Əli Əliyev Xalq Hərəkatından yazdı

img

22-07-2014 [14:26]


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün "Facebook” səhifəsində Azərbaycan Xalq Cəbhəsinin (AXC) təsis olunmasının 25 illiyinə, hərəkat iştirakçılarının və mövcud hakimiyyət nümayəndələrinin yaxın tariximizi saxtalaşdırmaq cəhdlərinə həsr etdiyi geniş yazı yerləşdirib.

Ə.Əliyevin həmin yazısını təqdim edirik:

"AXC-nin 25 illik yubileyi.Postskriptum.

Ötən həftə Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranma günü qeyd edildi.Bizim nəslin şüurlu həyatının həmyaşıdı olan bu nəhəng Tarix yaddaşlarda təzələndi. Ola bilər tendensiyalı, ola bilər layiqincə deyil, lakin ölkədə aparılan amansız əks siyasətə baxmayaraq, tədbirlərin keçirilməsi müqavimətin bariz və layiqli nümunəsi kimi qiymətləndirilməlidir.

Tariximizin ən şərəfli hadisələrindən birinin qeydi prinsip məsələsidir.Çünki ölkədə son 25 ildə gedən zehniyyət savaşı 2 fərqli düşüncə qarşıdurmasını təzahür etdirir. Bu fərqli düşüncənin daşıyıcıları bir tərəfdə SSRİ-nin mövcudluğu dönəmində Milli-Azadlıq hərəkatını başladanlar ( AXC üzvləri ), digər tərəfdə isə imperiyanı, onun vasitəsilə hakimiyyətlərini və statuslarından doğan imtiyazlarını qoruyub saxlamaq istəyən partnomenklatura. Ötən əsrin 89-91-ci illərində bu 2 təbəqənin dəyərlər sistemi arasında gedən savaş Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə nəticələndi.

Son həftə ərzində hər 2 düşərgənin təmsilçiləri çox yaxın tariximizə öz münasibətlərini, qiymətləndirmələrini təqdim etdilər.Düşünürəm ki, hər təqdimatda yanlışlıqlar var idi.Həmin hadisələrin ən yaxın iştirakçısı olduğumdan, mütləq həqiqətə iddia etmədən, öz yanaşmamı yazmağa qərar verdim.Çünki ölkədə artıq ağır siyasi proseslərin yükünü çiyinlərinə çəkmiş yeni nəsil yetişib. Mübarizənin moderatoru ola biləcək bugünkü gənclik, bioloji olaraq həmin hadisələrə şahidlik etmədiyindən, yaxın keçmişimiz haqda məlumatı müxtəlif partiya rəhbərləri və ya funksionerlərinin subyektiv təqdimatından əldə edir. Təəssüf ki, populyar sayıla biləcək elmi araşdırmalar da dövriyyədə olmadığından fərqli yanaşmaların aktuallığı artır.

Əvvəldə iqtidar düşərgəsindən mütəmadi səsləndirilən fikirlərə münasibət bildirmək istəyirəm. Adıçəkilən düşərgənin əksər nümayəndələri Milli-Azadlıq hərəkatında iştirak etmədiklərindən, bir çox hallarda ona qarşı mübarizə apardıqlarından, 89-91-ci il Hadisələrinə qərəzli yanaşır, hər vəhclə o illərdə əldə olunmuş nailiyyətlərin əhəmiyyətini kiçiltməyə çalışırlar.

Məhz AXC-nin fəaliyyəti nəticəsində gerçəkliyə çevrilmiş Dövlət müstəqilliyimizin bərpası tariximizin ən şanlı səhifələrindəndir. SSRİ-nin mövcudluğu şəraitində 18 oktyabr 1991-ci il tarixdə Parlamentdə Müstəqillik aktının qəbulu, artıq 1 noyabr tarixdə Dövlətin Türkiyə Cümhuriyyəti, bir qədər sonra Pakistan İslam Respublikası tərəfindən tanınması tariximizin yeni səhifəsinin yazılışını geri dönməz, SSRİ-nin dağılmasını isə qaçılmaz etdi.

Hərəkatçılara çox vaxt irad kimi təqdim olunan 20 yanvar qətliamı xalqımızın qəhrəmanlıq zirvəsi, imperiyanın isə Praqa, Novoçerkassk, Alma-Ata, Tiflis vəhşiliklərindən sonra əsl mahiyyətini ortaya qoyan qanlı imperiya terroru idi. Məgər ərazilərimizin, Gürcüstan, Moldova torpaqlarının işğalı, Krımın ilhaqı, Ukraynada aparılan müharibə, sərnişin təyyarələrinə hücum kifayət etmirmi ki, Moskvanın qanlı terror paytaxtı olduğunu anlayaq və o vaxt 20 yanvar qətliamından yayınmanın mümkünsüzlüyünü anlayaq.

Hörmətli opponentlərimiz unutmamalıdırlar ki, 1989-cu ildə dünya üzrə "İlin xalqı” seçilmiş vətəndaşlarımızın fədakarlıqları olmasa idi, nə SSRİ çökəcək, nə də imperiyanın digər xalqları azadlıq əldə edəcək, nə də Sizlər bu gün olduğu kimi Allahın bizə verdiyi nemətlərdən bəhrələnəcəkdiniz. Hərəkatçılar günahkar deyil ki, o dövrdə sizlərin əksəriyyəti Hərəkata qara yaxır, meydanlarda mübarizə aparanlara müxtəlif yarlıqlar fikirləşir, parlamentdə SSRİ-nin saxlanmasına səs verir və s. kontr-milli hərəkətlər edir, mübarizə aparan xalqın əlehinə fəaliyyət göstərirdiniz. Əminəm ki, Heydər Əliyevin siyasi fəhmi və ustalığı olmasaydı əksəriyyətiniz idarəçilikdə olmazdı.

Təəsüf edirəm ki, keçmiş AXC-çilər də tarixi hadisələrə ədalətli yanaşmır, o dövrdə xalqın Hərəkatın rəhbərliyi altında əldə etdiyi nailiyyətləri öz adlarına çıxarmağa cəhdlər göstərirlər. Beləki, 1989-cu ilin iyulunda keçirilmiş təsis konfransından sonra, AXC ölkənin yeganə leqal siyasi təşkilatı olaraq, iyul ayının 29-dan etibarən silsilə mitinq dalğasına start verdi. O dövrdə təşkilatın sıralarında müxtəlif siyasi baxışlara, mentallığa, məqsədlərə sahib olan insan və qrupların təmsil olunması bir fakt idi. Belə maraq əlvanlığının olmasına baxmayaraq, metropoliyaya qarşı vahid mövqe Hərəkatı məqsədinə tərəf apara bildi.Qısa müddət ərzində AXC fəallarının koordinasiyalı düşünülmüş addımları qırmızı imperiyanı lərzəyə gətirdi.Hər həftə keçirilən mitinqlər cəmiyyətin əsas qüvvələrini təşkilatlandıra bilmişdi.Artıq dekabr ayının 5-dən başlayan dəmiryol tətilləri SSRİ iqtisadiyyatının çöküşünün əsas elementinə çevrilməkdə idi.

Ölkədə kommunistlər faktiki hakimiyyətdə olsalar da, real vəziyyətə cəbhəçilər nəzarət edirdi.Beləliklə, Azərbaycan sürətlə SSRİ xalqları üçün "təhlükəli” nümunəyə çevrilirdi.89-cu ilin son günlərində AXC artıq imperiyanın əsas hədəfi idi.Ya qısa müddətdə AXC strukturları dağıdılmalı, ya da 1990-cı ilə təyin olunmuş parlament seçkilərini müxalifət udacaq və bununla da legitim yolla Azərbaycan SSRİ-dən ayrılacaqdı.

Həmin dövrün Azərbaycanı siyasi yetkinliyi və qətiyyəti ilə bu gün Avropa Birliyi üzvü olan 3 Baltikyanı dövlətə, artıq AB astanasında olan Ukrayna, Gürcüstan, Moldovaya, digər respublikalarda olan anoloji təşkilatlara avanqard idi. Hörmətli yapçılar, budur gercəkdə azadlıqsevər Azərbaycan xalqı, onun yaratdığı təşkilat-AXC. Sizin bizlərə təlqin etmək istədiyiniz "qorxaq, məğlub, bacarıqsız, pulgir, dəyər sistemi olmayan, rüşvətxor” obraz bizə yapışmır.

Çünki sizlərin bizə aşıladığınız tariximiz ötən əsrin 70-lərindən başlamır, Xətainin babalarından, Qacar və Nadir şah, Səttarxan və Şeyx Xiyabani, Pişəvəri, Rəsulzadə və silahdaşlarından qaynaq alır.Ona görə millətimizin iradəsi olan yerdə tarixi nailiyyət olur.Son 20 ildə millətin iradəsini zorlayan sizlər xüsusən bu amildən imtina etdiyinizdən kompassız gəmi kimi bir sahilə yan ala bilmirsiniz, taleyimizi təbiətin gümanına tapşırmısınız. YAP son dövrlər Berqamolu Truffaldinonu xatırladır.

Unutmayın ki, ölkədən kənarda istinad etdiyiniz müsəlman dünyasının ilk cümhuriyyətini bizim-sizin də sayıla biləcək babalarımız qurub.Lakin bu gün Azərbaycan dövləti bütün qara siyahıların öncülü, sivil dünyanın qəbul etmədiyi prinsiplərin ilhamvericisi qismindədir.

1990-cı ilin yanvarın 6-7-də AXC-nin qurultay səlahiyyətli 3-cü konfransı keçirildi. Həmin konfrans təşkilat daxilində ilk ideoloji fikir ayrılığına başlanğıc verdi. Belə ki, Moskvanın gəlişi hiss olunurdu.Cəmiyyət sanki qanlı olayları duymaqda idi.Konfransın ovqatında da bu açıq sezilirdi.İlk dəfə olaraq bu səviyyədə ideoloji bölünmə cəmiyyətə yansıdı.Konfrans ideoloji olaraq, Cəbhənin İdarə heyətini, onun da nümunəsində təşkilatı əsasən 3 yerə böldü.Solçular faktik olaraq, Zərdüşt Əlizadə və Leyla Yunusun timsalında kənara çəkildilər. İdarə heyətinin daxilində 2 əsas qrup: liberal və radikal şərti adlandırılan qruplar formalaşdı. Qrupların mübahisə tezisi sadə idi."Radikallar”milli dövlət quruculuğundan demokratik cəmiyyətə, "liberallar” isə SSRİ-ni demokratikləşdirmək yolu ilə milli dövlətə sahiblənməyi mümkün sayırdılar. O polemikanın detalları üzərində dayanmağı yubiley səbəbindən məqsədəuyğun görmürəm, lakin nə vaxtsa bunu detallı şəkildə qələmə alacağam.

AXC-nin 3-cü konfransında (hətta ondan da əvvəl) başlamış fikir ayrılığı həmin dövrdən hərəkatın daxilində gələcəkdə bərpa olunmayacaq çata başlanğıc verdi. Bu, təbii idi.Bütün ümummilli hərəkatlar hansısa mərhələdə subyektiv və yaxud obyektiv səbəblər ucbatından bölünür.Fikrimcə, AXC-nin bütöv hərəkat olmasına ideoloji baxımdan həmin konfransında xitam verildi.Həmin dövrdən başlayaraq, sosial-demokratlar Cəbhədən uzaqlaşdılar.AXC-nin 1-ci qurultayından sonra bu qəlpələnmə vüsət aldı.Hərəkatın bazası üzərində öncə ADP, 1992-ci ilin iyulunda AMİP, daha sonra VHP və digər partiyalar təsis edildi.

1992-ci il hakimiyyət dəyişikliyindən sonra, spiker postu ilə bərabər prezident səlahiyyətlərini icra edən İsa Qəmbər əsasən İH liberalları ilə birlikdə inzibati resurslardan geniş fydalanmaqla Müsavat partiyasını qurmağa başladı. 1 illik hakimiyyətin sonuna yaxın iqtidar komandasının əhəmiyyətli hissəsi artıq Musavat partiyasının üzvləri idi.

Yalnız bu nümunələr əsas verir ki, yubileyi qeyd olunan təşkilatın bütün hərəkatçılara aid olduğu qənaətinə gələsən.25 illik təşkilatın uğuru bütün hərəkatçıların uğuru, məğlubiyyəti də hamının məğlubiyyətidir.Azadlığı vətənimizə əlahiddə bir partiya deyil, bütöv hərəkat gətirib. Keçmiş hərəkat yoldaşlarımıza səslənərək deyirəm ki, özlərini tarixi hər addımda saxtalaşdırmağa cəhd edən YAP-çılara oxşatmasınlar. Cəmiyyətə ədalət vəd edən hər kəs, hər təşkilat başqalarının haqqını mənimsəməməlidir.Təəssüf ki, bu və bir sıra başqa mənfi keyfiyyətlər iqtidarda olduğu qədər müxalifətçi yoldaşlarımızda da müşahidə edilir.

Bu yubiley bizləri bir araya gətirə bilmədi.Çünki hisslərimizin əsiriyik.Nə vaxta qədər ki, hamının olanı özəlləşdirməyə çalışacağıq, nə qədər ki, qarşıda olana deyil, əsas gücümüzü sağ-solumuza sərf edəcəyik, ölkədə heç nə dəyişməyəcək.

Hamımız hərəkatçıyıq, Hamımız AXC-çiyik!”


Digər xəbərlər
SON XƏBƏRLƏR