Qudurğan məmur övladları, bahalı maşınlar və şizofreniyalı əsgərlər

06-07-2014 [22:38]

Məmur övladlarına məxsus olan dəbdəbəli evlərin, bahalı maşınların şəkillərini tez-tez görürük. Bu adamlar sosial şəbəkələri özlərinin ailə albomuna çeviriblər. O qədər qudurublar ki, haram yolla qazandıqları var-dövləti sadə insanların gözünə soxmaqdan çəkinmirlər... 

Vəziyyət o həddə çatıb ki, bəzi məmur övladları istədikləri adamı özlərinin bahalı "Ceep"lərinin təkərləri altında əzə bilirlər. Biz bir müddət əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun timsalında bunun şahidi olduq. Vəzifəli şəxslərin övladlarının törətdikləri qanunsuz əməllərə hüquqi qiymət verilmədiyi üçün onlar öz azğın hərəkətlərini davam etdirirlər. Cəzasızlıq mühiti yeni cinayət hadisələrinin törədilməsinə rəvac verir. 


Azərbaycan xalqı bir neçə gün əvvəl Milli Ordu Gününü qeyd etdi. Həmin gün kişilərin əksəriyyəti hərbi xidmətdə olarkən çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə nümayiş etdirdilər. Yaxın dostlarım, jurnalist həmkarlarım da bu kampaniyaya qoşuldular. Amma dünənə kimi bahalı maşınlarının şəkillərini gözümüzə soxan adamların heç biri həmin gün sosial şəbəkələrdə görünmədi. İyunun 26-da sosial şəbəkələrdə fəallıq göstərən adamların böyük əksəriyyətinin nəinki ortabab avtomobili, heç adi velosipedi də yoxdur.

 
Ortaya sual çıxır: məmur övladları Milli Orduda niyə xidmət etmirlər? Yaxud, sualı belə də qoymaq olar: məmur övladlarını Milli Orduda kimlər əvəz edir? 

"Reytinq" qəzeti bu mövzuda maraqlı bir araşdırma aparıb. Rəsmi instansiyaların görmək istəmədiyi ayrı-ayrı faktları yenidən ictimailəşdirməklə bəzi məmurların yatmış vicdanını oyatmağa çalışacağıq. Qəzet yazır: "Psixi problemi olan Nicat Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Göygöl şöbəsindən əsgər göndərilib. Dövlət Sərhəd Xidmətində qulluq edən 18 yaşlı bu gənc iki dəfə özünü doğrayıb. Nəticədə ordudan tərxis olunub. Ümumilikdə, 2012-ci ildə Dövlət Sərhəd Xidmətinə düşmüş 8 əsgər geri qaytarılıb". 

Mətbu orqan SHXÇDX-nin fəaliyyət(sizliy)inə işıq salan başqa faktlar da üzə çıxarıb. Sitat: "SHXÇDX-nin Ağsu şöbəsindən xidmətə göndərilən Pərviz Vilayət oğlu Eldarlı psixi problemi olduğu üçün ordu sırala-rından vaxtından əvvəl buraxılıb. Xidmətin Gədəbəy rayon şöbəsindən 2012-ci ilin iyul ayında hərbi xidmətə aparılan Ruslan İntiqam oğlu Məsimov isə epilepsiya xəstəsi olub və tərxis edilməsi məcburiləşib. Daha bir tərxis edilən əsgər İsmət İlham oğlu Rəşidovdur. O, kəskin şizofreniya xəstəsi olduğu halda, çağırış zamanı SHXÇDX-nin Ağcabədi şöbəsindən orduya göndərilib. Ümumilikdə, 2012-ci ilin aprel və iyul ayları ərzində yüzdən artıq vərəm xəstəsi orduya göndərilib". 

İndi bildinizmi məmur övladlarının niyə əsgər formasında şəkilləri yoxdur? Çünki Milli Orduda onların əvəzinə şizofreniyalı, epilepsiyalı, vərəm xəstəliyindən əziyyət çəkənlər xidmət edirlər...



Digər Xəbərlər

SON XƏBƏRLƏR