Beynəlxalq Bankda milyonluq fırıldaq - Məhbus türmədən yazdı

img

26-07-2014 [16:11]


Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Kərimov Rauf Faiq oğlunun üzləşdiyi problemlər, onun anası Hüseynova Zemfira Əli qızının başına gətirilənlərlə bağlı Prezidentə və ictimaiyyətə ünvanladığı müraciət, həmçinin R.Kərimovun vəkili Adəm Məmmədovun müsahibəsini dərc etmişik. R.Kərimov haqsızlıqlarla bağlı daha bir müraciət ünvanlayıb. 

İş adamı sifarişlə həbs olunduğuna və bunun arxasında Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbəri Cahangir Hacıyevin dayandığına təkrar diqqət çəkib: "Mən bunları nə söz xətrinə, nə də özümü müdafiə etmək üçün deyirəm. Ayrıca, bu mübahisənin başlama səbəblərini yenidən sadalamaq fikrim də yoxdur, çünki oxucularınızı yormaq istəmirəm və bu barədə qəzetinizdə çox yazılıb. Özümü müdafiə etmək fikrimin olmaması da saymamazlıqdan deyil, günahsız olmağımdadır, sifarişli həbs olunmağımdadır. Çünki əgər bir iş adamı likvid qiymətlə hesablanmış əmlakını yüklü edirsə, yəni girov qoyub kredit götürürsə, həmin krediti ödəyə bilməyəndə, ən azı onun əmlakları likvid qiymətə, yəni tez satılan, ucuz qiymətə, dəyər-dəyməzə satılır və pul ödənilir. Daha iş adamını tutub qoymurlar ki, borcunun üstünə hələ bir borc da yığılsın. Bu dediklərimin əyani sübutu kimi  ABB-nin rəhbəri Cahangir Hacıyevin birbaşa nəzarət etdiyi "Bank Technique" ASC-yə təxminən bir ay əvvəl etdiyim müraciəti olduğu kimi təqdim edirəm:

"”TexnikaBank” ASC-nin  Müşahidə  Şurasının sədri  Rövşən İsmayılova Surəti: "TexnikaBank” ASC-nin İdarə  Heyətinin sədri Ülvi Mansurova 968-ci il təvəllüdlü, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar  Xidməti 1 saylı Bakı İstintaq  Təcridxanasında həbsdə olan Kərimov Rauf  Faiq oğlu tərəfindən

Hörməli Rövşən müəllim,

Mən, Kərimov Rauf Faiq oğlu, "TexnikaBank" ASC-nin şikayəti əsasında sonuncu qarşısında olan kredit öhdəliklərini icra edə bilməmək səbəbindən həbs olunmuşam və artıq iki aydan çoxdur ki, həbsdəyəm. Sizə də, mənə də aydındır ki, banka olan belə külli miqdarda borcdan yayınmaq, nə "de jure", nə də "de fakto" mümkündür. Ən azından ona görə ki, həmin kreditlərin altında yüklü edilmiş kifayət qədər daşınmaz əmlak var. 

Bütün dünyada mövcud bank təcrübəsi budur ki, potensialı olan, əlində qiymətli layihələri olan müştərilərə banklar dəstək verir, həm verdikləri pulu geri qaytarır, həm də bundan gəlir əldə edirlər. Bankın mənim həbsimə sifariş verməsi faktiki olaraq Bank məntiqinə, imicinə, sisteminə hayqırı olmaqla bərabər, vətəndaş hüququnun, insan hüququnun beynəlxalq konvensiyalardan irəli gələn tələblərin kobud surətdə pozulması deməkdir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 1-ci maddəsində deyilir: Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması. Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Həmin Konvensiyanı və onun 4 saylı Protokolunu 25 dekabr 2001-ci il tarixli qanunla təsdiq etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 151-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Yəni söhbət sonunda təkcə bir iş adamının, vətəndaşın hüququnun pozulmasından yox, dövlətin imicindən də gedir. Mənə məlumdur ki, Siz də fakt qarşısındasınız. Mənə qarşı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinə göndərilən ərizəyə siz imza atsanız da, sifarişi verən qeyri-rəsmi də olsa, sizə faktiki rəhbərliyi həyata keçirən, sizi yönəldən və əlinə düşən bu fürsətdən istifadə etməklə mənimlə olan könhə haqq-hesabını çürütmək istəyən "Azərbaycan Beynəlxalq Bank" ASC-nin rəhbəri Cahangir Hacıyevdir. Belə bir vəziyyətdə sizə ərizə ilə müraciət edib nəyinsə dəyişəyəcinə ümid etmək məncə sadəlövhlük olardı, yəni problemə hamının bildiyini heç kimdən gizlətməmək məntiqi ilə yanaşaraq mən bu problemi ictimailəşdirmək məcburiyyətindəyəm. Belə ki, sizə də yaxşı məlumdur ki, girovla yüklü edilmiş "Bakı Mehmanxanası"nın ərazisi də, perspektivi də imkan verir ki, borc bağlandıqdan sonra belə, həmin layihədən 30.000.000 (otuz milyon) manatdan artıq xeyir götürülsün.  Mən heç mənə qarşı sizin tərəfinizdən irəli sürülən şikayətdə olan məbləği hələlik mübahisələndirmək istəmirəm, çünki həmin məbləğin mənə aid olan hissəsi hələlik istintaq tərəfindən araşdırılır.  
Tikintini başlamaq üçün mən investor da tapmışam ki, tikinti başa çatsın və əldə olunan gəlir hesabına bankın krediti bağlansın. Eyni zamanda tikintinin "TexnikaBank" ASC-nin nəzarəti ilə həyata keçirilməsini də təklif etmişəm. Bütün bu faktları görməzdən gəlmək olmaz və siz bu barədə kifayət qədər məlumatlısınız. Sizin rəhbərlik tərəfindən də bir neçə dəfə bu layihənin həyata keçirilməsi ilə bağlı qeyri-rəsmi də olsa razılaşmalar olub. Bu layihə ilə bağlı detalların bir daha sizin, ictimaiyyətin və maraqlı orqanların nəzərinə çatdırılması üçün aşağıdakı ətraflı açıqlamanı təqdim etmək məcburiyyətindəyəm. Çünki faktiki olaraq bütün sivil dünyada belə layihələr, onlara çəkiləcək özəl xərc və gəlir kommersiya sirri kimi qorunur və ictimaiyyətə açıqlanmır. Ancaq mən başqa bir yol görmədiyim üçün, eləcə də, həbsimin sifarişli, maraq çərçivəsində olmasını ictimaiyyətə çatdırmaq üçün bunu etmək məcburiyyətindəyəm.

"Bakı Mehmanxanası"nın yerləşdiyi yerdə həyata keçiriləcək tikinti işlərindən ən azı 75.000.000 - 80.000.000 manat gəlir əldə etmək mümkündür. Sxem aşağıdakı kimidir: 

Tikintinin oturacaq sahəsi 1800 kv.m. 18 mərtəbəli yaşayış binası (2 mərtəbə yeraltı qaraj, 16 mərtəbəlisi qeyri-yaşayış və yaşayış, son 2 mərtəbəsi restoran və mansard). Tikintinin qeyri-yaşayış və yaşayış sahələrində (16 mərtəbəsində) cəmi 28800 kv.m sahə olacaq (1800 kv.m. x 16 = 28800 kv.m.). Tikintidə həmin sahənin 20% hissəsini, yəni təqribən 5600 kv.m. ümumi istifadə yerlərinə - dəhlizlər, pilləkən qəfəsi, lift şaxtası və s. tutur. Geridə qalan faydalı sahə 23200 kv.m. təşkil edir (28800 kv.m. - 5600 kv.m.). Bir mərtəbəyə düşən faydalı sahə 1600 kv.m. təşkil edir (23200 kv.m./16 mərtəbələrin sayı = 1600 kv.m). Birinci və ikinci mərtəbələrinin ortalama qiyməti ən azı 7000 manat təşkil edəcək. (1600 kv.m. x 2 mərtəbələrin sayı = 3200 kvm.) Həmin qeyri-yaşayış sahələrinin satışından əldə olunacaq gəlir ən azı 22.400.000 manat təşkil edəcək (3200 kv.m. x 7000 manat = 22.400.000 manat). 14 yaşayış mərtəbəsindən mənzillərin qiyməti ən azı 1 kv.m. görə 2000-2500 manat təşkil edəcək. (14 yaşayış mərtəbələrinin sayı x 1600 kv.m. - faydalı sahə = 22.400 kv.m.)  Həmin yaşayış sahələrinin satışından əldə olunacaq gəlir ən azı 45.000.000 manat təşkil edəcək (22400 kv.m. x 2000 manat = 44.800.000 manat).

Beləliklə, 18 mərtəbəli binanın yaşayış və qeyri-yaşayış sahəsindən ibarət 16 mərtəbəsindən ən azı 67.200.000 manat gəlir əldə etmək olar. Nəzərə alsaq ki, binanın altında qarajlar, son iki mərtəbəsində isə mansard və ya restoran olması planlaşdırıla bilər, əldə olunan gəlir daha 10.000.000 manata qədər arta bilər. Qeyd edirəm ki, bu, ən aşağı satış qiymətləridir. Əldə olunacaq gəlir bundan artıq ola bilər. 

Binanın tikintisi ilə bağlı xərclər isə ən maksimal olaraq aşağıdakı kimidir: 1800 kv.m. x 20 mərtəbə (2 mərtəbə qaraj + 16 mərtəbə yaşayış və qeyri-yaşayış + 2 mərtəbə mansard və ya restoran) = 36000 kv.m. 1kv.m. tikmək üçün bütün xərclər, vergilər və s. daxil olmaqla ən çoxu 800 manat vəsait tələb olunur. Beləliklə, qeyd edilən bina ən çoxu gözlənilməyən xərclər də daxil olmaqla 30.000.000 manata başa gələ bilər. (36000 kv.m. x 800 manat = 28.800.000 manat, əlavə 1.000.000 manata yaxın vəsait də gözlənilməyən xərclər). Tikinti başlayan kimi satışı təşkil edib, satışdan əldə olunan gəlir hesabına tikintini həm başa çatdırmaq, həm də başa çatdırandan sonra gəlir götürmək olar. Odur ki, əgər "TexnikaBank" ASC-nin məqsədi ona olan kredit borcunun qaytarılmasıdırsa, qeyd edilən tikinti ilə mən həmin krediti qaytarmaq iqtidarında olmağımla bərabər, təqribən 30.000.000 manat da gəlir götürmək imkanındayam.  

Belə olan vəziyyətdə əgər "TexnikaBank" ASC-nin məqsədi ona olan kredit borcunun qaytarılmasıdırsa, məni şikayətlə həbs etdirmək banka nə verir axı?! Həm yerli, həm də dünya bank təcrübəsində borclu olan, lakin potensialı olan müştərilərə banklar şərait yaradır, pullarının geri qaytarılmasına çalışırlar. Mənim həbsdə qalmağım mənim borclu olduğum digər yerli və xarici banklara külli miqdarda ziyan vurur və bu da mənim və həmin banklarda mənim kreditlərimə görə girovu olan digər şəxslərin də əmlak hüquqlarından məhrum olunması ilə nəticələnməklə arzuolunmaz hallara gətirib çıxaracaq. Mən indi də "TexnikaBank" ASC qarşısında mənə aid olan kredit öhdəliklərini icra etməkdən boyun qaçırmıram, istintaqa da hər cür köməklik göstərməyə hazıram. Nəzərə alınmalıdır ki, mənə aid kreditlər tək "TexnikaBank" ASC qarşısında deyil, həm də Azərbaycan Respublikasının digər bankları - "Kapital Bank" ASC, "Yunayted Kredit Bank" ASC, "AtraBank" ASC, həm də Türkiyə Respublikasında fəaliyyət göstərən banklarda var. Odur ki, mənim həbsdə qalmağım qeyd edilən banklara külli miqdarda ziyan vurmaqla yanaşı, mənim də əmlak hüquqlarımdan məhrum edilməm ilə nəticələnəcək. Belə ki, həmin kreditlərin altında həm mənim, həm də başqa şəxslərin girovları var ki, mən həbsdə olduğumdan, kredit öhdəlikləri icra edilmir. Nəticə etibarilə, mənə və borclu olduğum yerli və xarici banklara külli miqdarda ziyan vurulur. 

Odur ki, bununla bağlı mən, bu məsələni ictimailəşdirərək nüfuzlu beynəlxalq bank reytinq təşkilatlarına, borclu olduğum digər yerli və xarici banklara müraciət edərək kreditlərin qaytarılmaması səbəbi kimi "TexnikaBank" ASC-nin şikayəti əsasında kredit öhdəliyini icra edə bilməmək səbəbindən həbs olunmağımı bildirmək məcburiyyətindəyəm. Bu açıq məktubla müraciət etməkdə məqsədim ictimaiyyət qarşısında öz adımı və rəhbərlik etdiyim şirkətin imicini qorumaq olsa da, açığını deyim ki, əsas məqsədim bu müraciətlə Respublika rəhbərliyinin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqətini bu məsələyə cəlb etməkdir. Çünki mənə qarşı yönəldilən bu avantürist ittihamın arxasında duran elə geniş imkanlı və nüfuzlu insanlara "dur" deməyə qadir olan təkcə möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir". 

Daha sonra R.Kərimov qəzetimiz vasitəsilə həm ictimaiyyətə, həm də Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin üzvlərinə müraciət edir: "Azərbaycan Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyev İçərişəhərdəki anamın adına olan evin (Bakı şəhəri, Səbail rayonu, A.Zeynallı 43) girovu müqabilində ayırdığı 1.498.500 ABŞ dolları kredit əvəzində kredit və faiz borclarını ödədikdən sonra bizdən 3 qatını, yəni 4.500.000 ABŞ dolları tələb edir. Əgər belədirsə, mənim üçün maraqlıdır:
1. ABB bütün müştərilərindənmi verdiyi pulu üçqat alır?!
2. ABB-nin səhmdarlarının bundan xəbəri varmı?!
3. Əgər ABB-nin iş meyarı verdiyi pulun üçqat geri qaytarılmasıdırsa, onda ABB-nin fəaliyyəti səhmdarları tərəfindən yoxlansın, aktivlərini necə artırdığı müəyyənləşdirilsin. 
3. ABB səhmdarlarına necə hesabat verir? Həmin üçqat artırdığı gəlirlərinə müvafiq olaraqmı səhmdarlarına dividendlər ödəyir?!
Sonunda hörmətli redaksiya! Sizi bir şeyə əmin edirəm. Onlar heç vaxt bu yazılanlara münasibət bildirməyəcəklər. Çünki deməyə sözləri, ortaya qoymağa da həqiqətləri yoxdur. Məqsəd məni həbsdə çürütmək, milyonlarla dəyəri olan əmlaklarımı isə dəyər-dəyməzinə ələ keçirməkdir. Və sizdən xahiş edirəm ki, bizim ailəyə banklar və məhkəmələr tərəfindən edilən bu qərəzli münasibət, haqsızlıqları daha dərindən araşdırın”.

Bizimyol.info

Digər xəbərlər
SON XƏBƏRLƏR