Qarabağ qazisi, keçmiş döyüşçü xalqa və KİV-ə müraciət etdi

img

22-07-2014 [21:50]


Qarabağ qazisi, keçmiş döyüşçü Vaqif Əlisoy Kütləvi Informasiya Vasitələrinə, xəbər portallarına, Azərbaycan xalqına müraciət edib. MİA-ya daxil olan müraciəti olduğu kimi təqdim edirik.

Kəlbəcərdə əsir düşmüş Dilqəm Əsgərov, Şahbaz Quliyev Həsən Həsənovun barəsində ermənilərin yaydığı məlumatların mahiyyətinə və məqsədinə fikir vermədən bizim xəbər portallarının da təkrar yayması məni çox narahat edir. Nəzərə alın ki, bu informasiyalar qərəzli və təxribat xarakterli ola bilər. Xüsusən də Həsən Həsəonovun öldürülməsi barədə xəbərlər və onun fotolarının yayılması məqsədli ola bilər. Soydaşımızın fotosunun yerləşdirilməsi hələ məlumatın dəqiqliyini təsdiqləyən dəlil sayıla bilməz. Belə məlumatlara inanmayın. Saytlarımız da bunu ermənilərin yaydığını qeyd edib. Şəkillər Həsənin facebook profilindən götürülüb. Üstəlik, erməni saytları da bu məsələ ilə bağlı bir çox hallarda bizim yanlış informasiyalara əsaslanır. Göründüyü kimi, bəzən özümüz də bilmədən erməniyə isləyirik.

Mən bir neçə gün əvvəl Kəpəz TV-də Dilqəm barədə gedən sujetlə bağlı Nusiravan Məhərrəmliyə kəskin etirazımı bildirdim. Həmin kadrları həmin gün ermənilər dünyaya yaydılar. "Modern.az" sayti vasitəsi ilə bütün mətbuat işçilərinə son dərəcə ehtiyatlı olmağı xahiş etdim. Nəticəsi nə oldu? Bu gün də Həsən haqda məlumat yaydılar. Bununla nə demək istəyirsiniz, bəylər! Başımıza bu qədər iş gəlir, həqiqəti başa düsmək üçün 20 illik təcrübə kifayət etmədimi? Biz onlar kimi ola bilmədik, namusu, qeyrəti unutduq. Onlar isə bunu bacarmadılar, getdilər , bayrağımızı Kəlbəcərdə dalğalandırdılar. Dedilər, "Lazım” gəlməyəcək. Maraqlıdır, "Lazım” kimdir ki? Hər bir kəs anlamalıdır ki, bu onun özüdür. Onlaq bizim kimi qol götürüb oynamadılar, arsız-arsız Qarabağ haqda oxumadılar, seir demədilər. Dağılmış evlərimizi, dədə-baba qəbirlərimizi bizlərə göstərməklə dərs keçdilər.Bütün bunlardan sonra bu millət, əsas da Qarabağ camaatı susacaqsa, öz qeyrətli balalarına sahib çıxmayacaqsa ən ağır sözlərə layiqdir.

Sonda bir şeyi demək istəyirəm ki, Dilqəm və Şahbazin taleyi məlumdur. Əsas narahatçılıq Həsəndəndir. Biz bu istiqamətdə müəyyən addımlar atmışıq. Ukraynada Elxan və Elşən bəy, Almaniyada İlham Həsənov, jurnalist Könül xanım, İsveçdə hərəkatçı qardaşımız Teymur Eminbəyli müəyyən işlər görür, buna gorə sağ olsunlar. Xaricdə olan qardaşlarımıza, diaspora numayəndələrinə müraciət edirik ki, yaşadıqları olkələrdəki erməni səfirlikləri qarşısında davamlı etiraz aksiyaları kecirsinlər, Qırmızı Xaç cəmiyyətləri ilə görüşüb, həqiqəti söyləsinlər. Dünya Azərbaycanlıları Konqresi və onun rəhbəri S.Rüstəmxanlı hardadır?

Ümid edirəm ki, bir az emosional yazılmış bu müraciət səmimi qəbul olunacaq. Qoy müqəddəs Ramazan ayı girov qardaşlarımızın köməyi olsun. Bizə isə səbir, dözüm verməsin. 1988 -ci ildə olduğu kimi qeyrətimizi, kişiliyimizi özümüzə qaytarsın ki, gələcəkdə balalarımız və nəvələrimiz gorumuza söyməsin!

Qarabağ qazisi, keçmiş döyüşçü Vaqif Əlisoy


Digər xəbərlər
SON XƏBƏRLƏR