Hakim deputata qarşı işdən imtina etdi! – «Vətən xaini» qalmaqalı

img

25-07-2014 [20:27]


Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyevə qarşı xüsusi ittiham qaydasında (Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə) verilmiş şikayəti icraata qəbul etməkdən imtina edib. 

Bu barədə Mia.az-a verilən məlumata görə, hakim Vaqif Mursaqulov Xətai rayon Məhkəməsinin qərarını qüvvədə saxlamaqla, Şəmsəddin Hacıyevin sabiq müşaviri, iqtisad elmləri doktoru, universitetdə kibernetika elminin yaradıcısı Bədirxan Musayevin Ali Məhkəməyə ölkə prezidentinə müraciət etməsinə zəmin yaradıb.

 Mia.az-a verilən məlumata görə, iddiaçı Bədirxan Musayev prezidentə müraciətində hakim Vaqif Mursaqulovun belə bir qərar verməsində Şəmsəddin Hacıyevlə Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin təzyiqinin əsas rol oynadığını bildirib: «Şəmsəddin Hacıyev İman Nağıyevi pulunun mandatının gücü ilə tam təsiri altına alıb. İş o yerə çatıb ki, Şəmsəddin Hacıyev «Qafqazinfo» saytında məni ən ağır cinayətdə  - Vətənə xəyanətdə ittiham edib bunu da "Yeni Müsavat” başda olmaqla, bir neçə mətbu orqan da tirajlayıb. Şəmsəddin Hacıyev həmin məqalədə deyib ki, «Mən, Bədirxan Musayevə Vətən xaini damğası vuraraq universitetdən qovmuşam». Onun bu ya digər böhtan  cinayət tərkibli açıqlamalarını sübut etmək üçün barəmdə verdiyi əsassız əmrləri məhkəməyə təqdim etmişəm. O əmrlərdə işdən azad olunmağım səhhətimlə əlaqələndirilib. Halbuki, bunun özü tamamilə əsassız verilmiş əmr olub».

 Professor deyir ki, Şəmsəddin Hacıyevin ölkə prezidentinin məhkəmələrin səlahiyyətini mənimsəyərək, onu Vətən xainliyində ittiham etməsi haqda məhkəməyə müraciət etsə , hakimlər qeyri-qanuni olaraq şikayətə baxmaqdan imtina edirlər: «Xətai rayon Məhkəməsinin hakimi İbrahim İbrahimli hətta açıq şəkildə protokolu saxtalaşdıraq, demədiyim sözləri oraya yazıb. Sonra isə tamamilə əsassız şəkildə iddia ərizəmi icraata qəbul etməkdən imtina edən qərar verib. Vaqif Mursaqulov isə Şəmsəddin Hacıyevin satın aldığı İman Nağıyevin tapşırığı ilə İbrahim İbrahimlinin məhkəmə tarixinə qara ləkə kimi düşəcək qərarını qüvvədə saxlayıb».

Professor onu da deyib ki, bu şikayəti ilə bağlı ümumilikdə 8 iclas keçirilib: "Və bunların hər birindən də Şəmsəddin Hacıyev qaçıb. O, heç bir prosesə gəlməyib. Bu da onu təsdiq edir ki, mənə böhtan atmaqla, cinayətə yol verdiyinin fərqindədir. Lakin pulunun və deputat mandatının gücü ilə hələki mühakimə olunmaqdan qaça bilir. Amma mən bunu belə qoyan deyiləm. Bununla bağlı Ali Məhkəməyə müraciət edəcəm. Doğdudur, bilirəm, Ali Məhkəmədə də deputat və milyarder olduğundan onu qorumağa çalışacaqlar. Ancaq inanıram ki, Avropa Məhkəməsində Şəmsəddinin nə pulu, nə də mandatı belə at oynada bilməyəcək".

Bədirxan Musayev işin Avropa Məhkəməsinə daşınmasında maraqlı olmadığını da deyib. Amma buna məcbur olduğunu bildirir: "Bəli, Azərbaycanda pulun və mandatın qarşısında duruş gətirə bilməyən hakimlər və məmurlar məni buna məcbur edir. Ona görə də, möhtərəm cənab prezidentimizə üz tutub, başıma açılan qanunsuzluqlara müdaxilə etməsini rica edirəm".

 Sonda isə professor ölkə prezidenti İlham Əliyevdən həmin hakimlərin barəsində tədbir görülməsini xahiş edib.

Açıqlama ilə bağlı qarşı tərəfin fikirlərini də dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR