Böyük tarixi gün

01-07-2014 [23:28]

Son günlərə kimi Rusiyanın təsir dairəsinə aid edilən üç keçmiş sovet respublikası - Ukrayna, Moldova və Gürcüstan nəhayət ki, iyunun 27-də Brüsseldə Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını və azad ticarət müqaviləsini imzaladılar.

Əvvəlcə Gürcüstan, onun ardınca Moldova və ən nəhayət Ukrayna ilə imzalanan müqavilələrin altına ümumilikdə 31 nəfər rəsmi şəxs imza atdı.
Müqavilə imzalanan ölkənin rəsmi şəxsi ilə yanaşı, müavilələri, həm də Avropa Birliyinə daxil olan 28 öl-kənin dövlət və hökumət başçıları, Avropa Birliyi Şurasının prezidenti Herman Van Pompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo da imzalayıblar.
Müqavilələrin imzalanma mərasimindən sonra Avropa Birliyi Şurasının prezidenti Herman Van Pompey bu günü böyük tarixi gün adlandırıb. Dünyanın ən böyük ittifaqının əsas simalarından və çoxsaylı siyasi hadisələrin iştirakçısı olan sabiq belçikalı bankirin bu ifadəni söz xatirinə söylədiyini düşünmək yanlışlıq olardı.
İyunun 27-də Brüsseldə baş verən hadisəyə ilk rəylər də Herman Van Pompeyin nə qədər haqlı olduğunu göstərir. Nüfuzlu siyasi təhlilçilər bu hadisəni postsovet məkanına nəzarət uğrunda Rusiya ilə Qərb arasımnda gedən amansız mübarizədə birincinin ağır məğlubiyyətinin rəsmiləşdirildiyi gün kimi dəyərləndirirlər.
İyunun 27-də Brüsseldə baş verən hadisəni 10 il əvvəl 8 postsovet ölkəsinin - Çex, Estoniya, Litva, Latviya, Polşa, Slovakiya və Sloveniyanın Avropa Birliyinə üzv olması ilə də müqayisə etmək olar.

Praqadan başlayan yol

Avropa Birliyinin 2009-cu il Praqa sammitində Polşa və İsveçin Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsü rəsmən qəbul edildi.
"Şərq Tərəfdaşlığı" Proqramının qəbul edilməsi ilə postsovet məkanına nəzarət uğrunda Rusiya-Qərb mübarizəsi açıq və sərt müstəviyə keçdi. Belarusun Rusiya ilə hələ 1997-ci ildə bağladığı ittifaqa sadiq qaldığı, Ermənistanın Moskvanın təzyiqlərinə dözməyərək Avroatalantik məkana inteqrasiyadan imtina etdiyi və Azərbaycanın bloklara qoşulmamaq siyasətini qorumağa çalışdığı bir şəraitdə, Qərb bloku kimi Rusiyanın da əsas hədəfi Gürcüstan, Moldova və Ukrayna idi.
Ancaq hamıya aydın idi ki, həm Qərbin, həm də Rusiyanın əsas diqqəti Ukraynaya yönəlib. Doğrudur, Qara dənizə çıxışı olan Gürcüstan və ya Avropada Rumıniya kimi güclü lobbisi olan Moldovaya da maraq az deyildi. Ancaq heç bir mübağiləyə yol vermədən demək olar ki, "Şərq Tərəfdaşlığı"na daxil edilən altı ölkədən beşinin ümumisinin əhəmiyyəti Qərbin və Rusiyanın nəzərində Ukraynanın əhəmiyyətindən az idi.
Avropanın ərazicə ən böyük dövləti olan Ukraynasız Rusiyanın qüdrətli ittifaq yarada bilməyəcəyini Brüssel və Vaşinqtonda yaxşı bildikləri kimi, rəsmi Moskva da bunun fərqində idi.
Doğrudur, "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan ölkələrdən ilk olaraq Gürcüstan Rusiyanın qəzəbinə tuş gəldi. Bu onunla izah edilir ki, Gürcüstan altı ölkə içərisində ən çox Qərbyönümlü siyasət yürüdən respublika olmaqla yanaşı, həm də rəsmi Tiflis açıq anti-Rusiya siyasəti yürüdürdü. Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi dikbaş Gürcüstanı tutduğu yoldan döndərmək və Qərbin göz qoyduğu digər postsovet ölkələrinə dərs vermək niyyəti daşısa da, Moskva istəyinə nail ola bilmədi. Moskvanın gücü yalnız sepa-ratçı Cənubi Osetiya və Abxaziyanı oyuncaq dövlətə çevirməyə çatdı. Ancaq bu, Gürcüstanı yolundan döndərmədiyi kimi, əksər postsovet respublikalarını da qorxutmadı.
Məhz Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən az sonra Moldovada Avrointeqrasiya tərəfdarları ha-kimiyyətə gəldilər və Kişniyov Moskvanın təsirindən uzaqlaşmaq yolu seçdi. Rusiya da öz növbəsində asan təslim olmaq niyyətində deyildi. Moskvanın açıq və gizli təhdidlərinin nəticəsi olaraq Ermənistan Rusiyanın yanında yer aldı. Bunun ardınca Ukraynanın keçmiş hökuməti Vilnüs sammitinə bir neçə gün qalmış Assosiasiya Razılaşası layihəsi üzərində işi dayandırdı və sabiq prezident Viktor Yanukoviç Qərbin bütün cəhdlərinə baxmayaraq, geri çəkilmədi.
Burada bir məqamı da qeyd etmək istərdim ki, Avropa Birliyi Rusiyaya güzəştə gedərək Assosiasiya Ra-zılaşmasının imzalanmasını iki hissəyə böldü. Belə ki, ötən il Vilnüs sammitində Assosiasiya Razılaşması-nın imzalanması hadisəsi deyil, aparaflanaması, yəni ilkin imzanın atılması prosesi baş verdi. Amma Uk-raynadan fərqli olaraq Moldova və Gürcüstan Rusiyanın təhdidlərinə boyun əymədi və Vilnüsdə ilkin imzasını atdı. Ukraynada isə Avrointeqrasiyadan imtina edən Yanukoviç iqtidarına qarşı xalq etirazları başladı və Qərbin güclü dəstəyi bu ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələndi. Hakimiyyətə Avrointe-qarsiya tərəfdarları gəldilər və Ukraynanın yeni baş naziri martın 21-də Assosiasiya Razılaşası ilə bağlı müqavilənin altına ilkin imzanı atdı. Rusiya buna Krımın ilhaqı, Ukraynanın Cənub və Şərq vilayətlərində separtizmi qızışdırmaqla cavab verdi. Ancaq nə Krımın ihaqı, nə də Rusiyanın mümkün hərbi müdaxiləsi Ukraynanın yeni hökumətini yolundan döndərmədi və bununla da Avropa Birliyi Şurasının prezidenti Herman Van Pompeyin 27 iyunu "Böyük tarixi gün" adlandırmasına imkan verən hadisə baş verdi.

Rusiyanın təhdidi, Qərbin cavabı

Rusiya əleyhdarları Brüssel sammitinin yekunlarını bayram etdiyi bir vaxtda əksər təhlilçilər rəsmi Mosk-vanın cavab zərbəsi endirəcəyini düşünürlər. Rusiya Xarici işlər nazirinin müavini Qriqori Karasin Brüssel sammitinin yekunlarını şərh edərkən deyib ki, bu hadisənin ciddi nəticələri olacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Moskvanın öz maraqlarını qorumaq üçün addım-lar atacağını söyləyib.
Karasin və Peskovun xəbərdarlıqları olmadan belə, Qərbdə hamı yaxşı başa düşür ki, Rusiya bu ağır məğlubiyyətlə barışmaq istəməyəcək və hansısa cavab zərbəsi endirəcək. Rusiyanın bu üç respublikaya ağır zərbələr endirmək imkanları isə az deyil.
Birincisi, hər üç ölkə separatizmdən əziyyət çəkir və Rusiya bunu daha da gücləndirə bilər. Moskvanın ilk olaraq məhz bu "silah"dan istifadə edəcəyi ehtimal olunur.
İkincisi, Rusiya bu ölkələrdən idxal etdiyi malların qarşısını kəsmək və bu ölkələrdən olan miqrantları qovmaqla Avrointeqrasiya yolunu seçmiş ölkələrdə sosial partlayış yaratmağa cəhd edə bilər. Gürcüstan istisna olmaqla, Ukrayna və Moldovanın ixracatında Rusiya önəmli yer tutduğundan Kremlin bu kartdan istifadə etməsi mümkündür. Əgər Rusiya buna əl atarsa, bu, Ukrayna ixracının 8 milyard dollar azalmasına səbəb olacaq. Rusiyanın gömrük qadağalarının ən böyük zərbəsinin Ukraynanın yeyinti məhsulları istehsalçılarına dəyəcəyi gözlənilir.
Bu iki təzyiq vasitəsindən başqa Rusiyanın Moldova və Ukraynaya qarşı qaz şantajına əl atmaq imkanları da var. Əslində, Ukrayna Rusiyanın bu şantajına artıq məruz qalıb.
Avrointeqrasiya yolu tutan üç respublikadan yalnız Gürcüstan Azərbaycanın hesabına Rusiyanın qaz şantajlarından qurtulub.
Bu üç təzyiq vasitəsi ilə Rusiya Moldova, Ukrayna və Gürcüstanı öz təsir dairəsinə qaytarmağa cəhd edəcək. Qərb isə buna yol verməmək üçün bu ölkələrdə güclənməyə çalışacaq.
Brüsseldə Assosiasiya Sazişinin imzalanmasından dərhal sonra Avropa Birliyi Rusiyaya xəbərdarlıq edib ki, Ukrayna ilə sərhəddən ordusunu geri çəkməsə və separtçıları qızışdırmaqda davam etsə, ağır sanksi-yalarla üzləşməli olacaq.
Təhlilçilər hesab edirlər ki, Assosiasiya Razılaşmasının imzalanmasından sonra Avropa Birliyi və bütövlükdə Qərb bu üç respublikanı çox güclü müdafiə etməyə çalışacaq. Buna görə də Rusiyanın həmin res-publikaları bir daha öz nüfuz dairəsinə qaytara biləcəyi mümkün görünmür.
Təhlilçilərin fikrincə, Qərbin dəstəyi ilə sürətli siyasi, iqtisadi və hüquqi islahatlar keçirilsə, bu ölkələrdəki anti-Qərb əleyhdarlarının sırası seyrələcək. Müqayisə üçün Polşanı nümunə göstərirlər və bu ölkənin Avropa Birliyinə üzv olduğu ərəfədə Kiyevlə Varşavada həyat səviyyəsinin təxminən eyni olduğunu, in-di isə Varşavanın Kiyevdən çox yüksək səviyyədə olduğuna diqqət çəkirlər. Əgər Kiyev, Tiflis və Kişni-yov Varşavanın yolu ilə getsələr, Qərb postsovet məkanında güclənməkdə və yeni ölkələri öz nüfuz da-irəsinə salmaqda davam edəcək.
Qərbin Rusiya ilə postsovet məkanına nəzarət uğrunda Brüssel qələbəsinin davamını isə payızda - NATO-nun Uelsdə keçiriləcək sammitindən gözləmək olar. Gürcüstanın Şimali Atlantika Alyansı ilə yaxın-laşmasını nəzərdə tutan tədbirlər paketinin də bu sammitdə qəbul olunacağı gözlənilir.
Brüsseldə Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalayan Ukrayna və Moldovanı da Uelsdə xoş sürprizlər gözləyə bilər. NATO-nun Uels sammitində hansı sürprizlərin baş verəcəyi indidən məlum ol-masa da, Brüsseldə baş verənlər çox böyük tarixi hadisədir və bunun təsirini postsovet məkanı tezliklə daha dərindən hiss edəcək.



SON XƏBƏRLƏR