Aynar Məmmədovun maşını əlindən alınsın, Qələbə zəfər çalsın

img

25-04-2014 [12:31]





Eldəniz Elgün

Ermənistan və erməni lobbisi günlərdi ki, erməni "soyqırım”ını dünya ilə bir edib. Bütövlükdə Azərbaycan isə Aynar Məmmədovun maşının sürətini ölçməklə məşğuldur. Sanki sürət 240-ı keçəndə Məmmədovlar erməni "soyqırım”ını tanımış olurlar. 

Dünya Rusiyanın işğalını, Krımdan sonra Azərbaycanın hədəf olacağını dartışır. Azərbaycanda isə böyükdən kiçiyə hamı Aynarın maşının nömrəsinin sonunun 100-lə bitdiyini sübut etməyə çalışır. Sanki bu təsdiq olunarsa Məmmədovlar Rusiyaya dəstək verərək Dağlı Qarabağı bir də işğal etmiş olacaqlar. Bu gün həyacan təbili çalınır ki, yüzlərlə azərbaycanlı Suriyada döyüşlərə qatılır və orda potensial terrorçular yetişir, qeyri-ənənəvi təriqətlər Azərbaycanı az qala hədəfə çeviriblər. 

Amma sosial şəbəkələrdən tutmuş, siyasi kluarlara qədər hər yerdə bütün güc səfərbər olunub ki, Aynarın yüzminlərlə manat dəyərində maşın sürdüyünü təsdiqləsinlər. Sanki bu təsdiq olunarsa Bəşər Əsədə Məmmədovların dəstək verdiyi, Suriyada vətəndaş müharibəsinə nəzarət etdikləri təsdiqlənəcək. Və... anladığım budur ki, kim yuxudan tez oyanıb bu millətin qulağına pıçıldasa ki, "Aynar Məmmədov vətən xainidir”- hamı Aynarı huydu-huyduya götürüb ölkədən qovmağa çalışacaq. Və ya kim yuxudan tez oyanıb bu millətin qulağına pıçıldasa ki, "Aynar qəhrəmandı”, hamı mitinq keçirəcək ki, Aynar maşını 260-la sürsün. Bax buna deyirlər kütlə psixologiyası. Belə yerdə Cem Karacanın bir mahnısı yadıma düşdü "Mindik bir aləmətə, Gediyoruz kiyamətə”. Bu yazı ilə Aynar Məmmədovu və ya başqa kimsəni dəstəkləmək niyyətim yoxdur və həqiqətən yüksək sürətli maşınlardan xoşum gəlmir. Amma burda söhbət maşının yüksək sürətindən yox, hansısa siyasət üçün gənclərdən istifadə etməyin sürətindən gedir. Prezident İlham Əliyev son müşavirələrində haqlı olaraq bəyan etdi ki, harınlaşma, insanlarla pis rəftar etmə halları baş verir və bunun qarşısını alacaq. Və bu xətt ümumilli lider Heydər Əliyev zamanında da davam edirdi və toylarda pulların yerə səpilməsi, harınlaşma kimi hallara görə hətta Heydər Əliyev məmurlara bir müddət toy qadağası da qoymuşdu. Ona görə ki, cəmiyyətdə hədlər aşılmasın. 

Bu gün də Prezident İlham Əliyev bu həddin aşılmasına qarşı sərt bəyanatlar verdi və addımlar atdı. Amma... hər şeydən anındaca istifadə etməyə alüdəçiliyimizdən bütün problemlər yığılıb yükləndi Aynar Məmmədovun maşının spidometrinə. Və bəzən adama elə gəlir ki, Aynarı maşınsız qoysaq Azərbaycanda bir dənə də olsa problem qalmayacaq. Bəlkə bunu sınaqdan keçirəyin? Aynarın maşını əlindən alınsın, zəfərdə qələbə çalsın... 


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub