Elmira Süleymanova BMT nümayəndələri ilə görüşüb

img

19-08-2014 [16:56]


Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Puvan Selvanathanın rəhbərlik etdiyi BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun üzvlərini qəbul edib. 

 Ombudsman Aparatından verilən məlumata görə, görüşdə biznes və insan hüquqları problemlərinin, habelə sahibkarlıq fəaliyyəti zamanı insan hüquqlarının müdafiəsinin Azərbaycan ombudsmanının daim diqqət mərkəzində olduğu, habelə bu istiqamətdə mövcud vəziyyətin monitorinqi, çatışmazlıqların müəyyən edilməsi və aradan qaldırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi istiqamətlərinin müzakirəsi məqsədilə müvəkkil tərəfindən davamlı olaraq tədbirlərin təşkil olunduğu və bu məqsədlə dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirildiyi vurğulanıb. Qeyd edilib ki, 12 fevral 2013-cü ildə Ombudsman Aparatında aidiyyəti dövlət qurumlarının və QHT təmsilçilərindən ibarət tərkibdə Biznes və insan hüquqları üzrə İşçi Qrupu yaradılıb, əlaqələndirici qurum kimi ombudsman təsisatı müəyyən edilib. Həmin İşçi Qrupunun toplantılarında mövzular üzrə geniş fikir mübadiləsi aparıldığı, təklif və tövsiyələrin dinlənildiyi, görülmüş işlər və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müzakirələrin təşkil olunduğu diqqətə çatdırılıb. E.Süleymanova bildirib ki, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununda müvəkkilin insan hüquqlarının müdafiəsi aspektindən biznes fəaliyyətinə müdaxiləsi ilə bağlı səlahiyyəti nəzərdə tutulmayıb. Bu səbəbdən ombudsmanın illik məruzələrində mandatının genişləndirilməsinə dair təkliflər verildiyi, bu və digər prioritet istiqamətlərin müvəkkilin fəaliyyət strategiyasına daxil edilməsinin vacibliyi önə çəkilib. Qeyd olunub ki, bu səbəbdən ombudsman öz səlahiyyətləri çərçivəsində müxtəlif vasitələrlə biznes və insan hüquqları məsələsinə yanaşmağa səy göstərir, bununla əlaqədar özəl sektorun fəaliyyətinə nəzarəti həyata keçirən dövlət qurumlarını pozulmuş insan hüquqlarının bərpası üzrə tədbirlərin həyata keçirilməsinə cəlb edir. E.Süleymanova BMT-nin biznes və insan hüquqları üzrə rəhbər prinsiplərinə əsaslanaraq, nəzarət və monitorinq funksiyalarının həyata keçirilməsini, sahibkarlarla vətəndaş cəmiyyətinin əlaqələndirilməsi üzrə tədbirlərin təşkilini, bu işə əlavə insan resurslarının cəlb olunmasını, maarifləndirmə işinin aparılmasını fəaliyyətin prioritet istiqamətləri kimi diqqətə çatdırıb, ombudsman təsisatı tərəfindən BMT-nin "Qlobal Sazişi", BMT-nin "Biznes və İnsan hüquqları sahəsində Rəhbər Prinsipləri", o cümlədən bu sənədin şərhi və Edinburq Bəyannaməsi kimi mühüm beynəlxalq sənədlərin Azərbaycan dilinə tərcümə olunduğunu qeyd edib. Müvəkkilin də təklifləri nəzərə alınmaqla qəbul edilib, sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi, işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması, qadınların əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, qadınlar tərəfindən yeni peşələrin əldə edilməsinə yönəlmiş kursların təşkili, uşaq əməyinə dair konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) icrası ilə bağlı koordinasiya və monitorinq funksiyasının ombudsman tərəfindən həyata keçirildiyi qeyd olunub. Görüş zamanı P.Selvanathanın və Qrupun digər üzvlərinin mövzu üzrə sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb. İşçi Qrupu səmərəli görüşə və əldə etdikləri geniş məlumata görə Ombudsmana təşəkkür edib, onun çoxşaxəli fəaliyyətini müsbət qiymətləndirib. Tədbirin sonunda qonaqlara "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində" Milli Fəaliyyət Proqramının nüsxələri və müvəkkilin illik məruzələrindən ibarət disk təqdim edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR