Müsavatçı gəncin başına torba keçirib oğurladılar - Təfsilat

img

24-07-2014 [09:00]


İyulun 23-də səhər saatlarında Müsavat Gənclər Təşkilatı MTK-nın sədri, blogger, musavat.org.az saytının administratoru Fərəc Kərimli həbs edilib. Gənc fəalın həbs edilməsinin səbəbləri hələ bilinmir. O, anasını xəstəxanaya apararkən, mülki geyimli şəxslər tərəfindən başına torba keçirilərək, naməlum istiqamətə aparılıb.

Fərəc Kərimlinin vəkili Nemət Kərimli həbs olayı ilə bağlı musavat.com-a bunları deyib: "İyulun 17-də Fərəc Kərimlinin qardaşı Sirac Kərimlini iş yerində həbs etmişdilər. Daha doğrusu, oğurlamışdılar. Ona qarşı artıq 234-cü maddə ilə cinayət işi açıblar. Evdən onun atasına məxsus noutbuku da götürmüşdülər. Məhkəmə zamanı vəsatət qaldırdıq ki, noutbukun bu məsələyə nə dəxli var? Bu işin siyasi xarakter daşıdığını və Fərəclə bağlı olduğunu dedik. Ehtimal edirdik ki, onlar Fərəcin əvəzinə səhvən qardaşını həbs ediblər. O gündən bu yana daim Fərəc nəzarət altında idi. Evinin ətrafında əməliyyatçılar keşik çəkirdi. Bu gün (dünən-red.) anası xəstə olduğundan Fərəc onu xəstəxanaya aparıb. Orada faktiki olaraq, onu oğurlayıblar. İndiyə qədər onun barəsində heç bir məlumat verilməyib”.

Vəkil gənc fəalın həbs edilərkən ciddi təzyiqlərə məruz qaldığını, başına torba keçirilərək, döyüldüyünü bildirib: "Şahidlərin dediyinə görə, həbs edilərkən onun başına qara torba keçirdilmiş, qolları arxadan bağlı vəziyyətdə xüsusi amansızlıqla döyülərək həbs edilmişdi. Onu həbs edənlər özlərini belə təqdim etməyiblər. Fərəcin bu vəziyyətdə həbs edilməsi insani dəyərlərə ziddir. «Polis haqqında» Qanunda saxlanılan şəxslə necə davranmaq yazılıb. Fərəc saxlanılarkən səbəbi ona bildirilməli, vəkilin yardımından istifadə etməsi dərhal təmin edilməli idi. Bunun bir adı var - adam oğurluğu. Birbaşa siyasi sifarişdən doğan həbsdir. O, musavat.org saytının adminlərindən idi. Eyni zamanda sosial şəbəkələrdə fəal idi”.

Nemət Kərimli Fərəc Kərimlinin hazırda hara aparılmasından məlumatsız olduqlarını və dəqiqləşdirməyə çalışdıqlarını da qeyd edib: "Biz Fərəcin həbsi ilə bağlı 102 xidmətinə zəng vurduq. Lakin indiyə qədər bu barədə heç bir məlumat yoxdur. Ona yaxınlarına, valideynlərinə məlumat verməsi üçün şərait yaradılmalıdır. Onun qardaşı da həbs ediləndə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getdim. Mənə qarşı orada kobudluq etdilər. Bayıra çıxararaq, axşamtərəfi gəlməyimi tələb etdilər. Axşam getdiyim zaman mənə heç bir məlumat vermədilər. Bütün bunlar qardaşların həbsinin qanunsuz olduğunu sübut edir”.

Fərəc Kərimlinin həbsi, hazırda harada saxlanılması ilə bağlı günorta saatlarında Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov musavat.com-a baş verən hadisədən xəbərsiz olduqlarını bildirdi: "Belə bir hadisədən xəbərimiz yoxdur. Bizə məlumat daxil olmayıb. Nə üçün, harada saxlanılması barədə sizə dəqiq bir şey deyə bilmərəm. Amma bu istiqamətdə araşdırmalarımızı aparacağıq. Heç kəs narahat olmasın. Qısa müddətdə hər şey aydın olacaq”.

Qeyd edək ki, müsavatçı gənc fəalın bir həftə öncə qardaşı Sirac Kərimli həbs edilib. Onun barəsində artıq 234-cü maddə ilə cinayət işi açılıb. Vəkil və yaxınları Fərəc Kərimlinin siyasi fəaliyyətinə görə həbs edildiyini iddia edirlər.

Müsavat Partiyası gənc üzvünün və onun qardaşının qanunsuz həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: "Müsavat Partiyası Laçın rayon təşkilatının təsisçilərindən biri, 12 il bu təşkilatın sədri olan Raqif Kərimlinin oğlu, Müsavat Gənclər Təşkilatının MTK-nın sədri, blogger, musavat.org.az saytının administratoru Fərəc Kərimovli 23 iyul 2014-cü il tarixində Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinin qabağından mülki geyimli şəxslər tərəfindən heç bir sənəd təqdim edilmədən, ona hüquq və vəzifələri elan edilmədən faktiki olaraq oğurlanaraq, iradəsi əleyhinə məcburən qeyri-müəyyən istiqamətdə aparılıb.

Hakim rejim Fərəc Kərimlinin siyasi və blogger fəaliyyətinə görə həbs etdiyini gizlədə bilməyəcək. Bir neçə gün bundan qabaq onun siyasi fəaliyyətlə məşğul olmayan böyük qardaşı Sirac Kərimli küçədə saxlanılaraq, üzərindən əməliyyatçılar tərəfindən guya narkotik maddənin tapılması, evində axtarış aparılarkən ilk olaraq Fərəcə məxsus noutbukun axtarılması və götürülməsi bu həbsin Fərəc üçün planlaşdırıldığını ifşa edirdi.
Müsavat siyasi xarakter daşıyan bu həbslərin partiyaya qarşı, azad düşüncəli gənclərə qarşı, sosial şəbəkələrin fəal iştirakçılarına qarşı - bütövlükdə Azərbaycan demokratik qüvvələrinə qarşı repressiyaların davamı olduğunu bəyan edir.

Raqif Kərimlinin ailə üzvlərinə qarşı həyata keçirilən bu həbslər, iki azyaşlı uşaq atası, heç bir siyasi mənsubiyyəti olmayan Sirac Kərimlinin şərlənərək həbs edilməsindən sonra insult əlamətləri olan anasını təcili yardım maşını ilə Bakı Sağlamlıq Mərkəzinə müayinədən keçirmək üçün aparan qardaşı Fərəc Kərimlinin da saxlanılması eyni zamanda konkret bir ailəyə qarşı qəddarlığın təzahürüdür.

Beynəlxalq təşkilatlar qarşısında siyasi məhbusların olmadığını iddia edən Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bloggerləri, siyasi fəalları, QHT nümayəndələrini həbs etməklə faktiki olaraq siyasi məhbuslar siyahısını günü-gündən genişləndirir.
Azərbaycan hakimiyyətinin bu repressiv addımları haqq və ədalət uğrunda mübarizə aparan müasir gəncliyin mübarizə ruhunu qıra bilməyəcəkdir. Gənclərlə mübarizə aparan rejimlərin süquta məhkum olması tarixin qanunauyğunluğudur.

Müsavat Partiyası qanunsuz və əsassız olaraq həbs edilmiş Sirac Kərimlinin və Fərəc Kərimolinin qeyd-şərtsiz olaraq dərhal həbsdən azad edilməsini tələb edir".
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı "Yeni Müsavat”a deyib ki, Fərəc Kərimli həbs edilməyib, oğurlanıb: "Fərəcin həbs edildiyini demək düzgün deyil. O, birbaşa oğurlanıb. Özü də mülkü geyimli şəxslər tərəfindən. Onu saxlayanlar kimliyini belə təqdim etməyiblər. Hüquq və vəzifələri haqqında ona heç bir məlumat verməyiblər. DİN-in bir müddət özünü həbsdən xəbərsiz aparması bunların sübutudur.

Bu, birbaşa quldurluq və oğurluqdur. Amma Fərəcin həbs edilmə ehtimalı var idi. İyulun 17-də qardaşının həbsindən sonra bu rəy yaranmışdı. Bu, ölkədə baş verən növbəti qanunsuzluqdur. Hüquq-mühafizə orqanları müasir yox, quldarlıq dövrünün qanunlarına riayət edirlər. Bu, Raqif Kərimlinin ailəsinə qarşı yönəlmiş repressiyanın tərkib əlamətidir”.
Axşam saatlarında DİN Fərəc Kərimlinin saxlanılması xəbərini təsdiqləyib. Qurumun mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Fərəc Kərimli əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən saxlanılıb, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb.
O.Mansurzadə onu da qeyd edib ki, F.Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş.

Fərəc Kərimlinin atası Raqif Kərimli son bir həftədə ailəsinin başına gətirilən müsibətlərlə bağlı musavat.com-a bunları deyib: "Övladlarım həbs edilməyib, oğurlanıblar. Fərəcdən 8 saat ərzində xəbər tutulmaması, hüquq-mühafizə orqanlarının suallarımızdan yayınmaları bunu sübut edir. Hara müraciət etdimsə, mənə ”get hara şikayət edirsən, et" cavabını verdilər. Böyük oğlum da bu cür həbs edildi. Uzun müddət xəbərim olmadı. Anasının gözlərinin qarşısında oğlumu amansızlıqla aparıblar. Pis vəziyyətdəyəm. Bir oğlum Kürdəxanı həbsxanasındadır. Biri də bu gün (dünən-red.) həbs olunub. Həyat yoldaşım xəstəxanadadır. Son bir həftədə yataqxanada başımıza gəlməyən hadisə qalmayıb. Siyasi fəaliyyətinə görə insanın bu qədər hadisələrin başına gəlməyinə inanmıram".
Gənc fəalın atası oğlunun narkotik maddəsi ilə ittiham olunmasına da münasibət bildirdi: "Bizim ailədə dövlət əleyhinə təbliğat olmazdı. Biz axı nə etmişik? Sadəcə, qanuni mübarizə yolu ilə gedən adamlarıq. Böyük oğlumun siyasətlə, ümumiyyətlə, əlaqəsi yoxdur. Fərəclə mənim siyasi mənsubiyyətimiz var. Bunu inkar etmirəm. Qanun çərçivəsində hərəkət edən adamlarıq. Qanunların yol verdiyi qədər mübarizə aparırıq. Bundan sonra bu rejimdən artıq nə görsəm, təəccüblənməyəcəm. Artıq hər şey gözləyirəm. Bundan sonra yenə bir addım mövqeyimdən geri çəkilməyəcəm. Sona qədər haqqımı müdafiə edəcəm. Qanunun tələb etdiyi bütün mübarizə üsulları üzrə hərəkət edəcəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR