Mədət Quliyev 19 nəfəri işdən çıxardı

img

30-07-2014 [16:19]


Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2014-cü ilin birinci yarısı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müşavirədə Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev Xidmətin 2014-cü ilin 6 ayı ərzindəki fəaliyyətinə toxunub və qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib.

Müşavirədə Penitensiar Xidmətin 2014-cü ilin birinci yarısı ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində ilin birinci yarısı ərzində 211 müxtəlif cinayətin üstü açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Belə ki, 2014-cü ilin birinci yarısı ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 181 mobil telefon, 517,9 qram çəkidə isə müxtəlif narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb.

Müşavirədə hesabat dövrü ərzində Penitensiar Xidmətin 180 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 19 əməkdaşın isə fəaliyyətdə yol verdiyi müxtəlif ciddi nöqsan və pozuntulara, habelə xidmətdən kənar əlaqələrə görə ədliyyə orqanlarından xaric edildiyi qeyd olunub. Hesabat məruzəsi ətrafında bir sıra cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri çıxış ediblər.

Müşavirəyə yekun vuran M.Quliyev mövcud olan nöqsan və pozuntulara diqqət çəkərək, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir xidmət sahəsi üzrə konkret tapşırıqlar verib, işin səmərəliliyinə və səylərin artırılmasına nail olunması məqsədi ilə xidmət rəhbərliyi tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR