Səlim Müslümov: "Nazirin gözünün qarşısında belədirsə..."

img

24-04-2014 [12:02]


28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar aprelin 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi" mövzusunda konfrans keçirilib.

Konfransı açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına əsasən, dünyada hər il istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verdiyini deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda da son illərin göstəricilərinə əsasən, istehsalatda hər il 250-yə qədər bədbəxt hadisə baş verib. Bu hadisələr nəticəsində 80-a yaxın insan dünyasını dəyişib.

Onun sözlərinə görə, təkcə cari ilin birinci rübündə həyata keçirilən dövlət nəzarəti zamanı əmək qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub.

Nazir qeyd edib ki, oturduğu bina üzbəüz bina tikilir. "Bir gün baxdım fəhlələr formalarını geyir, dəbilqə taxırlar. İkinci gün isə heç bir şey yoxdur. Üçüncü gün kəmərləri var idi, dördüncü gün o da yox idi. Buna görə də mən dərhal tapşırıq verdim ki, iş dayandırılsın və göstəriş verilsin. Nazirin gözünün qarşısında belədirsə, indi görün başqa yerlərdə vəziyyət necədir".

"Əsas məqsəd ondan ibarətdir ki, işəgötürənlərdə əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi insanların əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissi artırılsın. Bununla yanaşı, işəgötürənlər arasında müvafiq məlumatlandırma işləri də aparılır. Onlarla birgə tədbirlər keçirilir və qanunvericiliyin tələbləri onlara izah olunur".

Digər xəbərlər
SON XƏBƏRLƏR