Hakimin “Azpetrol” sürücüsünü döyməsi videosu gizlədilir

img

16-04-2014 [16:35]


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevin həbs etdirdiyi "Azpetrol” Şirəktlər Qrupunun sürücüsü İlqar Paşayevin ailə üzvləri danışıb.
İlqar Paşayevin qardaşı Sirac Paşayev bizimyol.info-ya deyib ki, qardaşı 4 ildən çoxdur ki, "Azpetrol”da çalışıb. Bu illər ərzində iş yerində kimsə ondan narazı qalmayıb: "Rauf Əliyev hakim, oğlu da polisdir. Mənim qardaşım sadə sürücü. Əlbəttə olayı onun üzərinə yönləndirəcəkdilər, həqiqəti deyib, insanların həyatında önəmli qərarlar qəbul edən hakimin adam döydüyünü deyəsi deyildilər ki...”.
S.Paşayev olayın bu ilin martında baş verdiyini də bildirib: "Ayda da cəmi bircə gün istirahət günü var. Martın 20-də də bayrama görə evinə gedərkən baş verib olay. Bütün hadisənin görüntüsü var. Vəkilimiz kamera görüntülərinə baxaraq bizə bunları danışıb ki, qardaşım Binəqədi "QAİ”sinə çatmamış, "Bakı Poladtökmə” zavodunun qarşısındakı işıqforda dayanıb. Bu zaman bir "NİVA” markalı avtomobil onun qarşısına keçib. Qəza vəziyyətində dayanıblar. Bir-birinə nə isə deyiblər. Qardaşım məhəl qoymadan keçib gedib. İkinci işıqforda "NİVA” yenə qoşa xətdən keçərək qardaşımın avtomobilinin qarşısa keçib, dayanıb. Yenə əlini çxarıb başlayıb söyməyə. İnanın qardaşımdır deyə tərəfinə keçmirəm. Öldürsəydi heç vaxt arxasınca getməzdim. Fikirləşərdim ki, öldürüb də artıq əlimi üzüm ondan. Bundan sonra onun balaları haqqında düşünüm ki, onlara necə baxacağam. Amma yox, vəkil nə deyib onu da deyirəm. Qardaşımın burada yeganə səhvi şirkət maşınını tərk edib enməsidir. Maşından düşüb ki, "ay kişi məni tanıyırsanmı, niyə mənə söyürsən?" Bu zaman NİVA-nın sürücüsü qardaşımın qulağının dibinə bir sillə vurub. Söyüş, üstəgəl əl qaldırıb. Qardaşım da özünün müdafiə edib. Yolun ortasında əlbəyaxa olublar. Qardaşımın 3 iş yoldaşı da orada imiş. Bunları ayırıblar. Qardaşımgili aparıblar 4-cü polis bölməsinə. Bu zaman NİVA-nın sürücüsü oğluna zəng edib. Oğlu da 7-ci polis bölməsinin polis rəisinin müavinidir. Oğlu 3-4 nəfərlə gəlib qardaşımı 7-ci polis bölməsinin ərazisindən götürüb aparıb”.
İ.Paşayevin bölmədə olan iş yoldaşları deyiblər ki, hadisə gözlərinin önündə olub. 3-4 nəfər mülki geyimli gəlib İlqarı maşına mindirib aparıblar: "Qardaşımın iş yoldaşları onları ayırmaq istəyib. Adamlara yaxınlaşanda görüblər ki, hər birinin belində tapançaları var. Ona görə çəkilib durublar kənarda. İlqarı tutub, döyə-döyə maşına basıb aparıblar. Dişinı qırıb, ağzını partladıblar. Bunu heç ekspertizaya filana da verməyiblər. Bütün gecəni qardaşımı döyüblər. Sizcə bu qədər özbaşınalıq olarmı?”
S.Paşayev deyib ki, ilk başda nə olub-keçməsindən asılı olmayaraq barışıq etmək niyyətində olublar. Hətta anası Rauf Əliyevin qəbuluna da gedib. Ancaq sonradan iş başqa məcraya yönəlib: "Hələ saf kimi onlarla barışıq etmək niyyətindəydik. İlk başda vəkil də tutmadıq. Anam rayondan gəldi ki, gedib Rauf Əliyevlə görüşüb, danışacaq. Özü də xəstə insandı, bu xəbəri eşidəndən isə şəkəri lap yüksəyə qalxıb. Yazıq qadın gəldi, getdi Raufun yanına ki, "bəs, nə olub-olub, keçib. Xahiş edirəm oğlumu məhkəməyə verməyin. Sizin əliniz hər yerə uzanır. Yazıqdı balam, 3 azyaşlı övladı var, tutub basarlar içəriyə. Etməyin-eləməyin". Raufun polis oğlu utanmadan anama deyib ki, "oğlunu bir gün səhərəcən əllərimlə döymüşəm. Ağzını, burnunu qanatmışam". Bu sözləri hansı ana götürər? Yazıq qadın ürəyi ağrıya-ağrıya hələ bir də deyib ki, "eybi yox, ay oğul, döymüsən, döymüsən də. Yəqin əsəbi olmusan. Barışın". Oğlan bildirib ki, məhkəməyə nə özü, nə də atası getməyəcəklər. Ancaq nümayəndələri məhkəmədə iştirak edəcək. Ona tapşırarlar şikayətçi olmadıqlarını söyləsin. Dünən də gedib məhkəmənin qərarını almışam. Yazılıb ki, İlqar Paşayev orta təhsilli, evlidir. Əvvəllər məhkum olub, soyuq silahla hücum edib və s. Anladım ki, işi başqa məcraya yönəldirlər. Odur ki, biz də məsələni belə qoymaq niyyətində deyilik. Faktiki videogörüntü var, ancaq üzə çıxarmırlar. Bizim vəkilimiz də deyir ki, görüntüləri görüb. Və həmin görüntüdə avtomobildən düşərkən ilk əl qaldıran Rauf olub. Bunu üzə çıxarırlarmı?”
Qeyd edək ki, martın 20-də Rəsulzadə-Novxanı şossesində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə "Azpetrol” Şirkətlər Qrupunun sürücüsü İlqar Paşayev arasında yaranan mübahisə sonradan dava-dalaşa çevrilib. Nəticədə hadisə yerinə bir qrup polis əməkdaşları gəlib, sürücü həbs edilib.
İ.Paşayev barəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Yada salaq ki, İ.Paşayevin vəkili Səyyad Məmmədov "Yeni Müsavat”a müvəkkilinin günahsız olduğunu söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR