zəbt etmiş, torpaq sahəsində olan fərdi yaşayış evimi, daş hasarı və dəmir darvazanı söküb dağıtmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının tələblərinə görə dövlət ehtiyacı üçün alınan torpaq sahəsinə və satınalmaya məruz qalan digər əmlaklara görə mülkiyyətçilərə ədalətli kompensasiya verilməlidir. Bu məsələləri ətraflı tənzimləmək üçün "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” ayrıca Qanun da qəbul edilib.

Cənab Prezident "Azərsu” ASC sizin iki fərmanınızı, Nazirlər Kabinetinin üç qərarını, Konstitusiyamızın maddələrini və Mülki Məcəllənin maddələrini icra etməkdən boyun qaçırır.

Təəssüflər olsun ki, "Azərsu” ASC torpağı alan təşkilat olaraq bütün bu qanunlarla hesablaşmır, mənim mülkiyyət hüququmu kobud surətdə pozaraq, uzun müddətdir (5 ildir (beş) mənə heç bir kompensasiya ödəmir”.

2013-cü ilin noyabr ayında kompensasiyanın tam şəkildə verilməsi ilə bağlı vətəndaşa "Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov və şöbə müdiri Şahin Camalov tərəfindən vəd verilsə də bunu əməl olunmayıb:

"Hal-hazırda "Azərsu" ASC mənə kompensasiya ödənilməsindən imtina edir. Dövlət tabeçiliyində olan bu təşkilatın məmurları məni dolayırlar, ələ salırlar və məni aldatmaqda davam edirlər.

Çox Hörmətli Prezident Sizin məcburi köçkünlərə qarşı qayğı və diqqətiniz fonunda dövlət məmurlarının məcburi köçkün ailəsinin mülkiyyətində olan torpaq sahəsini, torpaq sahəsində yerləşən evi, hasarı, darvazanı özbaşına, qanunsuz yağmalanmasını necə qiymətləndirmək olar? Mən bu suala cavab tapa bilmirəm.

"Azərsu” ASC-də qanunsuzluq, süründürməçilik və ərizəmin icrasını illərlə gözləmək mənə bir insan kimi pis təsir bağışlayır. Sadəcə məmur özbaşınalığıdır. Öz halal və hüquqi haqqımı almaq üçün əzab çəkirəm. Sarsıntı, həyəcan və əsəb içində yaşayıram.

Xahiş edirəm:

"Azərsu” ASC-nin rəhbərlərinin və aidiyyəti mütəxəssislərinin mənə və mənim ailəmə zülm etməsinə, əmlakımızı talamalarına və qanunla nəzərdə tutulmuş ədalətli kompensasiya verməkdən imtina etmələrinə özünüz qiymət verəsiniz. Məndən alınmış torpaq sahəsinə və sökülüb dağıdılmış tikililərə görə mənə kompensasiya ödənilməsi üçün göstəriş verəsiniz, konstitusion hüquqlarımızın qarantı kimi mənim hüquqlarımı müdafiə edilməsini təmin edəsiniz. Köməyinizə ümidlərlə , Sizə böyük hörmət və ehtiramla, Mürsəlov Zamin Saqi oğlu”.


Digər xəbərlər
SON XƏBƏRLƏR