Pərviz Həşimli: “Məhkəmədəki çıxışlarıma görə mənə MTN-də təzyiqlər edilir”

img

17-04-2014 [14:28]


Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə "Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, hüquq müdafiəçisi Pərviz Həşimlinin və onunla birgə təqsirləndirilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə çıxış edən Pərviz Həşimli bildirib ki, ona MTN-də təyiqlər daha da artıb: "Keçən dəfəki məhkəmə prosesindən sonra mənə MTN-də edilən təzyiqlər daha artdı. Mən məhkəmədə çıxışım zamanı onları tənqid etdiyim üçün mənə zülm edirlər. Gəzintiyə çıxmağıma icazə vermirlər. Müxtəlif bəhanələrlə mənə təzyiqlər edirlər. Bəzən deyirlər ki, nəyə görə kitablar stolun üstünə düzgün qoyulmayıb. Mənə buna görə əziyyət edirlər. Haqqımı tələb edəndə isə haqqımda akt yazırlar ki, mən guya onlara nəsə müqavimət göstərmişəm, qanuni pozmuşam”.

Hakim Novruz Kərimov: - Biz burada MTN əməkdaşı görməmişik. Onlar prosesdə baş verənləri hardan bilsinlər? MTN-də olan nizam-intizama onlar özləri nəzarət edir. Kitabın harada və necə qoyulması onların işidir. Biz buna qarışa bilmərik.
P.Həşimli: - Qəzetlərdən oxuyurlar. Mənim çıxışlarımda özlərinə sərf etməyən yazılar görəndə təzyiqləri artırırlar.

Xatırladaq ki, P. Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb.

P. Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini "vicdan məhbusu” kimi tanıyıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR