Şriftin ölçüsü / 908 dəfə oxunub

Səfər Əbiyevin keçmiş silahdaşı danışdı - MÜSAHİBƏ

Eldar Sabiroğlu: "Səfər Əbiyevlə axırıncı dəfə ay yarım əvvəl danışmışam"

25 Aprel 2014 [22:54]

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu "Media forum” saytının suallarını cavablandırıb.

- Hazırda nə işlə məşğul olursunuz?

- Elə bir işim yoxdur, istirahət edirəm. Mən 21 yaşımdan işləyirəm, 36 il iş təcrübəm var. İndi bir qədər dincəlməyə üstünlük verirəm, sonrasına baxarıq.

- İşlə bağlı təklif almısınızmı, yaxud özünüz harasa iş üçün müraciət etmisinizmi?

- Doğrusu, hələlik bir təklif yoxdur. Özüm də harasa müraciət etməmişəm.

- Əvvəllər siyasətlə məşğul olmusunuz, hakim Yeni Azərbaycan Partiyasının üzvü və deputat olmusunuz. Siyasətə qayıtmağınız mümkündürmü?

- Mümkündür.

- Eldar müəllim, yeni müdafiə naziri Zakir Həsənovun gördüyü işləri necə qiymətləndirirsiniz?

- Yeni müdafiə nazirinin fəaliyyətini təqdir edirəm. Hətta ordudan tərxis olunmaq üçün raport yazanda da müdafiə nazirinin gördüyü işlərin müsbət xarakterli olduğunu qeyd etmişdim. O, orduya yeniliklər gətirmək üçün böyük işlər həyata keçirir. Bunu da hamımız görürük. Cənab prezident, hörmətli ali baş komandanımız İlham Əliyev çox layiqli bir kadrı müdafiə naziri təyin edib.

- Müdafiə Nazirliyində birlikdə işlədiyiniz, nazir dəyişəndən sonra işdən çıxarılmış insanlarla görüşüb ordunun indiki durumunu müzakirə edirsinizmi?

- Mənə bununla bağlı çoxlu sual verirlər. Sual verənlərin nəyi öyrənmək istədiklərini də anlayıram. Amma tam səmimiyyətlə deyirəm ki, elə bir əlaqəm yoxdur.

- Keçmiş müdafiə naziri Səfər Əbiyevin Azərbaycandan getdiyi və geri qayıtmadığı haqda məlumatlar yayılıb. Səfər Əbiyevin hazırda harada olduğu barədə məlumatınız varmı?

- Bu barədə heç bir məlumatım yoxdur.

- Səfər Əbiyevlə sonuncu dəfə nə vaxt görüşmüşünüz? Səhhəti necədir? Müdafiə Nazirliyində aparılan dəyişikliklər, özünün nazir olduğu dövrdə orduda yüksək vəzifə tutmuş şəxslərin həbsi haqda nə düşünür, nazir Zakir Həsənovun fəaliyyətini necə qiymətləndirir?

- Sonuncu dəfə təxminən ay yarım əvvəl telefonla danışmışıq. Söhbətimiz bir-iki dəqiqə davam edib, hal-əhval tutmuşuq. Vəssalam, başqa bir söhbətimiz olmayıb.

- Səfər Əbiyevin dövründə Müdafiə Nazirliyində çoxlu qanunsuzluğun olduğu, korrupsiya və rüşvətin kök atdığı haqda məlumatlar yayılırdı, geniş araşdırmalar dərc olunurdu. Onun müdafiə naziri olduğu dövrlə bağlı belə yazılar indi də dərc edilir. Üstəlik, hüquq mühafizə orqanları bir neçə cinayət işi açıb, sayı dəqiq deyilməsə da, onlarla zabit həbs olunub. Bunları necə qiymətləndirirsiniz?

- Mən bu məsələlərə müdaxilə etmək istəmirəm. Ona görə də sizə qəti bir söz deyə bilməyəcəm.

- Eldar müəllim, Azərbaycanda hamının bildiyi, amma barəsində çox az adamın açıq danışdığı bir məsələ var. Ən azı orduda xidmət edənlərin hamısı bilir ki, keçmiş müdafiə naziri Səfər Əbiyevlə hazırda da nazir müavini və Baş Qərargah rəisi olan Nəcməddin Sadıqov arasında böyük intriqa var. Müdafiə Nazirliyinin keçmiş idarə rəisi kimi bu qarşıdurmanın səbəblərini bilirdinizmi? İki general arasında intriqanın kökündə nə dayanırdı? Səfər Əbiyevin işdən çıxarılmasında bu intriqa da rol oynayıbmı? Bu haqda danışmaq istəyərdinizmi?

- Mən bu intriqalar barədə araşdırma aparmamışam. Ona görə də qəti bir söz deyə bilmərəm.

- Səfər Əbiyevin müdafiə naziri kimi fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə, general-polkovnik Əbiyev orduya necə rəhbərlik edirdi?

- Ulu öndərimiz Heydər Əliyev və möhtərəm prezidentimiz İlham Əliyev ona iki dəfə etimad göstərib. O da etimada uyğun olaraq fəaliyyətini davam etdirib.

- Hərbi-Dəniz Qüvvələrinin keçmiş komandanı vitse-admiral Şahin Sultanov həbs olunub. Bunu necə qiymətləndirirsiniz?

- Şahin Sultanovun həbs olunması xəbərini mətbuatdan oxumuşam. Mən bundan əlavə nə deyə bilərəm? Hüquq mühafizə orqanları istintaq aparır, onlar bir nəticəyə gəlməlidir. Hesab edirəm ki, bura əlavə müdaxilə qeyri-qanunidir. Mənim hər hansı söz söyləməyim doğru olmazdı.

- Bəzi ekspertlər hesab edirlər ki, Şahin Sultanovun həbsi Səfər Əbiyevin həbsinə hazırlıq xarakteri daşıyır. Çünki Sultanov Əbiyevin ən yaxın adamlarından olub, onun əmrlərini icra edib. Səfər Əbiyevin həbsini real sayırsınızmı? Sizcə, Səfər Əbiyev nazir postunda olanda sonradan həbsinə səbəb olası qanunsuzluğa yol veribmi?

- Siz bu sualı ünvana yönəltmirsiniz. Mən kimin yarıtmaz fəaliyyət göstərdiyi, kimin həbs olunacağı barədə məlumata malik deyiləm. Ona görə də qəti bir fikir söyləyə bilmərəm. Bu məsələlər hüququn predmetidir. Yəqin ki, bütün hallar təhlil olunacaq və ictimaiyyət kimin nə dərəcədə məsuliyyət daşıdığı barədə məlumat alacaq. Hər şey zamana bağlıdır.


SON XƏBƏRLƏR