Müstəntiq pul təklif elədi, türmə rəisi isə başını qırxdı – Həbs edilməsi istənilən məşhur YAP-çı kimdir?

img

28-07-2014 [19:34]


Hazırda 1 saylı Cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan Ramiz Şadmanovun «Reytinq»in ötən sayında dərc olunan şikayət məktubu böyük əks-səda  doğurub.

 Xatırladaq ki, həmin məktubda Ramiz Şadmanov Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərovun təzyiqləri ilə üz-üzə olduğunu bildirib əlavə edib ki, müstəntiqin onu ciddi şəkildə narahat etməsini 2008-ci ildə yaşanan bir hadisədən qaynaqlanıb.

 Məhbus bildirib ki, Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi ev 104-də yerləşən ev alqı-satqı ofisində işlədiyi zaman yaxından tanıdığı Sevinc Babayeva (Bu xanım cəmiyyətə Güllər Əhmədovanın məlum işindən tanışdır- redaksiya) ilə birlikdə Əkbər Yunis oğlu Tanrıverdiyev, Elçin Əkbər oğlu Verdiyev və Fatma adlı bir qadın yanına gəlib onlara Bakı şəhərinin bir neçə istiqamətində daşınmaz əmlaklar almalarına kömək edib. Həmin vaxtı bu adamlar ona Moskvada yaşayan tanınmış Azərbaycanlı milyonçu olan Söyün Sadıqovun yaxını Usaməddin adlı şəxsin oğlunun Azərbaycanda ali məktəbə qəbul edilməsi söhbəti ediblər: «Söhbətlərin birində Əkbər dedi ki, onun Usaməddin adlı yaxın dostunun oğlu Elviri hər hansı bir universitetə qəbul etdirmək lazımdır. Bəli, etiraf edirəm ki, mənim Sevinc Babayevanın bu işlərlə məşğul olan Lyüdmila adlı tanışımız vardı. məndən onun telefon ünvanını soruşdular. Bundan sonra Əkbər, sonradan uşağın, yəni Elvirin dayısı olduğu bilinən Elçin Verdiyev Sevinc Babayeva həmin uşağın qəbul məsələsi haqda Lyüdmila ilə danışmağı məsləhət elədilərBundan bir neçə gün sonra onlar yenidən ofisə gəldilər. Orada Sevinc mənə 200 dollar verdi. Əlavə olaraq isə Elvirin ali məktəbə qəbulu üçün Lyüdmilaya çatacaq 1500 dollar pulu da ona verməyimi tapşırdılar. Mən kuryer xidməti göstərib, həmin pulu Lyüdmilaya çatdırdım. İşin sonrasından isə xəbərim olmayıb. Çünki mən həmin ilin sentyabrın 17- tutuldum».

 Məhbus yazıb ki, 2013- ildə isə yanına müstəntiq Cövdət İsgəndərov gəlib o, yuxarıda adları çəkilən ev torpaq sahələri alan şəxslərin kimliyi digər məsələlərlə bağlı suallar verib: «Mən onun bütün suallarına tam səmimi cavab verərək, hər şeyi olduğu kimi danışdım. Lakin müstəntiq nədənsə mənim izahatım cavablarımın onu qane etmədiyini dedi. "Səmimi söhbət”ə keçən Cövdət İsgəndərov dedi ki, izahatı onun istədiyi kimi verim, yəni o, diqtə eləsin, mən elə yazım. Hətta bunun üçün mənə 500 dollar pul verəcəyini əlavə edərək, mənə bəzi məsələlərdə kömək edəcəyini dedi. Sözündən belə çıxdı ki, Əkbər Tanrıverdiyevin əsgər yoldaşı olduğu bildirilən və mənim Ələmdar kimi tanıdığım biri haqda müstəntiqin istədiyi ifadə verməliyəm. Mən isə haqsızlığın nə olduğunu, cinayətdə iştirakçı olmayan birinin həyatını qaraltmaq istəmədiyimi deyərək, müstəntiqin təklifindən imtina etdim. Bundan sonra o, məni küçə söyüşləri ilə təhqir və təhdid etməyə başladı».

Qeyd edək ki, bu yazıdan sonra Söyün Sadıqov saytların birinə açıqlama verib və o, Əkbər Tanrıverdiyevi tanımadığını deyərək, bunun ona qarşı təxribat olduğunu bildirib.

 «Reytinq» qəzeti isə bu şikayətin izi ilə bir sıra maraqlı məqamların izinə düşüb. Aydın olub ki, Əkbər Tanrıverdiyev və onun yaxın ətrafının ali məktəbə qəbul etdirmək istədiyi şəxs Moskvada yaşayan Hüsaməddin Nəzərovun oğludur. Bu, o Əkbərdir ki, adı cinayət işində həm də Hüsaməddinin biznes şəriki kimi keçir. Məsələnin ən maraqlı tərəflərindən biri də odur ki, adıçəkilənlər qanunsuz tələbə qəbulu məsələsindən cinayət işindən kənarda saxlanılıblar. Yəni konkret olaraq onların adı cinayət işində yalnız şahid kimi keçir. Bu baxımdan Söyün Sadıqovun qeyd edilən açıqlamanı verməsini başa düşmək çətin deyil.

 Araşdırmamız zamanı o da aydın olub ki, adıçəkilənlərin qanunsuz valyuta dövriyyəsi ilə məşğul olan dəstə ilə də sıx əlaqələri var. Bu barədə cinayət işində epizodik hallar olsa da, nədənsə müstəntiq Cövdət İsgəndərov tərəfindən Hüsaməddin Nəzərovun ifadəsi əsasında istintaqda adı şahid kimi göstərilən Rakif adlı şəxsin simasında qanunsuz valyuta dövriyyəsi ilə məşğul olan dəstə üzvləri haqda heç bir araşdırma aparmayıb.  Halbuki, bu hal cinayət işinin daha obyektiv araşdırılmasına vəsilə olmaqla yanaşı, həm də bankların səlahiyyətini mənimsəyən dəstənin ifşası demək olardı...

 Əldə etdiyimiz digər bir məlumat da daha maraqlıdır. Bildirilir ki, Ramiz Şadmanovun iddia etdiyi bəzi məqamlar üzrə faktlar həqiqətdir: «Belə ki, cinayət işində adı keçən Lyüdmila da onun dediklərini istintaq da böyük ölçü də təsdiqləyib. Bundan əlavə, işin tamamilə kənar bir adama, Ramiz Şadmanovun "Ələmdar” kimin tanıdığı və Əkbər Tanrıverdiyevin əsgər yoldaşı olan tanınmış bir YAP fəalına yüklənməsi məsələsi ciddi xarakter almağa başlayıb».

 «Reytinq» bildirir ki, həmin YAP-çının adı və soyadı da bizə məlumdur. Lakin onun istintaq sənədlərində qeyd olunan nömrəsinə zəng çatmadığından danışma bilmədik. Odur ki, adını yazmağı hələ ki məqbul saymadıq.

 Araşdırmamız zamanı o da aydın oldu ki, müstəntiq C.İsgəndərovun məhbusa rüşvət təklif etməsi və ona həbsxanada təzyiqlər etməsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda da iş açılıb. Lakin prokurorluğun Əkbər adlı müstəntiqi ilə də danışa bilmədiyimizdən bəzi detallara toxuna bilmədik.

 Bu arada isə Ramiz Şadmanovun həbsxanada ciddi təzyiqlərlə üz-üzə qaldığı ilə bağlı da müəyyən informasiyalar əldə olunub. Aydın olub ki, Cövdət İsgəndərovun həbsxanaya gedib, Ramiz Şadmanovdan istədiyi izahatı ala bilməməsindən sonra bir həftə əvvələ qədər həmin müəssisənin rəisi olan yerlisi Fikrət Qafarov məhbusa işgəncələr verdirib. İddiaya görə, əsassız olaraq məhbusun saçı qırxılıb, onu karsa salıblar. Hətta türmə rəisinin «Sənə deyilən izahatı verməyənə qədər günün bu olacaq» dediyi də bildirilir. Təəssüf ki, bir həftə əvvəl Qobustan Qapalı Həbsxanasına rəis göndərilən Fikrət Qafarovun telefonu «daxil olan zəngləri qəbul etmədiyi»ndən danışa bilmədik.

 Növbəti sayımızda cəmiyyəti və hüquq-mühafizə orqanlarını yaxından maraqlandıracaq məlumatlarla bağlı araşdırmalarımızı davam etdirəcəyik.

Yazıda adları hallanan hər kəsin mövqeyini işıqlandırmağa hazırıq!

"Reytinq” qəzeti

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR