Azərbaycanda rüşvət alan vəzifəlilərin SİYAHISI

img

17-07-2014 [13:06]


Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 2014-cü ilin I yarımilinə olan hesabatının təqdimatında rüşvət alınması faktları ilə bağlı məlumat verilib.

İdarənin rəisi Kamran Əliyev İdarə tərəfindən 2014-cü ilin I yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib ki, məhkəmələrə göndərilənlərin arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşı barəsində 2 cinayət işi, Əmlak Məsələləri Dövlət Komitəsinin 2 əməkdaşı barəsində 2 cinayət işi, yerli icra hakimiyyətləri orqanlarlarının 2 işçisi barəsində 2 cinayət işi, bələdiyyələrin 3 işçisi barəsində 3 cinayət işi, təhsillə bağlı 10 nəfər barəsində 10 cinayət işi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2 əməkdaşı barəsində 2 cinayət işi, bank və bank olmayan digər kredit təşkilatlarının 8 əməkdaşı barəsində 6 cinayət işi, "Azərenerji" ASC-nin 1 əməkdaşı barəsində 1 cinayət işi, "Azəriqaz" QSC-nin 2 əməkdaşı barəsində 1 cinayət işi, Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Kənd Təsərrüfatı Nazirliyinin 2 əməkdaşı barəsində 1 cinayət işi, ticarət sahəsində çalışan 16 şəxs barəsində 16 cinayət işi, tikinti sektoru üzrə 6 şəxs barəsində 4 cinayət işi, özəl sektorda çalışan 12 şəxs barəsində 12 cinayət işi və digərləri olub.

Qeyd edək ki, 2014-cü ilin I yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsi tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 iş rüşvət vermə, 4 şəxs barəsində 4 iş rüşvət alma, 16 şəxs barəsində 11 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 4 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 53 şəxs barəsində 38 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 25 iş dələduzluq və digər faktlarla əlaqədar olub.


İdarənin rəisi Kamran Əliyev bildirib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 3 cinayət işi başlanıb. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib: "Cinayət işləri Ağcabədi Pedoqoji Kollecinin direktoru Sahib Hüseynovun kollecin tələbəsindən sessiya imtahanlarından müsbət qiymət alması müqabilində 450 manat məbləğində rüşvəti alması, Bakı şəhər Nizami rayonu 117 №-li Mənzil Kommunal İstismar sahəsinin rəisi Bəşir Bəşirovun müvafiq sənədlərin verilməsi müqabilində vətəndaşdan 2 min manat, "Merac Holdinq”in İdarə Heyyətinin sədri Səbuhi Əliyevin zəlzələdən zərər çəkmiş ərazilərdə 204 evin yenidən tikilməsi üçün podrat işlərinin verilməsi müqabilində 20 min manat məbləğində rüşvət almaları və digər faktlarla əlaqədar olub”.

Məhkəmələrə göndərilən cinayət işləri üzrə vurulan 11 milyon 870 min manat ziyandan istintaq müddətində 6 milyon 10 min manat və ya 50,6 %-i ödənilən, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulan tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR