Partiyadan jurnalistlərə təbrik məktubu - Mətn

img

22-07-2014 [21:12]


Milli Dirçəliş Hərəkatı Partiyası jurnalistləri təbrik edib.

Mia.az həmin təbrik məktubunu təqdim edir:

"1875-ci il iyulun 22-dən nəşrinə başlamaqla Azərbaycan mətbuatının əsasını qoymuş hesab olunan "Əkinçi” qəzetinin əsas missiyası maarifləndirmə idi. Bu səbəbdən qısa bir zamanda ölkənin ən nüfuzlu ziyalılarını ətrafında cəmləşdirən "Əkinçi”, bununla Azərbaycan mətbuatının prinsipial istiqamətini və fəaliyyət ən-ənəsi formasını yaratmış oldu. Çünki, ilk qəzetimiz sayılan "Əkinçi”-nin qurucusu Həsən bəy Zərdabinin prinsipi o idi ki, "Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur"

Həsən bəy Zərdabi qəzetin ilk sayında yazmışdı: "Necə ki, bir  bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su  tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus, doğru  söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər".

Bu gün isə mətbuat dünyada ən böyük silah hesab olunur. Müasir dünyada həm iqtisadi, həm də hərbi güc media qarşısanda acizdir. Hətta sərhəd tanımayan mədəniyyəti belə qəfəsə salma gücünə sahibdir media. Amerika kəşfiyyatının nüfuzlu nümayəndəsi Cozef Noi deyirdi ki, "Yumşaq güc, beynəlxalq düşüncənin formalaşması deməkdir ki, bunun da ən önəmli vasitəsi mediyadır. Dünyanın mediya ilə idarə edilməsi silahla idarəetmədən çox ucuz başa gəlir. Və dünya üzərində daha çox təsirə malikdir”.

Bütün bunlar isə onun ifadəsidir ki, əslində müasir dünyamızda bəşəriyyətin və onun da içində ölkəmizin və millətimizin taleyinin məsuliyyətinin əsas ağırlığı mətbuat işçilərinin üzərinəı düşür! Təməl prinsipinə uyğun olaraq, Azərbaycan mətbuatının bu gün də əsas missiyası maarifləndirmədir. Hər bir media nümayəndəsi işində anlamalıdır ki, onun media olaraq ifadə etdikləri cəmiyyət üçün, Həsən bəy Zərdabinin dediyi kimi, daşın üzərinə tökülən sudur.

Yaranandan  müxtəlif  tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı, daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Azərbaycanın Quzeyində müstəqillik qazandıqdan sonra, burada mətbuatımızın da müstəqilliyi formalaşmağa başladı. Xüsusən, 1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycan Respublikasında mətbuatın inkişafına ciddi təkan verdi. Düzdür, Respublikamızda bu gün əcnəbi güclərin maraqları altında fəaliyyət göstərən media orqanlarımız da var. Lakin, Güney Azərbaycanda isə ümumiyyətlə nə milli mətbuatdan, danışmaq mümkündür, nə də müstəqil mətbuatdan. Güneydə nəinki azad sözü boğurlar, hətta azad söz deyəni də boğurlar – asaraq boğub öldürürlər. Hər il Güney Azərbaycanda neçə-neçə jurnalist öz fikrini ifadə etdiyi üçün, molla rejimi tərəfindən edam edilir və ya zindanlara atılır. Bu səbəbdən, çox təəsüf ki, mediamızın bu günkü milli bayramının sevincindən güneyli soydaşlarımıza pay düşməyib. Ona görə də hər bir media nümayəndəsi, güneyli həmkarlarının haqq səsinin dünyaya çatdırılmasında da rol oynamalıdır. Bir toplum olaraq Güney azərbaycanlılar üçün də milli və müstəqil mətbuat zəruridir.

Beləliklə, biz bu gün Azərbaycanın bir hissəsində milli mətbuat günümüzü qeyd edirik. Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bütün mediamızın öz fəaliyyət istiqamətinə uyğun olaraq, doğru xəbər və maarifləndirməyə xidmət etməsi arzusuyla, bütün media nümayəndələrimizi "22 İyul - Milli Mətbuat Günü” münasibətiylə təbrik edirik!". 


Digər xəbərlər
SON XƏBƏRLƏR