Yol polisinin 20 manatlıq cəriməsini 1 manatlıq elədim

img

22-07-2014 [17:52]



Mahir Qabiloğlu


Mən gənc bir qızam. Dərslərimi yaxşı oxuyuram. Ədəbiyyatı da çox sevirəm, mədəniyyəti də. Amma klassiklərimizi sevmirəm ki, sevmirəm. Babam da hey deyir ki, "ay bala, klassiklərimizi oxu, indikilərdə heç nə yoxdur. Nə öyrənsən elə onlardan öyrənəcəksən”. Mən də cavab verirəm ki, oxuyuram. Nə olsun, başa düşmürəm a... Oxuyub, tutuquşu kimi əzbərləyib, gedib cavab verirəm. "Beş”imi də alıb otururam yerimdə. Babam da o saat əsəbləşir. Mən də pərt olub dururam yerimdə.

Günlərin bir günü day dözmədim. Babam məni tənbeh edəndə cavab qaytardım:

- Bax, baba, müəllim Əbdürrəhim bəy Haqverdiyevin "Diş ağrısı” hekayəsini verib. Nə qədər oxuyuram, başa düşmürəm ki, düşmürəm.

- Nə gözəl... Klassik bir hekayə. Orda başa düşülməyən nə var ki? Bugünümüzü verib də.

- Baba, hanı orda bu günümüz. Mən bugünümüzdən bir dənə şey görmədim.

- Gətir kitabı bura. Nəyi başa düşmürsən de, başa salım.

- Hə, baba, əvvəldə yazır ki, "Hacı Rüstəm Təzəşəhərdə mötəbər və möhtərəm bir tacir idi. Onun həmişə şüarı bu idi: "Fürsət fövt eyləməz aqil, məgər nadan ola”. Ticarətə yeni qədəm qoyanlara nəsihəti bu idi: "Oğlum, qazancın azı, çoxu olmaz. Bir yerdə ki, qazanc yeri gördün, özünü at oraya. Deyirlər şərab alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxarıblar ki, şərab alış-verişini öz əllərində saxlasınlar. Vaxta ki, şərab alış-verişində qazanc gördün, al sat! Mən özüm qoca kişi, Məkkəni, Mədinəni ziyarət etmiş və üzümü həcərüləsvədə sürtmüşəm. Vaxta ki, mən deyirəm, qəbul edin!””. Baba, bax burda müasir nə var ki?

- Ay nəvə, sən bilməzsən. Sovet vaxtı da Azərbaycanın əsas şərab zavodu Dağlıq Qarabağda – Stepanakertdə idi. Ermənilər nəzarət edirdi. Bakıda yerləşən zavod isə Stepanakertin filialı sayılırdı. Bakışampanzavodun arağından nöyüt iyi gəlirdi, Vinzavodun arağı isə tapılmırdı. Ən yaxşı zoğal, tut arağını da ermənilər çəkirdi. Bal idi ye, bal.

- Baba, sovet vaxtını başa düşdüm. Bəs indi.

- Bala indi də belədir. Bax, Şuşa ermənilərin əlindədir, düzdü? Bakıda isə filialları - "Şuşa” restoranı, şadlıq sarayı, kafelər, çayxanalar fəaliyyət göstərir. Laçın ermənilərdə, Bakıda isə filialları - restoranı, kafesi. Hələ Sumqayıt yolunda "Laçın koridoru” da açmışdılar. Hələ ayrı-ayrılıqda işğal altında olan, kəndləri, mahalları "Göycə”, "İsa bulağı”, "Xan bağı”, "Cıdır düzü”nu demirəm. Hansını deyim ki? Bircə "Xocalı” yoxdur.

- Yaxşı baba, başa düşdüm. Ardını oxuyum: "Maral savadlı idi. Təbi-şeri də vardı. Çox fikirdən sonra mənzil kirə edib neçə nəfər küçələrdə dolanan arvadlardan oraya doldurub başına bir karlı əmmamə sarıyıb

əyləşdi yuxarı başda və məşğul oldu ticarətə. "Müttətuhü nəfəsi binəfsikə, - qəbiltu!” Bunun nəticəsi olaraq, küçələr yetimlərlə dolacaq, Cəhənnəmə dolsun. Yetimə nə var? Dəyirmanın navından salarsan, donquzluğundan diri çıxar. Yetimin üzü daşdan bərk olar. Burnunun fırtdığını yeyib böyüyəcək. Bir neçə müddət maral bu işə məşğul oldu. Axırda İran polis adamlarının dəqiqədə bir yol gələnlərinin, "müftə” istifadə edənlərinin əllərindən təngə gəlib, siğəxananı bağlayıb, ağ əmmaməni ala-bəzək əmmaməyə döndərib mərsiyəxan sifəti ilə Qafqaza gəlir.”” Baba, maral nədir?

- Heyvan adıdır da. Gözələ də maral deyirlər.

- Yox e... bu əsərdə nə deməkdir?

- Yəqin surətlərdən birinin adıdır.

- Baba, balaca hərflə veriblər.

- Vallah, başa düşmədim.

- Baba, sən başa düşmədinsə, mən necə başa düşüm?

- Bala, bəlkə kişinin "buynuzlu” olmasına işarədir, hə? Yəni ki, oğ...

- Baba, nə?

- Heç, a bala. Bunu bilmədim. Müəllimindən soruşarsan.

- Baba, siğəxana nə deməkdir? Bu maral qadınları niyə başına toplamışdı ki? İran polisi ondan nə istəyirdi ki, "müftə istifadə edənlər” kimlərdir? Siğə nə deməkdir? Bu günlə nə əlaqəsi?

- Bu günlə yəqin ki, əlaqəsi var... Ay nəvə, mən bunlara cavab verə bilmərəm. Get müəllimindən soruş.

- Soruşdum.

- Nə dedi?

- Bircə onu dedi ki, siğə qadınla kişi arasında bir ayindir.

- Bəsdir, a bala. Dərs qurtardı. Bütün abrım-həyam getdi sənin bu suallarından. Mətləbə gəl.

- Nə mətləb, sonu da bununla qurtarır ki, Hacı Rüstəm adlı bir tacirin dişi ağrıyır. Dişin birini də rus həkim 10 şahıya çəkirmiş. O da əvvəl ağrıyan dişini səhv göstərib. İki dəfə saf dişini çıxartdıqdan sonra, nəhayətdə ağrıyan dişini işarə verib. Bununla da öz aləmində həkimi aldadaraq 10 şahıya üç dənə diş çəkdirib. İki dənəsi saf, biri çürük. Öz aləmində də elə başa düşüb ki, puluna qənaət edib. Deyirəm e... nə tupoy adamlar olub ovaxt. Düzdür, baba?

- Bağla, bala, kitabı. Sualın oldu get müəllimindən soruş. Bir də mənim üstümə gəlmə. Bildin. Təzyiqim qalxdı.

Babamın otağından çıxdım. Deyəsən qalib gəlmişdim. Bilirdim ki, babam hamısını başa düşür, amma deməyə ar eləyir. Nəsə tərbiyəsiz əsərə oxşayırdı bu "Diş ağrısı” hekayəsi. Amma nə olsun ki? Mənə heç kim başa salmaq istəmirdi. Vay-vay... babamın yanına neyçin girmişdim? Bu Əbdürrəhim bəy Haqverdiyev də vaxt tapdı da söhbətə qarışmağa. Babamdan 20 manat alacaqdım, axı.


Bu gün "Nizami” kinoteatrının qabağındakı küçədən keçdim. Yeraltı keçidə düşməyə tənbəllik etdim. Bir də gördüm polislər aldı məni mühasirəyə. Əvvəlcə qanunları oxudular. Sonra sənəd istədilər. Sonra dedilər ki, bəs siz yolu bu cür keçməklə həyatınızı təhlükəyə atırsınız. Dözmədim. Dedim ki, bu sözü niyə indi deyirsən? Yolu səhv keçmək istəyəndə fıştırığ çalıb qarşımı alaydın da. Birdən maşın məni vuraydı. Onda nə olacaqdı? Nə isə, xeyri olmadı. 20 manatı vurdular belimə. Düz eləməyinə düz elədilər. Qanunları doğurdan da pozmuşdum. Bir də qələt eləyib, yolu səhv keçmərəm. Təhlükəsizliyimin xatirinə yox, 20 manata görə.

- Baba, ay baba.

- Nə deyirsən, a bala. İndi hansı klassiki başa düşmürsən?

- Baba, 20 manat ver də...

- 20 manat? Neynirsən?

- DYP cərimə yazıb. Yolu düz keçməmişəm.

- Vermirəm. Canın çıxaydı düz keçəydin.

- Nə olar, baba, ver də.

- Get. Stipendiyanı alanda, onda da verərsən.

- Baba, stipendiyaya kosmetika, duxu alacam.

- Bir ay duxusuz qal. Ağlın gəlsin yerinə.

Nə qədər elədimsə, ala bilmədim. Atam-anamdansa istəməyə üzüm olmadı. Hər gün yolpulumu onsuz da onlar verirdilər. Yaman qanım qaraydı. Acıqlıydım polislərin əlindən. Nə olsun ki, taqsır məndəydi.

Beləcə bir gün keçdi. Günlərin bir günü axşam rəfiqələrimlə gəzməyə çıxmışdım. Axşam saat 10 olardı. "Nizami” kinoteatrının qabağından keçəndə gördüm ki, polislər yoxdur. Bir də diqqətlə baxdım. Yox idilər. Aaaa, deməli polislər burda yalnız gün işığında dururlar, gecələr isə yolu hardan istəyirsən keçə bilərsən. Cərimə eləyən-zad olmayacaq. Amma nə olsun ki, indi yolu lap səhv keç. Mənim 20 manatlıq cəriməmə nə dəxli? Ödəməliyəm vəssalam. Yoxsa üstünə faiz gələcək. Yenə yadıma düşdü də... Axı, necə edim ki, heç olmasa acığımı çıxım bu polislərdən. Neyləyə bilərəm ki? Düz ediblər də... Qışqırıb bağıraram – apararlar şöbəyə. Bəs nə edim ki, heç olmasa hirsimi soyudum? Həə? Tapdım, "Diş ağrısı” hekayəsi.

- Qızlar, beş dəqiqə məni gözləyə bilərsiniz?

- Niyə?

- Bax, mən yolun üstüylə o yan-bu yana keçəcəyəm. Siz də sayın.

- Ay qız başın xarab olub. Keçidlə keç. Gecədir, aftoşlar qayda-zad bilmir. Basarlar səni.

- Siz Allah, sayın. Nə olar?!

Yolu elə üzdən keçdim. Heç kim yaxınlaşmadı. Təzədən geri qayıtdım. Yolun bu tayında da gözləyən yox idi. Beləcə bir neçə dəfə yolu o yan bu yana keçdim.

- Qızlar, neçə dəfə oyan-bu yan keçdim?

- Düz 10 dəfə.

- 20 manatı 10-a böləndə neçə edir?

- 2 manat.

- Yox, çoxdur. Yenə sayın.

Təzədən yolu o yan bu yana keçməyə başladım.

- Qızlar bu dəfə neçə oldu?

- Ümumi 20 dəfə.

- 20-ni də 20-yə böləndə neçə eləyir?

- 1 manat

- 1 manat? Əla. Polislərə bu da azdır. Axır ki, heyfimi aldım. 20 dəfə qanunu pozdum. Polislər burda olsaydı 400 manat cərimə yazmalıydılar. Gör nə qədər ziyan vurdum onlara. Bu yandan isə 20 manatlıq cəriməmi 1 manata endirdim. Mən acığımı soyutdum.

- Ay qız, başın xarab olub? Bizi də başa sal.

- Başa sala bilmərəm. Gedin Əbdürrəhim bəy Haqverdiyevin "Diş ağrısı” hekayəsini oxuyun. Başa düşəcəksiniz. O Hekayənin baş qəhrəmanı 10 şahıya üç diş çəkdirdi, mən isə 20 manata 20 dəfə qaydanı pozdum. İndi gecəni rahat yata bilərəm.

Evə gəldim. Keyfim kök idi. Birinci babamı qucaqladım. Dedim ki, bundan sonra ancaq klassikləri oxuyacağam. Mat-mat sifətimə baxdı. "Diş ağrısı”ndakı kimi həkimi – yol polisini aldatdığımı zənn edib yüngüllük tapmışdım. Yolu 20 dəfə o yan bu yana keçib 20 manatlıq cəriməni 1 manata endirmişdim. Aşağı da sala bilərdim. Eləmədim. Axı, mən DYP kimi daşürəkli deyiləm?!

Digər xəbərlər
SON XƏBƏRLƏR