Doktorla söhbət

03-08-2014 [00:18]

Doktor arıq, uzun, hövsələsiz, səbirsiz bir adamdı. Xəstələr ondan qorxurlar. Ən azı çəkinirlər. Ona söz demək olmur, tapança kimi açılır. Görünür, hər şeydən, xüsusən adamların cahilliyindən bezib. Çünki ora gələnlərin çoxu savadsız, sivilizasiyadan uzaq, sənətin, ədəbiyyatın nə olduğunu bilməyən, adi davranış qaydalarından uzaq adamlardı. Amma onların hamısını ucdantutma pis adam adlandırmaq olmaz, sadəcə, mədəniyyətdən uzaqdırlar. İbtidaidirlər. Onların hamısı deyir ki, doktorun özünə doktor lazımdı, doktorun gərək özünü müalicə edələr. 

Doktor savada, mədəniyyətə üstünlük verən adamdı. Bir dəfə koridorda dava düşdü. Baş həkim bir qoca arvada hirslənmişdi. Arvad suyun soyuq olmasından şikayətlənirdi. Baş həkim də onu başa sala bilmirdi ki, bu su yerin altından çıxır. Onu qızdırmaq olmaz. Qızdıranda suyun kəraməti itir. Çimmək istəyirsənsə, get evində, hamamda çim. Bu su başqa sudu. Özü də o qədər də soyuq deyil. 37 dərəcədi. (Səhv etmirəmsə belə dedi). Sonra arvad dedi ki, vannaya girə bilmir. Baş həkim də dedi ki, vannanın qırağında pilləkən var, pilləkənlə düş vannaya. 

Qərəz, bu arvad baş həkimi çərlətdi. Baş həkim sanki dəli oldu. Başladı bağırmağa ki, bağlayacam bu sanatoriyanı. 

Bu azmış kimi bir nəfər də yaxınlaşdı doktora. Dedi ki, niyə mənə baxmırsan? 

Baş həkim dedi ki, nahardan sonra baxacam. Adam başa düşmədi. Baş həkim dedi: "Obed, obed, obed". Ağzını açdı, guya barmağıyla ağzına nəsə qoydu və başladı yalandan çeynəməyə. Ağzını marçıldadırdı. Baxdım ki, adamı artıq dəli olmaq həddinə çatdırıblar. Bu zaman mənim həkimim səs-küyə koridora çıxdı. Heç bilmirdi söhbət nədən gedir, nə olub, dava nəyin üstündədi. Gördü ki, baş həkim ucadan qışqırır. Mən də dayanıb sakitcə bu davaya baxırdım. Xalqımın əvəzinə xəcalət çəkirdim. Belədi vəziyyət, bir dəstə adam əlli milyonun xəcalətin çəkməyə məhkumdu. Özü də hər yerdə. Vətəndə, Rusiyada, Belarusda, nə bilim İranda, Turanda... 

Həkimim məni göstərib dedi: "O, savadlı adamdı". Bununla heç də özümü tərifləmirəm. Hərçənd, bu söz xoşuma gəlmişdi. Bu söz həm də həkimin savada üstünlük və qiymət verdiyini göstərirdi. Onunla heç dərindən söhbət etməmişdim. Sadəcə, əlimdə bir neçə dəfə kitab görmüşdü. Sanatoriyaya gələn kimi başa düşdüm ki, buranın kollektivi savadsız adamların sayəsində bərk yorulub və sadəcə bir az savadlı adam axtarışındadırlar. Ona görə bütün günü sanatoriyada kitabla gəzirdim. 

Çezare Paveze. İtalyan yazıçısı. Rus dilində. "Perekrasnoe leto". Ümumiyyətlə, mən həmişə mərifətli insanlarda savada hörmət görmüşəm. İstər imkanlı olsun, istər imkansız. İstər varlı, istər kasıb. O qədər savadsız, amma mərifətli insan var ki, savadlı adama hörmət edir. "Müəllim, sən bilərsən", - deyib sual verirlər. 

O adam tərbiyəsizdir ki, pulunun hesabına savadsız adama gülmək, onu pərt vəziyyətə salmaq, heç kim olduğunu göstərmək, onu alçaltmaq, onu təhqir etmək istəyir. Belə adamların birmənalı olaraq tərbiyə və mərifət problemləri var. Oxuduqlarım və gördüklərim bunu deməyə əsas verir. 

Hətta bir çox imperatorlar, fatehlər (İstər Şərq dünyasında olsun, istərsə də Qərb dünyasında) şairlərə, elm adamlarına, alimlərə, yazıçılara, sənətkarlara qiymət veriblər. Onları bağışlayıblar, mükafatlandırıblar, bəzən qoruyublar, şıltaqlıqlarına dözüblər. Hamısı yox, amma belə nümunələr var. Bu şəxsiyyətlərin tarixdə belə populyar olmalarının bir səbəbi də bu münasibətdən doğan, ortaya çıxan müxtəlif əhvalatlardı. Hansılar ki, hamıya xoşdur, bir az sənət dünyasından başı çıxanlar həvəslə bu əhvalatları danışırlar. 

Bir sözlə, "həkimin özünü müalicə etmək lazımdı",- sözündə hardasa həqiqət payı var. Onun yerinə kim olsa, dəli olar. 

Onu da qeyd edək ki, bu söhbət Gürcüstanda olub. Həkimlər gürcülərdi, sanatoriyaya gələnlərin çoxu isə azərbaycanlılar. Çoxu da qadındı. Rus dilini bilmir. Bəziləri "ay doktor, u menya qolova bolit",- deyə bilir. Bəziləri isə nəvələrini gətiriblər ki, tərcüməçilik etsinlər. Nəvələr də Rusiyada yaşayır, tətilə gəliblər. Belə bir qarışıq adamlar, absurd bir məkan. İmperiya çöküb, sanatoriyalar dağılıb. Bir vaxtlar Moskvadan, Leninqraddan gəlirmişlər, indi sanatoriya qalıb azərbaycanlıların ümidinə. Bir gündə Moskvadan iyirmi-otuz vaqon adam gəlirmiş. 

Yerli camaat çox mehribandı, həqiqətən qonaqpərvərdi. Xırdaçı adamlar deyillər. İki dəfə bazara getdim, buna şahid oldum. Rus dilini bilirlər. Xüsusən, yaşlılar. Çünki Sovet dövründə müxtəlif yerlərdən bura elə hey adamlar müalicəyə, istirahətə gəlirmişlər. Burda yaşayanlar tamam başqa insanlardı. Pulgir deyillər.

Böyük bir mədəniyyətin çöküşünü öz gözümlə gördüm. Bunu bir dəfə Mərdəkanda da görmüşdüm. Sanatoriyada konsert verirdilər. Bir sintizator gətirdilər. Bir oğlan gəldi, bir qız. Elə bil Hindistanın kasıb məhəlləsindən gəlmişdilər. Baxanda adamın yazığı gəlirdi. İki yetimçə. Baxan kimi bilirdin ki, ömür boyu belə qalacaqlar, heç bir uğur-filan olmayacaq. Özü də ancaq ana, ata, bacı, qardaş haqqında segah oxuyurdular. Adamlar da gəlib sanatoriyaya istirahətə. Dərdlərini unutmağa. Dincəlməyə. Əsəblərini sakitləşdirməyə. Bu iki yetimçə hamının həyatda etdiyi ən əclaf hərəkəti onlara xatırlatdı. Hamının qanını qaraltdı. Mən qulaq asa bilmədim. Getdim ağaclıqda gəzməyə. Amma nə etməli? Onların səsi ağaclığa da gəlib çatırdı. Sözlərin hamısını eşitməsəm də, söhbətin nədən getdiyini bilirdim. Sonra öyrəndim ki, əvvəllər həmin sanatoriyada orkestr varmış. Adamlar rəqs meydançasında rəqs edirmişlər. Görün, hardan hara gəldik, orkestrdən sintezatora. 

Mən Gürcüstanda olduğum yerdə 22 sanatoriya olub. Adlı-sanlı. "Metallurq", "Şaxtyor", filan... Belə bir mədəni, mehriban mühitdə qonaqlı-qaralı yerdə yaşamış adam sonradan azərbaycanlıların ümidinə qalırsa, niyə də dəli olmasın? 

 İlk müayinədə həkim məndən soruşdu: 

- Haran ağrıyır?

- Bütün bədənim. 

- Sən İsa Məsihsən ki, bütün bədənin ağrıyır? O İsa Məsih idi bütün bədəni ağrıyırdı. Nə olub? 

Həkimin bu cür açıq və aydın danışması məni ürəkləndirdi. Onunla açıq danışmağa qərar verdim. Bilmirəm, nədənsə ürəkləndim. 

- Dəli olmuşam. 

- Mən də dəli olmuşam. 

- Mənim üçün yaşamaq çətindi.

- Elə bilirsən mənim üçün yaşamaq asandı. Mənim üçün də yaşamaq çətindi. 

Yadıma İncildən bir söz düşdü. Hər şeyə dad verən duzdur, bəs duzun özü dadsız olarsa, nə etməli? Adamları sağaldan həkimdi, bəs həkim özü dəli olubsa, nə etməli? 

Mən düşündüm ki, bu cür ağır danışmaq, ya onun bir müalicə üsuludu, metodudu, ya da bu çox səmimi adamdı, açıq söhbət edir. Pozitivlikdən, günəşdən, portağal şirəsindən, təmiz havadan, gimnastikadan, hobbidən-zaddan danışmır. Axırda olan şeyin əvvəldə deyilməsinin tərfdarıdı. 

- Kitab oxuma, düşünmə. 

- Necə oxumayım, bu mənim sənətimdi. 

- Özün bil, onda yaşamaq sənə çətin olacaq. Ağıl insanın xoşbəxtliyinə mane olur. Sən bəyəm hansı cəmiyyətdə, kimlərin əhatəsində yaşadığını bilmirsən? Orda ağıla bir qram da ehtiyac yoxdu. Ya onların hərəkətinə dözməlisən, ya da onlara qoşulub, onlardan biri olmalısan. 

Doktor məni tərkisilah etdi. Halbuki maraqlı söhbətə hazırlaşmışdım. Amma şans tanımadı. Başın pozulması, psixologiya, şüurun məhv olması, şəxsiyyətin ikiləşməsi – filan haqqında söhbət etməyə imkan vermədi. Çoxlu sözlər, terminlər öyrənmişdim. Bütün romantikamı məhv etdi. O dedi ki, bu cəmiyyətdə yaşayan mərifətli insan əzab çəkəcəyini bilməlidi. Başqa cür mümkün deyil. Səviyyəsizlik o qədər artıb ki, artıq mədəni adamlar bir-birilərinə rast gələndə sevinirlər. Sevinirlər ki, ilahi, şükür, (xaç çəkir dəli kimi. Hərçənd bilmirsən inanır, yoxsa inanmır. Hər halda çox ərkyana danışır. Bu cür adamlar da ya dəhşətli dərəcədə pis, təhlükəli, çoxbilmiş, ya da dəhşətli dərəcədə ürəyiaçıq, dürüst adam olurlar. Doktor şəksiz ki, ikincilərdən idi) tək deyiləm, məndən başqası da qalıb. Mədəni adamların adını tezliklə "Qırmızı kitab"a əlavə etmək lazımdı. Tezliklə onların hamısı məhv olacaq... 

Doktor danışdıqca müxtəlif vaxtlarda gördüyüm səhnələr bir-bir gözlərim önündə canlanırdı. O, elə bil hadisələrin üzərinə işıq salmışdı. Hər şey ədəbiyyatsız, kinosuz, fəlsəfəsiz-zadsız olduğu kimi, çılpaq göründü gözlərimdə. Bu, dəhşətli mənzərə idi. İnsan insanın tutub evini əlindən alır. Bir-birinin qanını içir. Daha çox yağmalamaq üçün aldadır, yalan danışır, risk edir bəzən. Nə üçün? Niyə?

 Əgər bu dünyadan indiyə qədər heç kim özüylə heç nə apara bilməyibsə, bütün bu davalar, məşəqqətlər, qanlar nə üçündür? Niyə insan qane olmağı bacarmır? Bəs bu davada yalan danışmağı bacarmayanlar nə etsinlər? Onlar bəzən bunu istəyirlər, lakin onu da bilirlər ki, yalan danışmaq insana yaraşmaz. İstər dindar olsun, istər ateist, istərsə də millətçi, ya cavan, ya qoca, ya kişi, ya qadın, savadlı və savadsız, imkanlı və ya imkansız bilir ki, yalan danışmaq ayıb bir şeydi. Bəs yaxşı, oğurlamaq, rüşvət almaq istəməyən adamlar nə etsinlər? Onlar necə yaşasınlar? 

Doktor deyirdi televiziyaya baxmaq olmur. Səviyyəsizlik baş alıb gedir. Adamın ürəyi bulanır. İnsanlar sürətlə debilləşirlər, onlar bütün günü seriala baxır, bütün günü balaca uşaq kimi telefonlaəoynayırlar. Sən onlardan nə gözləyirsən? 

Bu vaxt otağa yaşlı bir qadın girir. Elə bil klassik rus romanından çıxıb. Yaxası kurjevalı bir köynək geyinib. Əlində yelpik. Pomadalı, pudralı. Ədalı. Baxırsan ki, xanımın babat bioqrafiyasi var. Yaş öz işini görsə də, heç təbiətə təslim olmaq fikrində deyil. Bu xanım heç bilmirdi söhbət nədən gedir. Elə birbaşa dedi ki, doktor mənim qədim dostumdu. Onunla 20 ildən artıqdır ki, dostluq edirik. Düzdür, onunla hərdən dalaşırıq, amma o, çox təmiz və yaxşı insandır. Əsas da budur...



Digər Xəbərlər

SON XƏBƏRLƏR