Ziya Məmmədov qardaşıoğlunun söhbətinə qarışdı

img

24-04-2014 [11:18]


Son vaxtlar Azərbaycan mətbuatında məmur övladlarının "avtoş”luğu, dəbdəbəli həyat tərzi, digər harın hərəkətləri ilə bağlı müntəzəm olaraq yazılar dərc olunmaqdadır. Bu sırada daha çox haqqında sərt yazılar yayımlanan Nəqliyyat naziri Ziya Məmmədovun özünün və qardaşı, millət vəkili Elton Məmmədovun övladlarının adları hallanır. Son bir neçə gündə isə onlarla bağlı yazılar daha da kəskinləşib. Həmin yazılardan bir neçəsi jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi virtualaz.org saytında dərc olunub.

Bu ittihamlara Elton Məmmədov tərəfindən kəskin cavablar verilsə də, vurulan tərəf bununla kifayətlənməyib. Belə ki, Ziya Məmmədovun maliyyəsi ilə yeni yaradılacaq Media Holdinqin tərkibində olan və artıq bir neçə aydır ki, fəaliyyət göstərən interpress.az saytı Eynulla Fətullayevi ünvanına sərt ittihamların yer aldığı yazı yerləşdirib. Maraq üçün deyək ki, bu sayta rəhbərliyi Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı həyata keçirir. O isə Ziya Məmmədovun qardaşının kürəkənidir.

Yeri gəlmişkən, bu saytda Ziya Məmmədovun rəqiblərinə qarşı son vaxtlar yayımlanan yazılar diqqət çəkir. Məsələn, "Qarant Holdinq”ə daxil olan həm bu, həm də digər saytlarda bir neçə gün əvvəl Kəmaləddin Heydərov, oğlu Tale Heydərov və onlara yaxın olan şəxslər hədəfə alınıb.

"Qafqazinfo” sözügedən saytda Eynulla Fətullayevi hədəfə alan yazını təqdim edir:

"Xəbər verdiyimiz kimi, "Ayna", "Zerkalo" qəzetinin Türkiyə nümayəndəsi Rauf Mirqədirov ötən həftə Türkiyədən deportasiya edilib.

Jurnalist deportasiya olunub vətənə qayıtdığı zaman onu MTN-nin əməkdaşları qarşıladı. Baş Prokurorluqdan verilən məlumata görə, Rauf Mirqədirov haqqında Cinayət Məcəlləsinin 274-cü maddəsi - Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə maddəsi ilə cinayət işi açılıb.

Xəbərdə daha sonra deyilir ki, Rauf Mirəqdirov müxtəlif illərdə Ermənistanda görüşlər keçirib. Bu görüşlər haqda isə nə Türkiyə, nə də ki, Azərbaycan tərəfinin xəbəri olmayıb. Rauf Mirqədirov təyyarə ilə İrəvana Türkiyədən yox, Gürcüstandan uçub.

Qeyd edək ki, Rauf Mirqədirov Ermənistana gedən ilk azərbaycanlı jurnalist deyil. İrəvana ilk səfər edən azərbaycanlı jurnalist Seymur Baycan olub ki, bu səfər də böyük ajiotaj və təhqirlə qarşılanıb. Seymur Baycanın gedişindən öncə media səfərlə bağlı məlumatlandırılıb.

Ermənistana gedən digər jurnalist Eynulla Fətullayevin 2011-ci il səfəri isə səssiz-səmirsiz "yola verilib". Belə ki, səfər haqda media yalnız bir neçə il sonra xəbər tutub. Xəbəri mediaya ötürən qaynaqlar bildirir ki, Eynulla Fətullayev səfər zamanı Ermənistanda Artem Erkunyan, Anetta Babayan, Yufsimik Babacan və Kara Ohanyanla görüşüb. Görüşün məqsədi mediaya məlum olmasa da, mənbə bildirir ki, Eynulla Fətullayev həbsdən cəmi bir ay sonra Ermənistana gedib. Səfərdən sonra isə Eynulla Fətullayev qiyməti təxminə 40 min AZN olan "Hyundai" markalı avtomobil alıb. Qeyd edək ki, həmin vaxt Eynulla Fətullayev həbsdən yeni çıxmışdı və heç bir yerdə çalışmırdı.

Mənbə bildirir ki, Ermənistan vətəndaşları ilə görüş yerli jurnalistlərə sonradan "baha başa gəlir". İnterpress.az-a daxil olan məlumata görə, bu görüşlərdən birinin müəllifi olan Eynulla Fətullayevin də yaxın zamanlarda həbs olunacağı ehtimal edilir.

E.Fətullayevin də mövqeyini öyrənməyə hazırıq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR