İcra başçısı ilə qohumunun bir rayonda mənimsəmə oyunu - Siyahı

img

23-07-2014 [16:32]


Ağsu şəhər bələdiyyəsinin keçmiş sədri Aqil Niftəliyevin yarıtmaz fəaliyyətinə dair bəzi bilgiləri bir neçə gün əvvəl diqqətinizə təqdim etmişdik. 

Bu xüsusda Ağsu şəhər sakinləri tərəfindən təqdim olunan məlumatlarda göstərilirdi ki, Aqil Niftəliyev Ağsu şəhəri və ona bitişik Qaraməmmədli, Pirhəsənli, Ülgüclü və Navahı kəndlərinin ümumilikdə 500 hektardan çox ərazilərini demək olar ki, tamamilə zəbt edib. Həmçinin keçmiş bələdiyyə sədri sovet dövründən qalma bir çox iaşə və ticarət obyektlərini də ələ keçirə bilmişdir. 

Məlumatlarda bu obyektlərin sırasında Ağsu rayonunun Avtobazasının 5 hektar tikili və həyətyanı sahəsi, keçmiş Rayon İcrayyə Komitəsinin binası, köhnə avtovağzal, ovçular binası, xalça sexinin binası və sairə göstərilir. Mənbələr iddia edirlər ki, avtobazada bu adamın avtomobil hissələri mağazası, setka sexi, avto yuma, təmir, çayçı və sairə obyektləri fəaliyyət göstərir. Bundan başqa isə Aqil Niftəliyevin Kəndoba kəndində 200 hektar torpaq sahəsi, 2 balıq gölü və möhtəşəm bir malikanəsi var. Lakin belə məlum olur ki, bütün bu yığdığı sərvət keçmiş bələdiyyə sədrinin Ağsudan əldə etmək istədiyi var-dövlətin heç də hamısı deyildir. Buna görə də Ağsunun və xüsusən də rayona ayrılan büdcə vəsaitlərinin talan edilməsini daha geniş miqyasda həyata keçirə bilmək üçün, bir müddət əvvəl Aqil Niftəliyev 12 saylı Yol İstismar İdarəsinə müdir vəzifəsinə təyinat almışdır. Biz artıq ötən materiallarda qeyd etmişdik ki, A.Niftəliyevin bacısının əri Ağakişi Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun sağ əlidir və məhz onun Aqil Niftəliyevin bələdiyyə sədri seçilməsində xüsusi xidməti olmuşdu. 

Məlumatlarda isə yeni vəzifəyə təyinat almasında artıq A.Niftəliyevin digər bir himayədarının, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun qardaşı Radim Müslümovun müstəsna rol oynadığı bildirilir. Ağsu rayonunda fəaliyət göstərən 12 saylı Yİİ-nin müdiri vəzifəsinə yeni təyin olunmasına baxmayaraq, Aqil Niftəliyevin adı artıq kifayət qədər böyük maliyyə maxinasiyalarında və büdcə vəsaitlərinin mənimsənilməsi ilə müşayiət olunan korrupsiya əməllərində hallandırılır. Bu xüsusda KİV-ə təqdim olunan məlumatlarda bildirilir ki, Ağsu şəhərinin daxili yollarının əsaslı təmiri üçün ayrılan 800 min manatın yarım milyonundan artığı mənimsənilib. Bundan başqa isə Ağsu RİH-nin başçısı Ənvər Seyidəliyev tərəfindən kəndlərarsı daxili yolların təmir edilməsi məqsədilə rayonun daxili büdcəsindən 12 saylı Yol İstismar İdarəsinə ayrılmış 600 min manat vəsaitin də taleyi bəlli deyil. Yerli mənbələrdən aldığımız məlumatlarda bu barədə deyilir: "Bir neçə aydır ki, 12 saylı Ağsu rayon Yol İstismar İdarəsinin müdiri vəzifəsini icra edən Aqil Niftəliyev, bələdiyyədə olduğu kimi burda da böyük maliyyə maxinasiyaları həyata keçirir. Keçmiş bələdiyyə sədri 12 saylı Yol istismar İdarəsinə ayrılan yanacağı, mal-materiala dövlətin ayırdığı vəsaitləri mənimsəməklə yanaşı, həmçinin dayanmadan dövlətin asfaltını və çınqıl-qum materiallarını müxtəlif özəl şirkətlərə satır. İdarə müdiri 10 ton asfalta 800 manat, bir maşın çınqıla 70manat, quma isə 120 manat qiymət qoyub".

 Daha sonra məlumatlarda vurğulanır ki, Aqil Niftəliyevin son bir neçə ay ərzində həyata keçirdiyi ən böyük maliyyə mənimsəməlri ümumilikdə təqribən 1 milyon yarım vəsait ayrılan iki layihə olub. İdarə müdirinin bu iki layihədən 1 milyondan artıq mənimsəməyə yol verdiyi iddia olunur: "Üç ay öncə Ağsu şəhərinin daxili yollarının yenidən çəkilməsi üçün dövlət büdcəsindən ayrılan 800 min manat vəsaitin təqribən 70 faizi silıinərək mənimsənilib. Sənədlərdə əsaslı təmir olunan Ağsu şəhər daxili yollarının bəzi yerlərinə ancaq "yamaq” vurulub və yarım milyondan artıq dövlət vəsaiti bu yolla silinib və Aqil Niftəliyevin cibinə axıb...” (Dia.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR