AMEA-da külqabı, şillə-təpik davası - Laboratoriya müdirindən ölkə prezidentinə şok məktub (Özəl)

img

22-07-2014 [11:45]


AMEA-da seçkilər bitsə də, narazılıqlar daha da qızışır.

Mia.az-a AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri Elman Məhəmməd oğlu Şahverdiyev ölkə prezidenti İlham Əliyevə şok şikayət məktubu yazıb.

Mia.az həmin məktubu olduğu kimi təqdim edir:

 "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına açıq məktub:

Çox Hörmətli  Cənab Prezident!

AMEA-ya "seçkilər” marafonu 2 il yarımdan sonra nəhayət ki, adəti kimi PA-dan gələn  təyinat siyahısı üzrə  keçirildi və 30 iyunda başa çatdı.  Bu dəfə hətta əlavə yerlər üzrə belə əlavə siyahı göndərildi.

Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayı, Hirş indeksim AMEA da ən yüksəkdir (bütün elm sahələri üzrə), mən AMEA-dan kənarda qaldım.( Hirş indeksi haqqında: bir alimin Hirş indeksinin məsələn  5 olması o deməkdir ki, o alimin ən azından 5 məqaləsinə ən azı 5 sitat var)

Sivil dünyada akademiyalara seçkilər, qrantların verilməsi, elmi vəzifələrə seçkilər elmi işlərə sitatlar, Hirş indeksi əsasında keçirilir. Əksər ölkələrdən fərqli olaraq MDB-də seçilmişlər əlavə maaşla təmin olunurlar (Azərbaycanda müxbir üzvlər 800 AZN, həqiqi üzvlər-1200 AZN əlavə alırlar ki, bu da "seçkilərdə” olan intriqaları iti süjetli dramaturgiya səviyyəsinə qaldırır, "seçkinin” son günləri və saatları isə təyin edənlərin sanki qəsdən sürpriz qərarları ilə yadda qalır, elmə aidiyyəti olmayan şəxslərin varlığını üzə çıxardır). Xaricdə akademiyalar daha çox  alimlərin üzvlük haqqı ödədiyi müzakirə klublarını xatırladır, amma ora əsl seçki keçirilir, yeni yerlər satılmır. Amma üzvlər bir çox preferensiyalara malik olurlar, bəzi jurnallara pulsuz abunə, bəzi konfranslarda ödənişsiz iştirak və sair. Çox maraqlı bir faktı qeyd edim ki, Nobel mükafatı alanların  az qala 90 faizinin Hirş indeksi 30-u keçir, onlarla məqalələrinə isə minlərlə və yüzlərlə sitatlar edilir.

Aşağida bir sıra təyin edilmişlərin bəzilərinin sitatları Thomson Reuters-in Web of Knowledge bazasından, bəzilərinin ki isə SCOPUS data bazasından götürülüb. Məsələ ondadir ki, hər iki verilənlər bazası bəlli səbəblərdən (sitatları çox aşağıdı deyə AMEA rəhbərliyində maraq yoxdur)  Azərbaycan alimlərinin üzünə bağlıdır. Yalnız 2012-ci ildə TR bir müddət öz bazasını alimlərimiz üçün açmışdı. SCOPUS –dakı məlumatları isə hərdən Elsevier jurnalları üçün resenziya fəaliyyəti ilə məşğul olduğumdan və bir müddətə  SCOPUS-a girış icazəsi verildiyindən  mən özüm tərtib etmışəm.). Scholar.google.com isə açıq domendir, amma ordakı sitatlar konservativ deyil.  Buna baxmayaraq,  müəyyən korreksiya əmsalı ilə SCOPUS və Thomson Reuters-dəki statlar haqqında da təxmini bilgi almaq olar

Fizika üzrə müxbir üzvlüyə təyin edilənlər arasında  1986-cı ildən  xaricdə bir məqalə dərc etdirməyən, yalnız Azərbaycanda bir məqalə dərc etdirmış Rauf Hüseynov var. O, ilin çoxunu ABŞ-da  yaşayır və elmi işlə məşğul olmur.(Thomson Reuters-də-cəmi 25 sitat). Analoji dövr üçün  Thomson Reuters-də mənim işlərimə sitatların sayi 601 olub.

Görəsən onda  o elmin inkişafında  hansı xidmətlərinə, hansı qiymətli tədqiqatlarına görə belə yüksək elmi rütbəyə layiq görülüb? Sualın cavabı çox sadədir: Belə bir adamın müxbir üzv təyin edilməsi ölkənin onlarla istedadlı elmi işçilərini ələ salmaq, elmi ictimaiyyəti məsxərəyə qoymaq, ona meydan oxumaqdır. Mesaj belədir ki, biz bizim Elmlər Akademiyasına elmlə məşğul olmayan adamı təyin edirik, təki "bizim adam” olsun. Çox güman ki, bu tendensiya elmi gözdən salmaq üçün düşünülmüş addımdır.

Digər təyin edilmiş müxbir üzv - İsgəndər Cəfərov öz yazılı ərizəsi ilə sənədlərini geri almış, sonradan PA-dan göstəriş əsasında  sənədlərini geri qaytarmışdır. Maraqlıdir ki, onun adı elektorat üçün dərc olunmuş məlumat kitabçasında  olmayıb. Elmi işlərinə istinadlar hətta scholar.google.com-da belə yox dərəcəsindədir. Bu fakt bariz şəkildə PA-nın müdaxiləsinin sübutu deyilmi? Bəs görəsən belə elmi nəticələrə malik  İsgəndər Cəfərov hansı xidmətlərinə görə təyin edilib?.

Təyin edilmişlər arasında 22 ildir Azərbaycandan kənarda Türkiyə və indi Almaniyada yaşayan, yalnız 2013-da doktorluq diplomunu almış (ilkin müdafiəsini Skype-la yaşadığı Almaniyadan etmış), ikili vətəndaşlığına aid ciddi şübhələr olan, elmi işlərinə  ən konservativ  data bazası olan SCOPUS-da  cəmi əlli sitat olan Ənvər Nəhmədov da var. Onun protejesi- PA-da elm adamlarına yaxşı məlum olan yüksək cinli bir məmurun Fizika İnstitutunda çalışan həyat yoldaşı, faktiki kurator olan Oktay Ələkbərovdur. Yaşı 70-i haqlayan bu şəxs son 3-4 il ərzində Ənvər Nəhmədovun müəllifi olduğu məqalələrə həmmüəlliflik edərək  çox nüfuzlu  Physical Review jurnallarında məqalə dərc etdirmiş azsaylı Azərbaycanlı alimlərin  siyahısına daxiı olmuşdur. Şəxsi maraqlarını hər şeydən üstün tutan bu şəxsin təyin etdirdiyi ikinci adam- fizika üzrə baza təhsili olmayan, yalnız bir neçə aydır ki, direktor təsdiq olunmuş Nazim Məmmədovdur. Ümumiyyətlə, hər şeyin təyinatla həll olunduğu bir seçkidə belə bu şəxs özü haqqında yalan məlumat verməkdən  çəkinməyib. Yuxarıda qeyd olunan elektorat üçün dərc olunmuş məlumat kitabçasında  Nazim Məmmədov iddia edir ki, o, ona yaxın elmlər namizədi və doktoru yetişdirib. Bu barədə hətta AMEA-nın rəsmi saytında belə, onun 60 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunması haqqında yazıda  da məlumat verib. Belədirsə, qoy o, 4-5 rəhbərlik etdiyi namizəd və doktorun avtoreferatlarını nümayiş etdirsin. Özünü Osaka Universitetinin Professoru hesab edən Nazim Məmmədov görəsən doğrudan da 5 elmlər namizədi yetişdiribsə niyə AAK-dan professor rütbəsini hələ də almayıb.

Maraqlıdır ki, Elmin İnkişaf Fondunun (EİF)  indyə qədər Azərbaycan elminə qoyduğu vəsaitin  az qala üc də biri Nazim Məmmədovun adının keçdiyi Pilot və sair layihələrə ayrılıb. Nazim Məmmədovun işlərinə SCOPUS-da yalnız 257 sitat var. Çox qəribədir ki, bu sitatların az qala yarısı Türkiyədə çalışan bir Azərbaycanlı alim tərəfindən edilib. Onun məqalələrinin əksəriyyəti konfrans materialları kimi dərc olunub. Görəsən bu necə beynəlxalq konfransdır ki,  bir konfrans materialında  bir adamın 8-9 təqdimatını çap etdirir. Digər ilginc bir məqam isə  milyonlarla qrant almasına baxmayaraq Nazim Məmmədov yalnız tək-tük məqalələrində aparıcı müəllif kimi çap olunub, əksəriyyət məqalələrdə isə o ya sonuncu və ya 5-ci, 6-cı yerlərdə qərar tutub. Elm adamları üçün cavablar çox maraqlı olardı.Əlbəttə müasir elm xarici alimlərlə geniş əməkdaşlıqdan keçir. Amma hər şeyin həddi var!. Nazim Məmmədovun həmişə məşğul olduğu  mövzu marginal bir mövzu olduğundan  o bir az aktual sahələrə baş vurmağa çalışır, gah topoloji izolyatorlara aid məqalələrə həmmüəlliflik edir, gah AMEA Rəyasət Heyətində ona qətiyyən aidiyyəti olmayan kristalloqrafiya sahəsində aktual bir təqdimatda həmməruzəçi kimi çıxış edir, gah da doktorluq dissertasiyaları hazır olmuş alimlərə ( görünür asan müdafiə müqabilində)  məsləhətçilik edir.

Bax indi sual olunur ki, görəsən yenicə direktor təsdiq edilmiş Nazim Məmmədov elmin inkişafında hansı xidmətlərinə və hansı qiymətli tədqiqatlarına görə ən yüksək  elmi rütbələrdən birinə layiq görülüb?

Cənab Prezident!

Nazim Məmmədov barəsində yazarkən onun son illər (direktorluqdan qabaq o,  il yarım direktor müavini idi) Fizika İnstitutunda qəsdən yaratdığı idarə-üsulu haqqında susmaq olmur. Maraqlıdır ki, direktorun qəbul günü yoxdur, və onun istəmədiyi adam qəbula gələndə "vaxtım yoxdur” deyə yumşaq desək bağırmağa başlayır. Bir neçə fakt gətirmək istəyirəm:

1)Bir neçə il qabaq  mətbuatda ("Azadlıq” qəzeti, 2011)  Nazim Məmmədovun da adının keçdiyi bir qrant layihəsi haqqında "3.5 milyonluq plagiat” adlı yazı getmişdi. Cavab yazısında  qarşı tərəf yazının əsassız yerə şübhələndikləri təşkilatçısını "elmdə gücsüz” adlandırmışdı. Həmin müxbir üzv Elmi Şurada  adekvat  cavab verdikdə is Nazim Məmmədov onun üstünə hücum cəkmişdir;

 2) İyulun əvvəlində o bir elmlər doktorunu " julikin biri, julik, rədd ol burdan” deyərək direktorun kabinetindən qovmuş və koridora çıxaraq bağırmağa başlamışdır;

 3) O bir dəfə bir otağa daxil olmuş və bir nəfəri vurmaq üçün  külqabını ona atmışdır;

 4) Başqa bir vaxt bir elmlər doktorunu kabinetində qeyri-etik ifadələrlə təhqir etmişdir. Sual oluna bilər ki, Nazim Məmmədovu belə məsuliyyətsiz davranmağa nə vadar edir? Onda cəzasızlığa belə əminlik hardandır? Yəqın ki, onun özünü idarə edə bilməməsi və fikrimcə ən əsası onun himayədarı olan Oktay Ələkbəronun tez-tez sirdaşlarına təkrar etdiyi o ifadə ki, mən Nazim Məmmədovu direktor təyin etmışəm ki, o, bu camaatı şillə-təpiklə idarə etsin. Bax belə! Nə az, nə çox!

 Özündən aşağı saydığı, çəkinmədiyi adamlarla istədiyi kimi davranan Nazim Məmmədov özündən  "böyüklər”  saydıqlarının qarşısında bəzən sarkazm doğuran mükəmməl təzimləri ilə yadda qalır. Görünür burada onun Osaka professorluğu özünü tam çiçəkləndirmişdir.

 Çox maraqlı bir faktı da qeyd etmək istəyirəm. Nədənsə İnstitutda olan müşahidə kameralarının monitorinq mərkəzi Oktay Ələkbərovun otağında yerləşir. Deyəsən, doğrudan da " 1984” uzaqda deyil.

Digər bir təəccüb doğuran fakt ondan ibarətdir ki,  Oktay Ələkbərov bütün məsuliyyət həddini aşaraq, işlərini pis-yaxşı tamamlamış bəzi biçarə aspirantlardan, dissertantlardan tələb edir ki, filan elmi rəhbərinizdən imtina edin ki, mən sizi müdafiəyə buraxım, təsdiqdə probleminiz olmasın və sair.

 Cənab Prezident!

 Xahiş edirəm ki, Fizika İnstitutunun əməkdaşlarının təhlükəsizliyini təmin edəsiniz və fizika-riyaziyyat-texnika elmlərini Oktay Ələkbərovun əsarətindən xilas edəsiniz.

Cənab Prezident!

Fizika üzrə müxbir üzvlüyə təyin edilmişlər arasında Aydın Kazimzadənin işlərinə Thomson Reuters-də  cəmi 111 sitat var, İsmət Nəcəfovun işlərinə isə cəmi 75  sitat olub. Övsət Abdinovun  islərinə isə Thomson Reuters-də 200-ə yaxın sitat olub. Bura onun 3 minlik müəlliflər kollektivi tərkibində  CERN-dəki Kollaborasiya işlərinə sitatlar daxil edilməyib. Çünki elmə Hirş indeksini daxil edən alimin təklifinə əsasən belə hallarda sitatların sayi müəlliflərin sayına bölunməlidir (J.E. Hirsch, An index to quantify an individual’s scientific research output, Proceedings of the National Academy of Sciences of the United States, v.102, N46, pp.16569-16572, 2005) Bundan əlavə Azərbaycan bit tərəfdaş ölkə kimi CERN-dəki Proyektlərdə iştirak üçün hər il böyük vəsait ayırır və orada Ovsət Abdinovdan başqa  daha bir neçə Azərbaycanlı alim  iştirak edir. Bu konteksdə çox maraqlı daha bir məlumat: Seçkilər qabaq

Övsət Abdinov  Dubnadakı Nüvə Mərkəzindəki Səlahiyyəti Nümayəndə postunu uğurla nüvə fizikasında mütəxəssis olmayan  Nazim Məmmədova təhvil vermişdir. Halbuki həmisə həmin nümayəndə  nüvə fiziki olmuşdur. 

Müqayisə üçün deyim ki, mənim işlərimə sitatların sayı  601 olub.Təyin edilmışlərin əksəriyyəti yaşı 75-i çoxdan keçmiş, hətta 80-ı haqlamış şəxslərdir və heç vaxt elmdə xüsusi nailiyyət əldə etməyiblər.

Cənab Prezident!

Həqiqi üzvlərə gəlincə isə,həqiqi uzv təyin edilmış Bahadur Tagıyevin  işlərinə SCOPUS da cəmi 132 sitat (Hirş indeksi-6), Təyyar Cəfərovun işlərinə 165 sitat(Hirş indeksi-7) var; Cavad Abdinovun işlərinə isə sitatlar çox aşağı iki rəqəmli ədədlə ifadə olunur, Hirş indeksindən isə danışmağa belə dəyməz.

Yenə müqayisə üçün xarırladım ki, mənim işlərimə SCOPUS-da 549 sitat var, Hirş indeksim isə 12-dir. Bildirmək istəyirəm ki, göstəricilərim bütün AMEA üzvləri arasında bütün elm sahələri üzrə ən yüksəkdır və istər Azərbaycanda, istərsə də xarıcdə çalışan bütün həmvətənlərimiz arasında belə ən yaxşılarındandır.

Görəsən demək olar ki, konservativ verilənlər bazasında yox dərəcəsində istinadları olan Cavad Abdinov  hansı geniş tədqiqatlarına, hansı elmə gətirdiyi yeni biliklərə görə, hansı tanınmış elmi məktəblərinə görə belə ən yüksək elmi rütbəyə layiq görülüb?  O necə yeni biliklərdir ki, tanınmış data bazalarında Azərbaycan elminə demək olar ki, sitatlar gətirə bilmir. Bu sualı həm də digər iki təyin edilmış akademiklər haqqında səsləndirmək olar.

 Bu konteksdə bir məsələyə də toxunmaq istəyirəm. Son vaxtlar elmi işlərinə citatların sayi yox dərəcəsində olan bəzi alimlərimiz onlarla elmlər namizədi yetişditməklərini qabartmağa çalışır. 40-50 il elmi fəaliyyətlə məşğul olan alim neşə ola bilər ki, 30-40 davamçı yetişdirsin. Belə çıxır ki, 30-40+1 kollektivi uzun illər Azərbaycan elminə sitatlar gətirməyən işlər dərc etdirmışdir. Birdə ki, elmin xususiyyətini yaxşı bilən alim başa düşür kü, bir  alimin bu qədər işlərə rəhbərlik eləməsi fantaziyadır. Bu işlər ən yaxşi halda bir-birindən illərlə köçürmə, kompilyasiya sayəsində yaranmışdır. Azərbaycanda elmı işlərə sitatların az olmasının əsas səbəblərindən biri də budur. Bir də ki, Azərbaycanda hamı bilir ki, bu işlər bir çox hallarda necə və nəyin hesabına yazılır.Görəsən bu alimlərin bu sahədə beynəlxalq təcrübədən heç olmasa xəbəri varmı. Ən tanınmış beynəlxalq səviyyəli alimlər (bəzi istisnalar olmaqla) həyatı boyunca 5-6 davamçı hazırlaya bilirlərsə, bu, böyük uğur sayılır.

 Belə ğörünür ki, PA-nın təyinat siyahısı elmin inkişafına yox, əksinə onun tənəzzülünə yönəlmış  düşünülmüş bir addımdır, çünki bu təyinatlar elmdə ən yüksək rütbələrin layiq olmayanlara verilmiş  hədiyyədir, AMEA-da çalişan onlarla istedadlı alimlərə mesajdır ki, biz elmi nailiyyətləri sivil dünyada qəbul olunan qaydalara görə yox, öz şəxsi istəyimizə görə, bizə sərf edən formada qiymətləndiririk. Heç də təsadüfi deyil ki, AMEA-nın  Thomson Reuters, SCOPUS ilə onların məlumat bazasına girişlə bağlı apardığı danışıqlar illərdir ölü nöqtədən tərpənmək bilmir. EİF-ə ayrılan vəsaitlərin az bir hissəsi kifayətdir ki, bu danışıqlar Azərbaycan alimlərinə bütün dünyada istifadə olunan məlumat bazalarına girişi təmin etsın. Əvəzində EİF ildən-ilə beylnəlxalq qrantlar almayan eyni adamlara  külli miqdarda qrant ayırmaqla məşğuldur.

 Fizika üzrə təyin edilmışlərin siyahısından görünür kü, siyahı sərti olaraq üç güç mərkəzinin konsensusudur: PA, nüfuzlu bir akademiya və  PA HS şöbəsi.

 Cənab Prezident!

 Xahiş edirəm ki, yaranmış vəziyyətdə  seçkilərin  AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq seçkilərin ləğv edilməsi və elm adamları üçün yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz.

 Hörmətlə,

Elman Şahverdiyev

AMEA Fizika İnstitutu

 ****

Mia.az Elman Məhəmməd oğlu Şahverdiyevin tərcümeyi-halını da təqdim edir:

 "Elman Məhəmməd oğlu Şahverdiyev 1958-ci ildə Cəbrayıl rayonunda anadan olub. Moskva Mühəndis-Fizika İnstitutunu bitirib. Moskvada Ümumi Fizika İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1997-ci ildən fizika-riyaziyyat elmləri doktorudur. AMEA Fizika İnstitutunda laboratoriya rəhbəridir və dinamik sistemlərdə xaosun idarə olunması problemləri ilə məşğul olur. Bu istiqamət dünya elmi üçün də nisbətən yenidir (20 il). Elmi biliklərə təsirinə görə xaosun kəşfini kvant  nəzəriyyəsinin yaranması ilə müqayisə edirlər. Elman Şahverdiyev Azərbaycanda müxtəlif elm sahələrinin qovşağında (multidisciplinar)  yerləşən  bu sahənin yaradıcısıdır və beynəlxalq səviyyədə qəbul olunan aparıcı mütəxəssisdir. Science Citation indeks jurnallarında 60-dan yuxarı məqalə dərc etdirib. Demək olar ki, bütün məqalələri ingilis dilli jurnallarda dərc olunub.

Aldığı fundamental nəticələr proqnozlaşdırmada,  informasiya mübadiləsi zamanı məxfiliyin artırılmasında,  kompakt  və daha sürətli kompüterlərin yaradılmasında, sistemlərin fəaliyyətinin optimallaşdırılmasında, epidemik xəstəliklərin yayılmasının qarşısının alınmasında, yüksək sürətli wi-fi sistemlərində, distant security scan məsələlərində  və sair istifadə oluna bilər.

Elmi fəaliyyəti elmimizin dünya elminə inteqrasiyası istiqamətində davam edir. İndiyə qədər on dörd beynəlxalq qrant alıb (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən.).30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlı alimdir.

İşləri haqqında Beynəlxalq mediada  25-ə yaxın populyar məqalələr dərc olunmuşdur. Nüfuzlu "London Press Service” 4 Dekabr, 2001 ci ildə Elman Şahverdiyevin də həmmüəllifi olduğu  məqaləyə aid yazısında bu  məqalədə alınan nəticəni Minilliyin ən mühüm experimentlərindən biri kimi xarakterizə etmişdir. 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent kimi fəaliyyət göstərir. Amerikada dərc olunan -Dynamical and Control Systems (IASR)  Jurnalının Editorlarından biridir.

Məqalələrinə olan sitatların sayı 1000-dən yuxarıdır(scholar.google.com). Ən çox sitatları olan ilk iki məqaləmin hərəsinə 200 -ə yaxın sitat verilib. Hirş indeksi isə 15-dir. Bu göstəricilər Azərbaycan alimləri arasında bütün elm sahələri üzrə ən yaxşılarındandır. 4 Oktyabr, 2012-ci ildə  Thomson Reuters Korporasiyası  Azərbaycan fizikləri arasında Elman Şahverdiyevi  "Fizikada Mükəmməlliyə” diplomu ilə təltif etmişdir. Bu barədə məlumat nüfuzlu Wall Street Jurnalda da dərc olunmuşdur (11 Oktyabr, 2012).

 e-mail:[email protected]"

Mia.az

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR