Döyən bəlli, döyülən bəlli - Mətbuat Şurasının üzvü məmurlara səsləndi

img

01-07-2014 [12:08]


Neçə aydır "Yeni Müsavat”ın müxbiri Fərahim İlqaroğlunun məsələsi gündəmi məşğul etməkdədir. Bu gənc və fəal jurnalist, arıqlamaq istəyənlərə "Azər Həsrətin Xəzər TV-dəki "Tərs bucaq” verilişinə baxmağı” tövsiyə edən həmkarımız evinin düz girişində, idmançı olduğu deyilən birisi tərəfindən döyülüb. Bir başqası isə həmin səhnəni müşahidə edib. Döyənlərin bəxti onda gətirməyib ki, Fərahimin maşınındakı video qeydiyyat qurğusu işlək halda olub və olanları sonadək qeydə alıb. Yəni bu olay bir cinayətdir və cinayəti törədənləri tapıb cəzasını vermək üçün hüquq mühafizə orqanlarının çox da əziyyət çəkməsinə gərək qalmır. Elə ona görə də ilk günlər ümid edilirdi ki, həmkarımızı döyən(lər) qısa müddət içində layiq olduqları cəzanı alacaqlar.

Hüquq mühafizə orqanları ilk günlər doğrudan da fəal göründülər. Əldə olan şəkillər və videodan hərəkət edərək jurnalisti döyəni tapdılar. Hələ bir az çevik şəkildə olayı araşdırmağa da başladılar və birdən... məsələ uzandıqca uzandı. Bu gün də bitmir bu məsələ. İndi soruşmaq lazım ki, ortalıqda nə gizli mətləb var ki, döyən bəlli, döyülən bəlli olduğu halda məsələ qapanmır?

 

Bu sualın cavabını, deyəsən, "Yeni Müsavat”ın araşdırmalarında tapırıq. Qəzet iddia edir ki, Fərahimin döyülməsini sifariş edən deputat Elton Məmmədovun oğluymuş. Deputatsa bunu özünə, ailəsinə qarşı böhtan adlandırır. Və iddia edir ki, o və ən yaxınları ziyalı insanlardır, belə əməllərə əl atmazlar. İnanmaq istərdik. Hərçənd ki, bu "ziyalı ailə”nin bir üzvünün nəzarətindəki "nəqliyyat qoçuları”nın az qala hər gün taksi sürücülərini küçələrdə döyməsini, hətta ölümlərə səbəb olmasını görməsəydik.

Burada bir iddia da var ki, olayın araşdırılmasını əngəlləyən bunlarmış. Elə təqsirli bilinən şəxsin cəzasını hələ də almamasının səbəbkarı da bunlardır. Deyilənlərə görə, Fərahimi döymə sifarişini yerinə yetirmiş gənc bunları şantaj edibmiş ki, məni xilas etməsəniz istintaqa sifarişçinin adını deyəcəm. Ona görə də "Fərahimin işi” bu qədər uzanır. Nə vaxt bitəcək? Bəlli deyil. Halbuki adi bir cinayət hadisəsidir, qapı kimi dəlillər göz önündədir, məsələni hüquq müstəvisində qapatmaq üçün Şerlok Holms qabiliyyətinə gərək yoxdur. Nə isə, biz bu olaydan əndişə duyuruq və cinayətkarın cəzasız qalmasını cəmiyyətimiz və dövlətimiz üçün ciddi ayıb sayırıq. Və bu ayıbın səbəbkarı kimi "Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətlə qulluq etdiyini” deyən bir ailənin üzvlərinin adlarının hallanmasını isə heç yaxşı hal saymırıq.

İndi istər-istəməz bu adamlara demək istəyirsən ki, əgər siz doğrudan da Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətlə qulluq edirsinizsə, niyə ölkənin adının qara siyahılara salınmasına səbəb olacaq əməllərə rəvac verirsiniz? Gənc bir jurnalistin adi tənqidlərinə bu qədər aqressiv yanaşanların Azərbaycanı sevdiyinə, onun üçün çalışdığına kimsə məni inandıra bilməz! Bu, öz yerində.

Bir də həmkarımız Zabil Müqabiloğlunun məsələsi var. İmişli Rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Süleyman Bəşirov onu böhtanda suçlayaraq barəsində məhkəməyə müraciət edib. Haqqıdır, bir şey demirik. Amma birisi bu məmura izah etsin ki, belə bir addımla Azərbaycanın adının qara siyahılara düşməsində onun da "zəhməti” olacaq. Necə olur ki, gecə-gündüz barəsində səhifələr dolusu böhtan, şər yazılan Prezident İlham Əliyev bir nəfərə belə güldən ağır söz demir, hansısa 77-ci dərəcəli məmur ömründə bir dəfə barəsində nəsə yazılan kimi məhkəməyə üz tutur? Nədir, özünüzü Prezidentdən daha üstünmü tutdunuz da bunu etdiniz? Sizə kimsə demir ki, haqqınızı aramayın. Arayın. Amma bunun üçün Azərbaycanda Mətbuat Şurası adlı qurum var və buyurun, müraciət edin, əgər iddianız haqlıysa sizdən üzr də istəniləcək, hələ bir təkzib də veriləcək. Nədir bu yerindən duran məhkəməyə üz tutur? Bəs vətəndaş özünüidarəsi, bəs jurnalistlər, mediayla məmurlar arasındakı anlaşılmazlıqları məhkəmədən kənar yolla həll etmək nə olsun? Niyə bu yol varkən dərhal məhkəməyə üz tutursunuz?

Jurnalistləri həbsə atdırmaq istəyənlər arasında bir də Mətanət İsgəndərli adlı bir müğənni var. O da iddia edir ki, barəsində böhtan yazıblar. İttiham edilənlərsə AzNews.az xəbər saytının baş redaktoru Elçin Zahiroğlu və jurnalist İntiqam Valehoğludur. Burda da deyirik ki, hər bir vətəndaş öz hüquqlarından istifadə etməkdə sərbəstdir. Amma yenə də olmazdımı ki, məhkəməyə üz tutmazdan öncə Mətbuat Şurasına müraciət edilsin? Axı bu gün Azərbaycanda AzNews.az da daxil olmaqla ciddi media qurumları qarşı tərəfə də tribuna verir. Elə gərək mütləq məhkəməyə müraciət edib ölkənin adını biabır etməlisiniz? Axı normal insanlar məhkəməyə ən son vasitə kimi müraciət edirlər. Bunu anlamaq o qədərmi çətin məsələdir? Bəs səhnələrdən Vətən, Millət deyə nəğmələr söyləyən siz müğənnilər deyilmisiniz? İndi nə oldu da bu vətənin adını qara siyahılara salacaq məhkəmə davası açırsınız? Görünür, sizin də Vətən sevginiz "ziyalı ailə” olduğunu iddia edənlərin sevgisi növündəndir...

Təkrar Fərahimin məsələsinə dönərək demək istərdim ki, vallah, ən adi bir cinayət işinin istintaqının bu qədər uzanması kənardan heç yaxşı görünmür. Dediyim kimi, döyən bəlli, döyülən bəlli...

Azər HƏSRƏT, Mətbuat Şurası İH üzvü


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR