Əhməd Oruc AXCP funksionerinin ittihamlarına sərt cavab verdi

img

19-08-2014 [09:48]


Müsavat Partiyasının başqanı İsa Qəmbər avqustun 14-də "Azadlıq” radiosunda "İşdən sonra” verilişinin qonağı olub. Veriliş getdiyi müddətdə canlı efirə qoşulan AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin bəzi partiya rəhbərləri haqqında səsləndirdiyi fikirlər ciddi narazılıq doğurub. O, Ümid sədri, millət vəkili İqbal Ağazadə və Azadlıq Partiyasının sədri Əhməd Orucun ünvanına sərt ittihamlar səsləndirib.


AXCP üzvünün narazılıq yaradan əsas fikirləri bunlardır: "İsa bəy qeyd etdi ki, müavini Gülağa Aslanlı və Divan üzvü Tural Abbaslı son həbslərlə bağlı yaradılan Müdafiə Komitəsində iştirak ediblər. Bəs o zaman ikinci Müdafiə Komitəsini yaratmağa nə ehtiyac var idi? İqbal Ağazadə və Əhməd Oruc 2013-cü ildə bizləri təhqir edirdilər. İndi onlarla bir masada oturmaq doğru deyil. AXCP olaraq, yalnız mövqeyi prinsipial olan qüvvələrlə birlikdəyik”.

Əhməd Oruc musavat.com-a açıqlamasında barəsində səsləndirilən ittihamlara sərt cavab verdi: "Seymur Həzi bildirib ki, guya mən onları 2013-də təhqir etmişəm. Milli Şura məsələsini nəzərdə tutur. Amma mən heç kəsi təhqir etməmişəm. Sadəcə, Milli Şuranı Azərbaycanın maraqlarına zidd olan qurum adlandırmışam. Bu qurumu Rusiyanın projesi ilə yaradıldığını bildirmişəm. Dediklərim doğru çıxdı. Göründüyü kimi, Rusiya Azərbaycandan külli-miqdarda təzminat aldı. Bunu dünyada bilməyən kimsə yoxdur. Mən dünənə qədər Rusiyanı tənqid edənlərin Milli Şura, ”Milyarderlər İttifaqı"nda yer almalarını doğru saymadım. Daim fikirlərimin üstündə qaldım. Gördünüz ki, Milli Şurada Rusiya istədiyinə nail olandan sonra geri çəkildi. Əgər indi də belə bir proje yaransa, yenə əleyhinə olacam. Bunlar təhqir deyil. Sözləri varsa, gəlsinlər, açıq şəkildə desinlər. Onlar dediklərimlə bağlı ağılları kəsən heç nə tapa bilmirlər. Mənimlə bağlı nəsə gündəmə gələndə, dərhal "bizi təhqir etdi” deyirlər. Mən kimi təhqir etmişəm? Bunların Azərbaycanın maraqlarına zidd hər hansı bir quruma qoşulmalarını, Rüstəm müəllimin 5-10 qəpiyinin arxasınca qaçmaları haqqında fikir səsləndirmək təhqirdirmi? Sadəcə öz fikirlərimi demişəm və bunu əsaslandırmağa çalışmışam. Buna da heç bir arqument gətirə bilməyiblər".

Ə.Oruc bir il əvvəl səsləndirdiyi fikirlərə indi cavab verilməsinin gülünc doğurduğunu da qeyd etdi: "Bunlar fikirlərimə bir ildən sonra bu cür cavab verirlər. Kimisə tənqid etsəm belə, bu o demək deyil ki, bizim müdafiə etdiyimiz insanlarla bağlı tədbirə qatılmamalıdırlar. Bunlar kiminsə müdafiə məsələlərini öz inhisarlarına alıblar. Sağlam düşüncələri, məntiqi təfəkkürləri olmayan, başını itirmiş insanların yanaşmasıdır. Anormal, məntiqə sığmayan çıxışlar etdiklərinə görə, müxalifət üçün cəmiyyətdə mənfi fikir formalaşıb. Xalq yenə hərəkat illərindən gəlmiş insanları, partiyaları vahid qüvvə kimi görürlər. Bunların içərisində kiminsə tənqidə dözməyən, sağlam olmayan fikir söyləməsi bütövlükdə düşərgəyə ziyandır. Nə iş görürlərsə, görsünlər. Görmürlərsə, bizim yığışıb, hansısa bir hüquq müdafiəçisinin hakimiyyətin repressiyalarına məruz qalmasını pisləyiriksə, onlar niyə narahat olurlar? Onların hansısa bir iş görmələrinə qarşı deyilik. Təəssüf edirəm ki, ağıllı adamların düşüncələrinə zidd olan mövqelərə keçiblər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR