Tanınmış rejissor «nur camaatı»nın imamı rolunda - ARAŞDIRMA

img

16-04-2014 [12:07]


Cəmiyyət arasında «Nur» camaatının dərin kök atmasını bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının Yasamal rayonu ərazisində keçirdiyi əməliyyat da təsdiqlədi. İndi bir həqiqət ortadadır: nurçular təkcə siyasi elitada, parlamentdə deyil. Onlara hər yerdə rast gəlmək olar. Xüsusən, əhalinin aztəminatlı, dolanışıq səviyyəsi aşağı olan kəsimində nurçuluğun təbliği üçün daha münbit şərait var. Mövzunun maliyyə qaynağı olan biznes sahəsinə və daha az gəlirli əhali təbəqəsinə yönəlməsi məlumatlı mənbələrə əsaslanır. Mədəniyyət və incəsənət sahəsində çalışanların sırasında nurçuluğun tərəfdarları və təəssübkeşlərinin son illərdə formalaşdığı barədə məlumatlar yenilik deyil. Bu ziyalı təbəqənin gəlirlərinin aşağı olması, dolanışıqlarını təmin etmək üçün digər gəlir mənbələri axtarmaları da təbiidir. Belə gəlir qaynaqlarından biri də şəbəkə biznesidir.

Azərbaycanda ən böyük maliyyə şəbəkəsi sayılan «LNS» şirkətinin fəal təbliğatçısı və ideya qaynağı kimi tanınmış rejissor Ağalar İdrisoğlunun çıxış etməsi təsadüfdürmü? Araşdırmalar göstərir ki, bu, heç də belə deyil. Cəmi 2 il əvvəl Gənc Tamaşaçılar Teatrının baş rejissoru Xalq Artisiti, «Şöhrət» ordenli Cənnət Səlimovaya mətbuatda total kampaniyanı xatırlatmaq yerinə düşər. 1960-cı illərdən Azərbaycan teatrının inkişafına töhfə verən C.Səlimova birdən-birə teatrın inkişafına maneə olan, gənc rejissorların qabağını kəsən «mənfur bir quvvə» kimi təqdim olundu. «Anti-Səlimovaçılar»ın ən fəal üzvü və ideya istiqamətvericisi həmin teatrın rejissoru Ağalar İdrisoğlu idi. A.İdrisoğlu ANS TV-də müsahibəsində (2012-ci ilin yanvar ayı) «Cənnət Səlimova baş rejissor vəzifəsindən çıxarılmalıdır» deyə, qəti hökm vermişdi. C.Səlimova Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə işə təyin olunmasına, bir sıra fəxri fərmanlar və titullar, «Xalq Artisiti» və «Şöhrət» ordeni qazanmasına baxmayaraq, həmin vaxta qədər «qızıl dərviş»dən başqa titul qazanmamış A.İdrisoğlu «C.Səlimova çıxarılmalıdır» deyirdi.

İndi C.Səlimovanın üzərinə hücumlar olduğu dövrdə verdiyi müsahibəsindən bir fikrinə (əslində şifrəli mesajına) diqqət edək: «…Mən dinçi deyiləm. Din adamlarını özümə böyük seçməmişəm!..». Bəli, C.Səlimova din adamlarını özünə böyük seçməmişdi, xidmət etdiyi dövləti və xalqı özünə böyük bilirdi… Yəqin, elə buna görə də «din adamlarını özünə böyük qəbul etmiş nur camaatı»nın teatrda özünə yer etməsinə, fəallaşmasına imkan vermirdi. Buna görə də total hücumlara məruz qalmışdı…   

Nəhayət, ünvanına deyilən ittihamları qəbul etməyən C.Səlimova 2012-nin yeni teatr mövsumündən artıq baş rejissor deyil. Gənc Tamaşaçılar Teatrının bütün problemləri həll olundumu?!. Bunu teatrşünaslar bilər…

Ancaq bilinən odur ki, ondan sonra A.İdrisoğlunun problemləri «həll olunmağa» başladı. 2013-cü ilin iyununda – 60 yaşından sonra, «Əməkdar mədəniyyət işçisi» fəxri adını aldı. Bu, həmin vaxt idi ki, A.İdrisoğlu elektron ticarət adı ilə Bakıda özünə böyük biznes şəbəkəsi qurmağa müvəffəq olmuşdu. İşlədiyi, tanıdığı teatrların işçiləri, mədəniyyət adamlarını topladığı bu biznes şəbəkəsində vaxtilə C.Səlimovaya hücum edənlər də vardı. …İndi mətbuata iş adamı kimi müsahibə verən «LNS» MMC-nin mütəxəssisi A.İdrisoğlu (A.Mehdiyev) deyir: «Elektron ticarət dövlətin vətəndaşlarının sosial durumunun yaxşılaşdırılmasına yardım edən bir amildir. Bu ticarət insanların rahatlığına zəmin yaradır və elektron biznesin Azərbaycanda istifadə olunması Azərbaycana böyük gəlir gətirə bilər. Bu gəlir də dediyim kimi Azərbaycan əhalisinin sosial durumunun yaxşılaşması deməkdir... Millətin yaxşı yaşaması üçün Azərbaycan prezidenti cənab İlham Əliyev bütün gücünü sərf edir. Cənab prezident bu gün çalışır ki, Azərbaycanda işsizlik problemi aradan qaldırılsın, insanlar rahat yaşasın. E-ticarət də insanların rahat yaşaması üçün bir amildir” (olaylar.az). Eynilə, mətbuatdan artıq bəlli olan «nur deputatları»nın Azərbaycanda fəal sosial şəbəkə istifadəçilərinin sayının 50 minə çatdırılması, daha böyük «nur ideoloqu» tərəfindən cəmi bir neçə ay əvvələdək Faceebok, Tvitter kimi şəbəkələrdə gənclərin aktivləşməsinin təbliğ olunması kimi səslənmirmi? Məgər cənab prezidentin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə apardığı iş əhalinin sosial durumunun yaxşılaşmasına, millətin yaxşı yaşamasına yetmirmi ki, A.İdrisoğlunun mütəxəssisi olduğu «LNS» MMC-nin fəaliyyəti ilə bu məsələlər öz həllini tapacaq?

 «LNS» MMC barədə kiçik bir araşdırma nələrdən xəbər verir? Ötən il prezident seçkiləri ərəfəsində yaranan və sürətlə ətrafında şəbəkə quran bu şirkətin dövriyyəsi yüz minlərlə qiymətləndirilir. Vergi orqanlarının bu şirkətin fəaliyyətinə diqqət yetirməməsini isə şirkət rəhbərliyinin «yuxarılara bağlı olması» ilə izah edənlər var. İlkin kapital qoyuluşu 125 ABŞ dolları olan bu şirkətə üzv olanlara qısa müddət ərzində milyonçu olmaq vəd edilir. Bu arada mətbuatda nurçıların son prezident seçkiləri ərəfəsində həm siyasi, həm də maliyyə sahəsində təşkilatlanması, hətta, hakimiyyətin üst təpəsinə hazırlıq görməsi barədə yayılanları da xatırladaq. «LNS» MMC-nin yarandığı dövrdə A.İdrisoğlunun yaxın ətrafında onun «Prezidentin vəkili», Administrasiyada «dostları» olan şəxs kimi təqdim olunması da mətbuatda gedən məlumatlardandır. Artıq «Şöhrət» ordenli C.Səlimovanı vəzifədən çıxartdıran A.Mehdiyevin «yuxarılara bağlı» olmasına inananları da qınamaq olmazdı.

Barəsində heç bir rəsmi məlumat verilməyən «LNS» ilkin kapital kimi 125 ABŞ dolları qoyan şəxsləri şəbəkəyə cəlb etməklə, minlərlə insanı tipik maliyyə piramidasında birləşdirən mütəşəkkil bir qurumdur. Təbliğatçıları sırasında A.İdrisoğlu ən tanınmış simadır. Hüseyn Nəsibov adlı «piramida ustası» isə A.İdrisoğlunun yetişdirdiyi gənc liderlərdəndir. «Arxası Administrasiyaya söykənən» rejissorun quruluşunda baş rolun ifaçısı – şirkətin rəhbəri şəbəkədən gizlin saxlanılır. Guya, İtalyan biznesmenlərinin Azərbaycanda nümayəndəsi kimi təqdim edilən Anarın «Prezidentlə şəxsən tanış olduğu»na dair mif yaradılıb. Məlumatlı mənbələr isə Anar adlı şəxsin Türkiyə ilə əlaqələri olan iş adamı olduğunu bilirlər. Nərimanov rayonu ərazisində ofis quran LNS şəbəkə üzvlərinin əsas toplaşdığı yer «Nur Çay Evi», «Park», «Aura» restoranlarıdır. LNS-ə cəlb edilənlər, əsasən, işsiz gənclər, tələbələrdir. Dini mövzular, «halallıq prinsipləri» LNS idarəçilərinin, piramida liderlərinin vacib tələbləridir. İbadət etməyənlərin şəbəkəyə qoşulması müşkül məsələdir, ancaq keçilməz maneə deyil. Artıq Bakıda formalaşmış şəbəkənin Sumqayıt ofisi bilavasitə A.İdrisoğlunun təşəbbüsü və rəhbərliyi ilə açılıb. Sumqayıtdan şimal bölgəsinə yayılan «125 dollarla milyonçu ol» devizi ilə artıq burada da şəbəkə genişlənib. Üzvlüyə qoşulmada siyasi mənsubiyyətə fikir verilməsə də Sumqayıtda işsiz müxalifətçilər arasında daha populyardır. Ən vacib məqam isə «LNS»çilərin monolit birliyi, A.İdrisoğlunun hər əmrinə, göstərişlərinə, təbliğatına sözsüz uymalarıdır. İstənilən anda yüzlərlə şəxsin bir yerə toplaşması və «yuxarıdan» gələn tapşırıqla hərəkətə hazır olmalarına şübhə yoxdur. Sıravi şəbəkə üzvlərinin məqsədi yalnız dolanışıq üçün pul qazanmaq olsa da, baş mütəxəssisin maraqlarının daha uzaqgedən olduğu deyilir. Təbii ki, 125 dollarla milyonçu olmaq mümkün deyil. «Baş mütəxəssis»in məqsədi isə məhz milyonçu ola bilməyən narazı gəncliyi «nur camaatı» içərisində aktivləşdirməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR